Bakıda yaşayan 25 yaşlı trans qadın sentyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı ölkəyə buraxılmadığını, təxminən 12 saat Şarja Beynəlxalq Hava Limanında saxlanıldığını və səhər ilk uçuşla Azərbaycana məcburi geri göndərildiyini deyir. Qadının sözlərinə görə, o, rəfiqəsi ilə birlikdə BƏƏ-yə doqquz günlük səfər planlaşdırıb. Sentyabrın 11-də axşam saat 19:00–20:00 radələrində Dubaya yaxın yerləşən Şarja Beynəlxalq Hava Limanına enib.
Onun sözlərinə görə, gey rəfiqəsi hava limanından ölkəyə buraxılıb, özü isə pasport nəzarəti zamanı ayrıca yoxlamaya yönləndirilib.
“Pasportumu görən kimi məni miqrasiya şöbəsinə yönləndirdilər. Mənə heç bir sual vermədilər. Deport olunacağam, ya yox, heç bir məlumat vermirdilər.”
Qıy Vaar! üçün danışan trans, bu münasibətin onun gender kimliyi ilə əlaqəli olduğunu düşündüyünü deyir. Onun sözlərinə görə, hava limanında təxminən 12 saat saxlanıldığı müddətdə polis əməkdaşları onu müşayiət edib. Qadın həmin müddətdə tualetə getməsinə də icazə verilmədiyini iddia edir. Pasportu özündə olmadığı üçün hava limanından su belə ala bilmədiyini bildirir.
Qadın yalnız Azərbaycandakı hava limanında ona səfərinin niyə yarımçıq dayandırıldığını soruşduqda, “istənməyən şəxs” elan edildiyini bildirən cavab aldığını deyir. O, otel rezervasiyası və geri dönüş bileti də daxil olmaqla səfərlə bağlı bütün sənədlərinin hazır olduğunu söyləyir.
Qadına Şarja Hava Limanında təqdim edilən təyyarə biletinin üzərində “INAD” ifadəsi də görünür. Aviasiya terminologiyasında INAD (inadmissible passenger) ölkəyə girişinə icazə verilməyən sərnişin üçün istifadə olunan termindir. BƏƏ hava limanları üzrə rəsmi INAD prosedurlarında belə sərnişinin ölkəyə qəbul edilmədiyi və ilk mümkün reyslə geri göndərilməsinin nəzərdə tutulduğu göstərilir. Qadın pasportuna isə BƏƏ tərəfindən deportasiya möhürü vurulmadığını deyir. Onun sözlərinə görə, pasportunu Azərbaycana qayıtdıqdan sonra əldə edə bilib.
“Əslində səfərimin ləğv ediləcəyini gözləyirdim”
Qadın BƏƏ-də trans insanlara münasibətlə bağlı əvvəlcədən məlumatlı olduğunu və buna görə səfər zamanı görünüşünə xüsusi diqqət etdiyini bildirir.
“Oradakı transfobiya haqda çox eşitmişdim. Elə bu səbəbdən də qapalı və maskulin geyinmişdim.”
Beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında BƏƏ-də LGBTİ+lərin hüquqi və sosial vəziyyətinin məhdud olduğu qeyd olunur. Human Dignity Trust-ın 2026-cı ilin yanvarında yenilənmiş ölkə profilinə görə, BƏƏ-də LGBT+lər cinayət təqibi riski ilə üzləşə bilər və ölkənin qanunvericiliyində trans insanların gender ifadəsini məhdudlaşdıran müddəalar mövcuddur. Təşkilat həmçinin son illərdə transların geyim və davranışlarına görə saxlanılması ilə bağlı məlumatların olduğunu qeyd edir.
BƏƏ-də trans şəxslərin hava limanında ölkəyə buraxılmaması ilə bağlı əvvəllər də hallar mediaya və insan hüquqları təşkilatlarına məlum olub. Məsələn, 2016-cı ildə transgender model və aktrisa Gigi Gorgeous Dubay hava limanında ölkəyə buraxılmadığını bildirmişdi. O, hadisənin gender kimliyi ilə əlaqəli olduğunu deyirdi. Hava limanı mənbəsi isə həmin vaxt bunun transgender olması ilə deyil, pasportdakı cins xanası və fotoşəkillə bağlı olduğunu bildirmişdi.
Hətta 2025-ci ilin mayında erməni trans hüquq müdafiəçisi Lilit Martirosyan Dubay Beynəlxalq Hava Limanında tranzit zamanı saxlanıldığını bildirib. Martirosyanın sözlərinə görə, ona “trans” olduğu üçün Dubaya daxil ola bilməyəcəyi deyilib. Onun hadisə ilə bağlı açıqlamasına əsasən, pasportu götürülüb və 14 saatdan çox hava limanında saxlanılıb. Hadisə ilə bağlı All Out təşkilatı Emirates-dən araşdırma və açıqlama tələb edib.

