Drag Queen Lady Slim onun haqqında çəkilən filmin və nümayişdən sonra özünün iştirakı ilə keçirilməli olan müzakirənin proqramdan son anda çıxarıldığını bildirir.
Sənətçi bu barədə Qıy Vaar!-a özü məlumat verib. Onun sözlərinə görə, film aylar öncə çəkilib. Festival başlamadan öncə isə proqram onunla qərarlaşdırılıb.
“Film qış aylarında çəkilmişdi. Məncə filmi çəkən rejissor heç planlaşdırmırdı ki, bu, Sevil Festivalında nümayiş etdirilsin. Bir müddət sonra filmin təşkilatçılığında iştirak edənlərdən biri mənə dedi ki, razı olsanız bu festivala təqdim ediləcək. Mən bildirdim ki, filmdə mən çəkilsəm də filmin rejissoru var, müəllif hüquqları sizdədir və təki uğurlu olsun. Festival başlamadan öncə də proqram mənimlə razılaşdırılmışdı.
“Dra(q)matik” bir bölüm olmalıydı. Drag filmlər var idi orada. Biri Qazaxıstandan, biri Türkiyədən, biri Azərbaycandan mənim çəkildiyim film idi. Film izləndikdən sonra mənimlə müzakirə olmalıydı. Mən ölkədəki ilk və hazırda yeganə drag artist kimi düşündüm ki, mütləq qatılmalıyam.”
Sənətçi bildirir ki, iştirak edəcəyinə əmin olmaq üçün tədbirdən 1 gün öncə onunla yenə əlaqə saxlanılıb. Bu zaman o, qatılacağını təkrar təsdiqləyib.
“Zəngdə təşəkkürlərimizi bildirdik qarşılıqlı. Nümayiş günü isə mən artıq tam hazır idim. Məndən öncədən gəlməyimi xahiş etmişdilər. Çünki müzakirənin moderatoru mənimlə söhbət etmək istəyirdi. Mən də razı olmuşdum. Evdən çıxıb getmək üçün tam hazır idim. Yaxşı ki, telefona baxdım. “WhatsApp”dan yazılan mesajla texniki problemlər ucbatından filmin yayınlanmasının mümkün olmayacağı bildirilirdi. Qeyd edirdilər ki, üzrlü hesab edin və başqa bir vaxt filmin nümayiş etdirilməsi alınsa sizə xəbər edəcəyik.”

“Artıq 15-16 ildir bu senzura məni izləyir”
“Bu artıq gizli senzuranın izidir. Çünki ilk dəfə deyil mən belə şeylə qarşılaşıram. Qarşılaşdığım senzuraların əksəriyyəti belə olub. Artıq 15-16 ildir bu senzura məni izləyir. Və senzuranın hər bir tərəfiylə mən artıq tanışam. Mən düşünürəm ki, bu Sevil Festivallıq və ya məkanlıq bir şey deyil. Gümanım odur ki, bu daim mənim üzərimdə olan senzura ilə bağlıdır.
Mən bilirəm ki, festivalın partnyorları demokratik ölkələrdəndir, demokratik ölkələrin səfirlikləridir. Yəni bunu açıq şəkildə etsəydilər, belə bir filmin yayımlanmasına açıq senzura qoysaydılar bu böyük qalmaqala səbəb olardı. Buna texniki problem adı ilə bir yol tapdılar.
Kimlərsə düşünə bilər ki, özündən razılıq edirəm. Amma mən gizli senzuraya ən çox agah olanlardan biriyəm. Mən bunları görə-görə gəlmişəm. 16 ildir yer aldığım tədbirlər ya başlamadan ləğv edilir ya da mənimlə başlayan proqramların ortasında mən kənarlaşdırılıram. Tamaşalar olub, mənimlə başlayıblar, sonra yuxarıdan gələn təzyiq nəticəsində yarımçıq qalıb. Filmlər olub mənimlə çəkilən, yarımçıq qalıb.”
“Landmark kimi bir yerdə işığın olmaması inandırıcı deyil”
Lady Slim deyir ki, onun filmi yayımlanmasın deyə ondan öncəki qısametrajlı filmlər də nümayişdən çıxarılıb.
“Bu senzura şübhə doğurmasın deyə digər filmləri də nümayişdən çıxardılar. Onlar bizdən əvvəl yayınlanmalı idi və qısametrajlı filmlər idi. Yəni şübhə yaranmasın deyə. Bu, çox ustalıqla düzəldilmiş bir şeydir. Amma diqqətlə düşünüb baxsaq, Landmark kimi bir yerdə işıqla bağlı nasazlıq yaranması gülüş doğuracaq arqumentdir. Necə ola bilərdi ki, işıq problemi bizim filmlərimizin vaxtından dərhal sonra düzəldi. Saat 7-də orada teatr tamaşası var idi və o göstərildi. Teatr tamaşasından sonra da filmlər var idi 8-də. Onlar da öz növbəsində yayımlandı.
Mən istərdim elə birbaşa mənə qadağanı açıq bildirsinlər və digər filmlər yayımlansın. Mən skandal qaldırası adam deyiləm. Ancaq öz sənətimlə, yaradıcılığımla məşğulam, yaratdıqlarımı paylaşıram sosial mediada.
Mənim haqqımda film, Azərbaycanda belə bir drag artistin mövcudluğu yayımlanmasın deyə ləğv edilib və sonrakı günlərdə də proqrama salınmayıb.
Yenə təkrar edirəm ki, texniki nasazlıq gizli senzuranın adət-ənənəsidir. Yəni, bütün dünyada bu belədir. Nəyisə gizli formada qadağan etmək istəyəndə belə edirlər. Gah texniki problem olur, gah işıq problemi olur. Bu da onun bir növüdür.
Mən heç də təəssüflənmirəm bunun üçün. Mən öyrəşmişəm, artıq immunitetim var və bunlar məni ruhdan sala bilməz.”
Lady Slim qeyd edir ki, filmdə onun uşaqlıq illərində məruz qaldığı homofobiyadan indiki dövrdə sənətini icra etməsinə qədər hekayələrindən bəhs edilib. Həmçinin, filmdə Azərbaycanda sənətini göstərməsinə və bu yolla ehtiyaclarını qarşılayacaq pul qazanmasına yaradılan çətinliklərdən də danışılır.
“Filmin adı “Pis gündəlik” idi. Amma mən orada elə də çox tənqidi fikirlər səsləndirməmişəm. Düşünürəm məsələ tənqidi fikirlərlə bağlı yox, janrla bağlıdır. Bu janrda yerli filmin istənilməməsi ilə bağlıdır”, – o, əlavə edir.
Qıy Vaar! mövzu ilə bağlı qarşı tərəfin fikrini öyrənmək üçün Sevil Festivalı ilə əlaqə saxlayıb. Festivalın direktoru Aygün Rəşid sözü keçən filmin texniki problem səbəbindən nümayiş etdirilmədiyini bildirib.
“Açığı, bu iddianın hardan çıxdığını anlamıram. Proqramdakı dəyişikliklər tamamilə daxili təşkilati və texniki məsələlərlə bağlı olub, gün boyu bir neçə öz eventimizi ləğv etməli olmuşuq. Hər texniki tənzimləmənin bir xəbər dəyəri yoxdur axı”, – direktor deyib.
Aygün Rəşid yaranmış vəziyyətlə bağlı Lady Slim ilə əlaqə saxlanılaraq proqramdakı dəyişiklik barədə ona məlumat verildiyini qeyd edib. O, filmin prodüserinin festival komandasının üzvü olduğunu, bu səbəbdən belə bir tədbirin məzmununa görə ləğv edilməsi iddiasını məntiqə uyğun saymadığını əlavə edib.
