Azərbaycandan Gürcüstana işləmək üçün gedən 20 yaşlı Fatimə Kərimova qohumu Emin Əliyev tərəfindən qətlə yetirilib.
Bu haqda Gürcüstanın “Sapari” qadın haqları təşkilatının rəhbəri Baia Pataraia və Gürcüstanda yaşayan azərbaycanlı icmanın nümayəndəsi, aktivist Samirə Bayramova sosial şəbəkədə məlumat yayıblar.
Fatimə Gürcüstana ona iş tapacağını vəd edən sevgilisi Kənan Əliyev ilə gedib. Fatimənin bacısı Züleyxa Kərimova OC Media-ya bildirib ki, Fatimə istəmədiyi biri ilə nişanlandığı üçün sevgilisi ilə Tblisiyə qaçmağa qərar verib.
Həmin şəxs Fatimənin uşaqlıq dostu olub. Lakin pulları bitdikdən sonra Kənan Əliyev onu dəfələrlə döyərək, bədənində siqaret söndürərək ona qarşı fiziki şiddət göstərib. Daha sonra isə onun pasportunu cırıb və “İphone” markalı mobil telefonunu lombarda qoyaraq pul əldə edib. Bundan sonra o Fatiməni Tblisidə tərk edib və Azərbaycana qayıdıb.
Gürcüstanda yaşayan bir qadın Fatiməni evinə apararaq ona kömək edib. Bu qadının vasitəsilə Fatimə qohumları ilə əlaqə saxlaya bilib. Bundan sonra Fatimənin əmisi oğlu Tbilisiyə gəlib, ona mənzil kirayələməyə və Azərbaycana qayıtmağa kömək edəcəyini vəd edib.
Fatimənin əmisi oğlu olan bu şəxs onu tutduğu mənzildə günlərlə saxlayıb və ona işgəncələr verib.
Fatimənin bacısı ondan xəbər ala bilmədiyi üçün qadınla əlaqə saxlayıb və onu yoxlamasını xahiş edib. Qonşular həmin günün gecəsi mənzildən yüksək səslər eşitdiklərini bildiriblər. Polisə məlumat verdikdən sonra polis mənzildə Fatimənin qətlə yetirildiyini aşkarlayıb.
Qətli törətməkdə şübhəli bilinən E.Əliyev isə Türkiyəyə qaçıb lakin Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Züleyxa Kərimovanın sözlərinə görə, Emin Əliyev (əmisi oğlu)bacısını zorakılığa məruz qoyub və spirtli uiçki qəbul etdikdə davranışı daha da aqressivləşib: “Fatimə dedi ki, bir gün o sərxoş idi və vanna otağında üzünü yuyarkən yanında dayanmışdı. Dönəndə isə Fatimə onun əlində bıçaq olduğunu görüb. Bacım ondan onu öldürməməsi üçün yalvarıb və həmin vaxt o, onun əlini kəsib.”
Fatimə Kərimova bacısı ilə yazışmada bildirib ki, sevgilisi Kənan Əliyevin onu intim görüntülərini əmilərinə göndərəcəyi ilə şantaj şantaj edib. Züleyxa Kərimova hesab edir ki, qohumları Emin Əliyev bu videolar barədə xəbər tutub və Fatimənin ailənin nüfuzunu “korladığını” düşünüb.
“Fatimə mənə dedi ki, qohumlarımız Emin Əliyevə onu öldürməyi əmr ediblər”, – Züleyxa Kərimova deyib. O əlavə edib ki, bacısının öldürüldüyünü əmisi Elşən Sultanova bildirəndə o “bu belə bitməli idi” deyə cavab verib.
Hadisənin baş verdiyi gün Fatimənin bacısı Azərbaycanda polisə müraciət etsə də, polis hadisənin Gürcüstanda baş verdiyi üçün araşdırma apara bilməyəcəyini bildirib. Məsələ ictimaiyyələşəndən sonra hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğu Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlayaraq istintaqa hüquqi dəstək göstərməyə hazır olduğunu bildirib Lakin hadisə ilə bağlı Fatimənin keçmiş sevgilisi Kənan Əliyev barəsində hər hansı cinayət işinin başlanması ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.
Qeyd: foto açıq mənbələrdən əldə edilib. Bu, Fatimə Kərimovanın internetdə yayılan fotosudur.
Əlavə istinadlar: 1
