Qadın fəal Sara Rəhimova polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir

Qadın fəal Sara Rəhimova polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir

İctimai fəal və “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimova üzləşdiyi polis təzyiqi, ölkədən çıxışına qoyulan qadağa və barəsində aparıldığı bildirilən cinayət işi ilə bağlı yaşadıqlarını ictimailəşdirib.

Onun sözlərinə görə, pasportunu yeniləmək üçün ASAN Xidmətə müraciət etdikdən sonra barəsində cinayət işi olduğu və ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Polis idarələrində təzyiqə, alçaldıcı münasibətə və həbs olunmaqla bağlı təhdidlərə məruz qaldığını deyən Sara Rəhimova hüquqi vəziyyətinin aydınlaşdırılmasını tələb etsə də, indiyədək barəsindəki işlə bağlı aydın və əsaslandırılmış məlumat ala bilmədiyini bildirir.

Sara Rəhimova müstəntiqlə söhbət zamanı ona “Bu sifariş yuxarıdan gəlib” deyildiyini qeyd edir. İctimai fəal yaşadıqlarının onun psixoloji vəziyyətinə, şəxsi həyatına və elmi fəaliyyətinə ciddi təsir göstərdiyini vurğulayır.

Qıy Vaar! Sara Rəhimovanın başına gəldiyini bildirdiyi hadisələri və özünün açıqlamasını təqdim edir:

“2026-cı il fevralın 21-də pasportumun etibarlılıq müddəti bitdiyi üçün ASAN Xidmətə müraciət etdim. Orada mənə bildirildi ki, barəmdə cinayət işi var, ölkədən çıxışıma qadağa qoyulub və Daxili İşlər Nazirliyi tərəfindən pasport verilməsindən imtina edilib.

Məni əvvəlcə 28-ci polis bölməsinə, daha sonra isə Səbail Rayon Polis İdarəsinə apardılar.

28-ci polis bölməsində barmaq izlərimin götürülməsi üçün məni otağın içərisində yerləşən başqa bir otağa saldılar və qapını içəridən bağladılar. Barmaq izlərim götürülərkən mənə toxunmağa cəhd edildi. Etiraz etdim və mənə toxunmamalarını tələb etdim. Bu hal bir neçə dəfə təkrarlandı. Qapalı otaqda qalmaq istəmədiyimi bildirdim.

Daha sonra məni otaqdan çıxardılar. Mənə toxunmağa cəhd edən şəxs bu dəfə “Sən gözəlsən, cavansan” kimi iyrənc ifadələr işlətməyə başladı. PPX-a mindirilərkən toxunmağa cəhd edirdilər.

Bu zaman mən cəmi bir gün əvvəl əməliyyat olunmuşdum. Tikişlərim hələ sağalmamışdı və bir neçə saatdan bir ağrıkəsici qəbul etməli idim. Dərmanım yanımda deyildi və şiddətli ağrılar içində idim.

Buna baxmayaraq, məni “işgəncə otağı” adlandırılan yerin yaxınlığına apardılar. Otaqda işıq dayanmadan yanıb-sönür, ətrafa dözülməz qoxu yayılırdı. Mənə otağa girməyimi əmr etdilər. İmtina etdim. “Onsuz da burada qalacaqsan”, dedilər. Məni otağın yanında oturdub qapını bağladılar. İşıq yanıb-sönməyə davam edirdi. Psixoloji təzyiq altında idim. Otaqdan çıxmağa çalışsam da, buna imkan vermirdilər.

Daha sonra məni Səbail Rayon Polis İdarəsinə apardılar. Orada müstəntiqin olmadığını dedilər və mənə məlumat veriləcəyini bildirdilər.

Bu hadisədən sonra aylarla evdən çıxmağa qorxdum. Evimin qarşısında müxtəlif adamların dolaşdığını görür, izlənildiyimi hiss edirdim. Gizlənməyə çalışır, yalnız çox məhdud yerlərə gedə bilirdim. Ağır psixoloji sarsıntı keçirdim.

Sonrakı aylarda Daxili İşlər Nazirliyinə rəsmi şikayətlə müraciət etdim. Bildirdim ki, 2024-cü ildə barəmdə cinayət işi açıldığı, ölkədən çıxışıma qadağa qoyulduğu deyilsə də, mənə işin mahiyyəti barədə məlumat verilmir, istintaqın gedişi ilə bağlı heç bir aydınlıq yoxdur və ifadəm alınmır.

Cavab olaraq mənə bildirildi ki, iş Bakı Şəhər Baş Polis İdarəsindədir. Daha sonra Səbail Rayon Polis İdarəsindən zəng gəldi və idarəyə getdim. Orada müstəntiq Ceyhun Mustafayevlə görüşdüm. O, mənə “Sən dövlətə qarşı çıxırsan” dedi. Ardınca telefonla Bakı Şəhər Baş Polis İdarəsində çalışan Yaşar adlı müstəntiqə zəng etdi. Telefon danışığı zamanı işin Cinayət Məcəlləsinin 178.2.1 və 178.3.2-ci maddələri ilə əlaqəli olduğu bildirildi. Bu maddələr qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq və külli miqdarda ziyan vurmaqla törədilən dələduzluqla bağlıdır. Bundan sonra 15 ilin var deyildi.

Mən isə açıq şəkildə bildirdim ki, dələduzluq etməmişəm və dövlətə qarşı çıxmaqla dələduzluq ittihamı arasında heç bir əlaqə yoxdur. Barəmdə cinayət işi olduğu və təqsirləndirilən şəxs olduğum deyilirsə, niyə iki ildir ifadəm alınmır? Niyə bu müddət ərzində istintaqın gedişi barədə mənə aydın məlumat verilmir?

Müstəntiq üzümə baxaraq “Axtarışdasınız” dedi. Cavab verdim: “Mən buradayam, özünüz çağırmısınız, gəlmişəm”.

Bundan əvvəl də bir neçə dəfə saxlanılmışdım. Soruşdum ki, əgər axtarışda idimsə, əvvəlki saxlanılmalarım zamanı niyə bu məsələ qaldırılmayıb?

Müstəntiq mənə belə dedi: “Bu sifariş yuxarıdan gəlib. Bizə nə deyirlərsə, edirik. Sistemdə heç bir məlumat yoxdur, amma üzərinizdə cinayət işi var”.

O, istənilən an həbs oluna biləcəyimi də bildirdi və dövlətə qarşı çıxdığımı bildirdi.

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi ilə iki dəfə görüşmüşəm.

İlk görüşdə mənə “Hansı ölkəyə getmək istəyirsən?”, “İşləmirsənsə, necə gedəcəksən?” kimi suallar verdi. Mən isə bildirdim ki, mənim üçün əsas məsələ hansı ölkəyə getməyim deyil. Əsas məsələ barəmdəki cinayət işinin araşdırılması, hüquqi vəziyyətimin aydınlaşdırılması və üzərimdəki məhdudiyyətlərin qanuni əsaslarının izah edilməsidir.

İkinci dəfə məni şənbə günü, yağışlı havada idarəyə çağırdılar. Saat 11-də gəlməyim deyilsə də, üç saat yağışın altında gözləməli oldum. Qapalı yerdə dayanmağa icazə vermirdilər. Eyni zamanda, oradan çıxıb getmək də mənim üçün mümkün deyildi. Yalnız etiraz edib səsimi yüksəltdikdən sonra içəri buraxıldım.

Rəisin iclasda olduğunu deyərək məni gözlətdilər. Görüş zamanı isə işin bağlanması üçün heç nə edə bilmədiklərini, qərar gözlədiklərini bildirdi.

Bakı Şəhər Baş Polis İdarəsində əvvəlcə Səbail Rayon Polis İdarəsindən məktub gələcəyini dedilər. Sonra isə məktubun gəlməyəcəyini və yenidən görüşə gəlməli olduğumu bildirdilər. Yenidən getmədim, çünki əvvəlki görüşlərdə olduğu kimi, yenə hörmətsiz münasibətlə qarşılaşacağımı düşünürdüm. Bakı Şəhər Baş Polis İdarəsinə də çağırıldım, oraya da getmədim.

Daxili İşlər Nazirliyindən isə mənə “Allah köməyiniz olsun” deyildi.

Bir neçə gün əvvəl gecə saatlarında polis əməkdaşı zəng edərək dərhal görüşməli olduğumuzu dedi. Dəfələrlə zəng etdi.

Mən istintaqdan yayınmıram. Bu ilin əvvəlində yaşadıqlarım mənə çox ağır psixoloji travma yaşadıb. Təsirləri bu gün də davam edir. Son aylarda vəziyyətimi müəyyən qədər yaxşılaşdıra bilmişəm, lakin mütəmadi olaraq polis idarələrinə çağırılmağım məndə yenidən ciddi stress yaradır.

Keçən həftə dəvət olunduğum yerlərə getmədim. Çünki bu görüşlərin müsbət nəticə verməyəcəyini düşünürəm və hər dəfə həmin idarələrə getmək, yenidən eyni münasibətlə üzləşmək mənim üçün son dərəcə ağırdır. Yaşadıqlarımın yaratdığı psixoloji yükü daşımaq və qarşılaşdığım alçaldıcı münasibətə dözmək getdikcə çətinləşir.

Bilirəm ki, görüşlərə getməməyim istintaqdan yayınma kimi təqdim edilə bilər. Ancaq mən istintaqdan yayınmıram. Əksinə, hüquqi vəziyyətimin aydınlaşdırılması üçün indiyədək üzərimə düşən addımları atmışam, rəsmi müraciətlər etmişəm və çağırışlar əsasında polis idarələrinə getmişəm.

Buna baxmayaraq, barəmdəki cinayət işi ilə bağlı aydın və əsaslandırılmış məlumat ala bilmirəm. Davamlı izlənilmə, həbs olunmaqla hədələnməyim və polis idarələrində qarşılaşdığım münasibət həyatımı ciddi şəkildə məhdudlaşdırır.

Məhkəməyə müraciət etməyi də düşünmüşəm. Lakin polis idarəsində mənə məhkəməyə müraciət etməyin heç bir faydası olmayacağını, işin yenə onların əlindən keçdiyini dedilər. Həmçinin qərarın “yuxarıdan” verildiyini və istənilən vaxt icra oluna biləcəyini, həbs ediləcəyimi bildirdilər.

Hazırda hüquqi müstəvidə atmalı olduğum addımları atmağa çalışmışam. İndi isə özümdə güc toplayıb başıma gələnlərə etiraz etməli, yaşadıqlarımı ictimailəşdirməli olduğumu düşünürəm.

Təəssüf ki, Azərbaycanda vəziyyət çox ağırdır. Dostlarımız və siyasi mübarizə yoldaşlarımız həbsdədir, siyasi məhbusların saxlanma şəraiti və təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Məhz buna görə aylardır öz başıma gələnləri ictimailəşdirmirdim. Diqqətin siyasi məhbusların vəziyyətindən yayınmasını istəmirdim.

Ancaq indi dostlarım yaşadıqlarımı ictimailəşdirməyimin vacib olduğunu deyirlər. Buna görə başıma gələnləri açıq şəkildə paylaşmağa qərar verdim.

Bir məqamı da xüsusi vurğulamaq istəyirəm: mən elmi fəaliyyətlə məşğulam, müstəqil tədqiqat aparıram. Mövcud vəziyyət, ölkədən çıxışıma qoyulan qadağa və daimi təzyiq şəraiti təkcə şəxsi həyatımı deyil, elmi fəaliyyətimi də məhdudlaşdırır. İstədiyim vaxt səfər edə, araşdırmalarım üçün zəruri olan yerlərə gedə bilmirəm.

Məndən tələb olunan qeyri-mümkün bir şey deyil. Mən sadəcə barəmdəki cinayət işinin qanuni, şəffaf və obyektiv şəkildə araşdırılmasını, hüquqlarımın təmin olunmasını və üzərimdəki məhdudiyyətlərin hüquqi əsaslarının mənə aydın şəkildə izah edilməsini istəyirəm.

Mənim haqqımda ittihamlar varsa, bunun cavabı təhdid, qeyri-müəyyənlik və alçaldıcı münasibət deyil. Bunun cavabı qanun, şəffaf istintaq və ədalətli hüquqi prosedur olmalıdır.”

Paylaş