Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdulla qadınlar və gənclərin geyim azadlığı ilə (dolayı ilə kuirlərlə) bağlı səsləndirdiyi fikirlərə görə sosial mediada tənqid olunub.
O, Qafqazİnfo-ya müsahibəsində “qadın evdə oturub övladlarına, ailəsinə baxsa daha yaxşıdır” deyə bildirib. Kamal Abdulla qadınların əsas rolunun ailə və uşaqlarla bağlı olduğunu vurğulayaraq, “qadını evdə saxlayıb məişətdə və ev şəraitində uşaqlarına baxmağa istiqamətləndirsək, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirərik” fikrini səsləndirib.
Müsahibənin davamında isə universitetlərdə geyim qaydaları və “azadlıq anlayışı” barədə danışan rektor tələbələrin geyimlərinə olan nəzarət barədə danışarkən LGBTQ+ləri hədəf alan ifadələr işlədib.
“Allah deyir ki, bu cür olmalıdır. Bir oğlan olmalıdır, bir qız olmalıdır. Ortada olmaq mümkün deyil” – Kamal Abdulla deyib.
O, həmçinin “mənim hüququm odur ki, mən özümü oğlanam, qıza oxşadım” ifadəsini “absurd” adlandıraraq, feminin gənclər barədə söhbət açıb və tələbələrin geyim vasitəsilə “fərqlənməsinin” “ağır nəticələrə” səbəb ola biləcəyini iddia edib.
Qeyd edək ki, Kamal Abdulla Azərbaycan Milli Elmlər Akademiyasının üzvüdür və uzun illərdir ali təhsil sistemində rəhbər vəzifələrdə təmsil olunur.
