Serbiyada prezident səlahiyyətlərini icra edən ilk açıq lezbiyan siyasətçi oldu

Serbiyada prezident səlahiyyətlərini icra edən ilk açıq lezbiyan siyasətçi oldu

Serbiyanın keçmiş baş naziri və parlamentin sabiq sədri Ana Brnabić 28 sentyabrdan etibarən ölkənin prezident səlahiyyətlərini icra edir. O, Balkan ölkəsində bu vəzifəni tutan ilk açıq lezbiyan siyasətçidir.

Brnabić bu vəzifəyə Aleksandar Vučić-in prezident postundan istefa verməsindən sonra gəlib. Vučić 27 sentyabrda istefa verdiyini açıqlayıb. Serbiya qanunvericiliyinə əsasən, prezidentin istefasından sonra Milli Məclisin  sədri yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edir. Bu müddət isə üç aydan artıq ola bilməz.

Brnabić Serbiyanın seçilmiş prezidenti deyil. Ölkədə yeni prezident seçkisinin keçirilməsi tələb olunur. Bununla yanaşı, 25 oktyabrda növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır.

Brnabić 2017-ci ildə Serbiyanın ilk qadın və ilk açıq lezbiyan baş naziri olmuşdu. Həmin ilin sentyabrında onun baş nazir kimi Belqrad Pride yürüşündə iştirak etməsi xüsusi diqqət çəkmişdi.

Yürüş zamanı Brnabić jurnalistlərə deyib: “Hökumət bütün vətəndaşlar üçün buradadır və bütün vətəndaşların hüquqlarına hörmət edilməsini təmin edəcək.”

O, həmçinin əlavə edib: “Biz müxtəlifliyin cəmiyyətimizi daha güclü etdiyini və birlikdə daha çox iş görə biləcəyimizi göstərmək istəyirik.”

Brnabić-in LGBTİ+ hüquqları ilə bağlı mövqeyi isə onun siyasi fəaliyyətində ayrıca yer tutmur. O, 2017-ci ildə baş nazir vəzifəsinə gəldikdən sonra özünün yalnız “Serbiyanın gey baş naziri” kimi tanınmasını istəmədiyini bildirib. Həmin müsahibəsində Brnabić LGBTİ+ hüquqları ilə bağlı islahatlara həmin mərhələdə fokuslanmadığını, ölkədə insanların iş, gəlir və yaşayış şəraiti ilə bağlı problemlərinin həllinə üstünlük verdiyini deyib. 

Brnabić-in LGBTİ+ hüquqlarına yanaşması isə bəzi LGBTİ+ fəallar tərəfindən tənqid olunub. Fəallar onun açıq lezbiyan siyasətçi olmasına baxmayaraq, LGBTİ+ hüquqları ilə bağlı hüquqi dəyişiklikləri hökumətin əsas prioritetlərindən birinə çevirmədiyini bildiriblər.

Serbiyada eynicinsli nikahlar hüquqi olaraq tanınmır, eynicinsli cütlüklərin birgə övladlığa uşaq  götürməsi də mümkün deyil. LGBTİ+ hüquqları təşkilatı Da se zna! ölkədə eynicinsli birliklərin hüquqi tanınması ilə bağlı qanunvericilik dəyişikliklərinin həyata keçirilməməsini tənqid edir.

ILGA Avropanın  2026-cı il üzrə “Göyqurşağı xəritəsi” göstəricilərinə əsasən Serbiya LGBTİ+ hüquqları üzrə qanun və siyasətlərin qiymətləndirildiyi 49 Avropa ölkəsi arasında 29-cu yerdə qərarlaşıb və 34 faiz bal toplayıb. Təşkilat Serbiyada LGBTİ+ hüquqlarının qorunması və tanınması ilə bağlı bir sıra hüquqi islahatların hələ də həyata keçirilmədiyini bildirir.

Paylaş