Türkiyədə keçirilən 24-cü İstanbul LGBTQİ+ Qürur Yürüşü polis qadağaları, nəqliyyat məhdudiyyətləri və geniş təhlükəsizlik tədbirlərinə baxmayaraq iyunun 28-də yenə baş tutub. Aksiya zamanı ən azı 65 nəfər, o cümlədən hadisələri izləyən jurnalistlər saxlanılıb. Onların hamısı iyunun 29-u gecə saatlarında sərbəst buraxılıb.
Yürüşdən əvvəl Kadıköy İcra Hakimiyyəti iyunun 27-dən 28-dək rayonda bütün aksiya və tədbirləri qadağan etmişdi. Beyoğlu rayonunda da analoji qərar qəbul olunmuş, Taksim ətrafındakı yollar bağlanmış, bəzi metro və funikulyor xətlərinin fəaliyyəti məhdudlaşdırılmışdı.
Buna baxmayaraq, LGBTQİ+ fəalları gün ərzində müxtəlif küçələrdə toplaşaraq pankart və şüarlarla yürüş ediblər. Aksiyaya Türkiyə Böyük Milli Məclisinin DEM Partiyasından deputatı Özgül Saki və Türkiyə İşçi Partiyasından deputat Sera Kadıgil kimi simalar da dəstək verib.
İstanbul LGBTQİ+ Qürur Həftəsi Komitəsi aksiyadan sonra yaydığı bəyanatda bildirib ki, qadağalar onların mübarizəsini dayandıra bilməyəcək.
“Bizi görünməz edə biləcəyinizi düşünürsünüz. Halbuki yürüşümüz də, təşkilatlanmağımız da, mövcudluğumuz da əngəllənə bilməz. Bu küçələr də, bu şəhər də bizimdir.”
Bəyanatda hökumətin LGBTQİ+ icmasını “ailə” və “əxlaq” ritorikası ilə hədəfə aldığı, transların səhiyyə xidmətlərinə və hormon müalicəsinə çıxışına maneələr yaratdığı, nifrət siyasətini dərinləşdirdiyi vurğulanıb. Komitə həmçinin qadınların, tələbələrin, işçilərin və digər ictimai hərəkatların LGBTQİ+ icması ilə həmrəylik nümayiş etdirdiyini qeyd edib.
Saxlanılanların hamısı azadlığa buraxılıb
Hüquq müdafiəçilərinin sözlərinə görə, bəzi fəallar saxlanılarkən tərs qandallamaya və pis rəftara məruz qalıb. Onlar barəsində “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunu pozmaq iddiası ilə protokol tərtib edilib.
Aksiyadan sonra da polis bir hüquq müdafiəçisini küçədə – aksiyadan kənar saxlayıb. Hadisə şahidlərinin sözlərinə görə, polis əməkdaşları “Prokurorluğun göstərişi ilə sizi istənilən yerdən götürə bilərik” deyərək müdaxiləyə haqq qazandırıblar.





