Türkiyədə yaşayan 17 yaşlı Ömər Faruk Çaylak Azərbaycanda yaşayan keçmiş sinif yoldaşları və onların yaxınları tərəfindən təxminən iki ildir sosial şəbəkələrdə və mesajlaşma platformalarında təhqir, böhtan və sistemli onlayn təqibə məruz qaldığını bildirir.
Zərərçəkən məsələ ilə bağlı Qıy Vaar! ilə əlaqə saxlayaraq, hazırda təhlükəsizliyi haqda narahat olduğunu və təqiblərin onun şərəf və ləyaqətinə toxunduğunu deyib.
Onun sözlərinə görə, müxtəlif sosial media platformalarında və mesajlaşma proqramlarında ona qarşı təhqiramiz ifadələr işlədilib, telefon nömrəsi yayılıb və istəyi xaricində müxtəlif qruplara əlavə olunub. Ömər həmçinin bəzi şəxslərin valideynlərinin ona zəng etdiyini, əsassız ittihamlar səsləndirdiyini və haqqında həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildirir. Onun iddiasına görə, yazmadığı mesajlar da onun adına çıxılıb, insanlara saxta tanışlıq mesajları yazılıb və həmin qrup tərəfindən yazışmaların müəllifinin o olduğunu iddia edilib.
Ailə üzvləri də təhqirlərə məruz qalıb
Ömər bildirir ki, ona qarşı istifadə edilən ifadələr yalnız şəxsi təhqirlərlə məhdudlaşmayıb. Onun ailə üzvləri haqqında da ağır, alçaldıcı və seksual məzmunlu ifadələr işlədiblər. O, bu davranışların həm özünə, həm də ailə üzvlərinə mənəvi zərər vurduğunu və uzun müddət ərzində ciddi psixoloji narahatlıq yaratdığını deyir.
Çaylakın sözlərinə görə, hadisə ilə bağlı ekran görüntüləri, yazışmalar, səsli mesajlar və digər materiallar saxlanılır və aidiyyəti qurumlara artıq təqdim edib.
Məktəb rəhbərliyinə də müraciət edilib
O, məsələ ilə bağlı daha əvvəl də şagirdi olduğu Astara şəhər 2 saylı tam orta məktəbin direktoru Yaqub Ağayevaya da müraciət edib. Çaylak deyir ki, ona məsələnin məktəb rəhbərliyinin səlahiyyətinə aid olmadığı bildirilib və heç bir tədbir görülməyib.
Hazırda Türkiyədə yaşayan Çaylak məsələ ilə bağlı Türkiyə hüquq-mühafizə orqanlarına və Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyinə də müraciət etdiyini bildirir.
O, müraciətində məsələ ilə bağlı araşdırma aparılmasını, məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlər görülməsini istəyib.
Onun sözlərinə görə, baş verənlər nəticəsində vurulduğunu düşündüyü mənəvi zərərin də nəzərə alınmasını və qanunvericiliyin imkan verdiyi hallarda kompensasiya məsələsinə baxılmasını xahiş edib.
Qıy Vaar! məsələ ilə bağlı Çaylakın təqdim etdiyi müraciət və onun bildirdiyi faktlar əsasında məlumat hazırlayıb. Hadisədə qeyd olunan şəxslərin mövqeyi hazırda məlum deyil. Qarşı tərəfin açıqlaması daxil olarsa, xəbərə əlavə ediləcəkdir.

