AŞPA Əvəz Hafizlinin qətlini qətnaməsində qeyd edib

AŞPA Əvəz Hafizlinin qətlini qətnaməsində qeyd edib

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) iyunun 24-də Azərbaycanda insan hüquqları və ifadə azadlığının vəziyyətinə dair “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnamə qəbul edib. Belçikalı deputat Christophe Lacroix tərəfindən hazırlanan sənəddə ölkədə müstəqil medianın məhv edilməsi, siyasi məhbusların artması, jurnalist və hüquq müdafiəçilərinə qarşı repressiyalarla yanaşı, LGBTQİ+ icmasına qarşı zorakılıq da xüsusi narahatlıq doğuran məsələlərdən biri kimi göstərilib. Qətnamədə 2022-ci ildə öldürülən LGBTQİ+ fəalı və jurnalist Əvəz Hafizlinin işi ayrıca qeyd olunur.

Əvəz Hafizlinin qətli

Sənədə görə, 22 fevral 2022-ci ildə Əvəz Hafizli Bakıdakı evində əmisi oğlu tərəfindən öldürülüb. Qatil məhkəmədə cinayəti Hafizlinin seksual oriyentasiyası və LGBTQİ+ fəallığı ilə bağlı mübahisə zamanı törətdiyini etiraf edib və 9 il 6 ay azadlıqdan məhrum edilib.

AŞPA vurğulayır ki, cinayətin mümkün nifrət motivi, həmçinin Əvəz Hafizlinin jurnalist fəaliyyəti və LGBTQİ+ hüquqları uğrunda apardığı mübarizə lazımi şəkildə araşdırılmayıb. Qətnamədə qeyd edilir ki, Azərbaycanda nifrət nitqini cəzalandıran qanunvericiliyin olmaması, LGBTQİ+ hüquq müdafiəçilərinin qorunması üçün mexanizmlərin yaradılmaması və hüquq-mühafizə orqanlarının yanaşmasının “geniş yayılmış ictimai stiqmanı əks etdirməsi” ciddi narahatlıq doğurur.

“LGBTQİ+lara qarşı zorakılıq araşdırılmalıdır”

AŞPA Əvəz Hafizlinin qətlini təcrid olunmuş hadisə kimi qiymətləndirmir. Qətnamədə Azərbaycanda LGBTQİ+ şəxslərə qarşı homofob və transfob motivli təhdid və zorakılığın davam etdiyi, lakin dövlət tərəfindən bunun qarşısının alınması üçün kifayət qədər tədbir görülmədiyi bildirilir. Assambleya Azərbaycan hakimiyyətini jurnalistlərə, insan hüquqları müdafiəçilərinə və vətəndaş cəmiyyəti fəallarına, o cümlədən nifrət cinayətlərinə aid bütün fiziki hücum və zorakılıq hallarını effektiv şəkildə araşdırmağa, məsul şəxsləri isə məsuliyyətə cəlb etməyə çağırır.

Bildirilir ki, Azərbaycan “Sərhədsiz Reportyorlar” təşkilatının 2026-cı il Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 171-ci yerdə qərarlaşıb. AŞPA qeyd edir ki, 2026-cı il etibarilə ölkə daxilində fəaliyyət göstərən heç bir müstəqil media qurumu qalmayıb və hazırda 36 jurnalist həbsdədir.

Sənəddə Abzas Media əməkdaşlarına verilən uzunmüddətli həbs cəzaları, Toplum TV, Meydan TV, Kanal 11, Kanal 13 və digər müstəqil media nümayəndələrinə qarşı cinayət təqibləri pislənilir. Assambleya bu təqiblərin ifadə azadlığını boğmaq məqsədi daşıdığını bildirir. Qətnamə Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təqiblərə son qoymağa, insan hüquqları üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməyə və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə çağırır.

Paylaş