Rusiyada LGBTİ+lərin hüquqlarını müdafiə edən təşkilatlara qarşı təqiblər davam edir. 2026-cı ilin mart-may aylarında ölkənin müxtəlif bölgələrində ən azı doqquz LGBTİ+ təşkilatı “ekstremist” elan edilib. Azadlıq Radiosunun oktyabrın 1-də yaydığı məlumata görə, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan terrorçu və ya ekstremist kimi tanınan şəxslər və təşkilatlar barədə operativ məlumat mübadiləsi aparmaq üçün saziş imzalayıb. Sənəddə tərəflərin terrorçuluq və ekstremizmlə mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutulur.
Rusiyada isə LGBTİ+ hərəkatı ilə bağlı “ekstremizm” ittihamları yeni deyil. 2023-cü ildə Rusiya Ali Məhkəməsi “Beynəlxalq LGBT hərəkatı”nı “ekstremist” elan edib. Bu qərardan sonra LGBTİ+lərin hüquqlarını müdafiə edən təşkilat və şəxslərə qarşı hüquqi təqiblər genişlənib.
2026-cı ildə “Coming Out”, “Russian LGBT Network”, “LGBT Resource Centre”, “Parni Plus”, “Moscow Community Center for LGBT+ Initiatives” və digər təşkilatlar məhkəmə qərarları ilə “ekstremist” elan edilən qruplar arasında olub. Human Rights Watch-un məlumatına görə, bu təşkilatlar LGBTİ+lərə hüquqi, tibbi, sosial və informasiya dəstəyi göstərirdi. Sentyabrın 24-də isə Sankt-Peterburqdakı apellyasiya məhkəməsi “Heteroseksuallar və LGBT üçün Bərabərlik Alyansı”nın “ekstremist” təşkilat elan edilməsinə dair qərarı qüvvədə saxlayıb. Bununla qərar hüquqi qüvvəyə minib və təşkilatla əlaqəli şəxslər üçün cinayət təqibi riski yaranıb.
Hüquq müdafiə təşkilatları bildirirlər ki, “ekstremizm” qanununun LGBTİ+ icmasına aid edilməsi onların ifadə və təşkilatlanma azadlıqlarını birbaşa məhdudlaşdırır və hüquqi müdafiəni çətinləşdirir. LGBTİ+lərin hüquqlarını müdafiə edən təşkilatların “ekstremist” elan edilməsi ayrı-seçkiliyi dövlət siyasəti səviyyəsinə daşıyır.

