Bakıda yerləşən “Kampus” özəl tələbə yataqxanasında yaşayan tələbə qızlar binaya kənar şəxsin daxil olmasından və yataqxana rəhbərliyinin hadisəyə münasibətindən sonra öz təhlükəsizliklərindən narahatdırlar.
Feminist fəal Gülnara Mehdiyevanın paylaşdığı məlumata görə, oktyabrın 24-də səhər saat 06:00 radələrində mühafizəçinin postunu tərk etməsindən istifadə edən bir kişi yataqxanaya daxil olub. Beşinci mərtəbəyə qalxan şəxs otaqların qapılarını döyərək tələbə qızlara seksual xarakterli məzmunlu ifadələr işlədib və onlarla cinsi münasibət qurmaq istədiyini bildirib.
Tələbələrin sözlərinə görə, həmin şəxs digər otaqların da qapılarını döyüb. Yalnız təxminən iki saat yarımdan sonra polis gəlib və tələbələrdən birinin “burdadır”! deyə bağırması sayəsində adamı müəyyənləşdirə biliblər.
Hadisədən sonra yataqxananın Aida adlı müdiri tələbələrə göndərdiyi səsli mesajda baş verənlərdə problem olmadığını, hadisənin gündüz saatlarında yaşandığını və kişinin sadəcə tualetdən istifadə etmək istədiyini bildirib. Mehdiyevanın paylaşımına əsasən, müdir hadisəni bir-birləri ilə müzakirə edən qızları danlayıb və onları polisə verməklə hədələyib.
Tələbələr, həmçinin oktyabrın 25-də də mühafizəçinin postunu tərk etdiyini və bunun binaya kənar şəxslərin nəzarətsiz daxil olması riskini yaratdığını bildirirlər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən və aidiyyəti nəzarət qurumlarından məsələ ilə bağlı tədbir görülməsini tələb edirik.

