“Qaşlarını səliqəyə salıb” deyə həyat yoldaşını döydü – Lənkəranda qadına zorakılıq

“Qaşlarını səliqəyə salıb” deyə həyat yoldaşını döydü – Lənkəranda qadına zorakılıq

Lənkəranda 56 yaşlı kişi həyat yoldaşına zorakılq göstərməkdə ittiham olunub. Hadisənin kişinin qadının ona xəyanət etdiyini düşünməsi və qadının xarici görünüşünə müdaxilə etməsi ilə bağlı mübahisə zəminində baş verdiyi bildirilib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Lənkəran rayonunun kəndlərindən birində baş verib.

İstintaq sənədlərinə əsasən, kişi həyat yoldaşına qarşı fiziki zorakılıq tətbiq edib. O, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə qəsdən sağlamlığa zərər vurma ittiham olunub və məhkəmədə özünü təqsirli bilib.

Zərərçəkmiş qadın daha sonra əri ilə barışdığını və ondan şikayətçi olmadığını bildirib.

Lənkəran Rayon Məhkəməsi kişinin cinayət məsuliyyətindən azad edilməsinə və cinayət işi üzrə icraata xitam verilməsinə qərar verib.

Hadisə qadınlara qarşı zorakılığın hələ də “ailə-məişət məsələsi” və ya “qısqanclıq” çərçivəsində təqdim edilməsi problemini yenidən gündəmə gətirir. Qadının kimə görə baxımlı görünməsi, necə geyinməsi və ya xarici görünüşü onun üzərində nəzarət qurmaq və ona qarşı zorakılıq tətbiq etmək üçün əsas deyil.

Qadınlara qarşı fiziki zorakılıq şəxsi münasibətlər daxilində baş verdikdə də siyasi və ictimai məsələ olaraq qalır. Çünki qadının bədəni və davranışı üzərində nəzarəti kişinin hüququ kimi təqdim edən patriarxal münasibətlər gender əsaslı zorakılığın əsaslandığı strukturlardan biridir. Zərərçəkmiş şəxsin sonradan şikayətçi olmaması da zorakılığın mahiyyətini dəyişmir. Qadınların zorakılıqdan qorunması və zorakılıq hallarında effektiv müdafiə mexanizmlərinin təmin edilməsi dövlətin məsuliyyət daşıdığı məsələlərdəndir. Bir çox hallarda zərərçəkənlər həyati risklərdən çəkindikləri üçün şikayət verməkdən çəkinirlər. Bu isə məişət zorakılığını normallaşdırır və regionlarda onsuz həyati təminatları üçün Zorakılıq törədən şəxslərdən asılı vəziyyətə düşən qadınları daha da tək qoyur.

Paylaş