İsveç Miqrasiya İdarəsi LGBTİ+ aktivisti Bella Demhatın sığınacaq müraciətini rədd edib. Qurum qərarında Türkiyədə LGBTİ+lərə qarşı açıq qanuni qadağa olmadığını, nifrət cinayətlərinə qarşı hüquqi mexanizmlərin mövcud olduğunu və bu səbəbdən müraciətin beynəlxalq müdafiə üçün tələb olunan həddi qarşılamadığını bildirib. Eyni zamanda ölkədəki sosial diskriminasiya və damğalanmanın təkbaşına “təqib” səviyyəsinə çatmadığı qeyd olunub.
Qərarda Bella Demhatın Kürd siyasi çevrələri ilə əlaqələri də nəzərə alınıb, lakin bu amilin də ayrıca sığınacaq üçün kifayət etmədiyi vurğulanıb. İsveç tərəfi Kürd mənşəli şəxslərin ümumi vəziyyətinin avtomatik olaraq beynəlxalq müdafiə yaratmadığı qənaətini saxlayıb.
Bella Demhat 2017-ci ildə İsveçə sığınacaq üçün müraciət edib və proses bir neçə il davam edib. İlkin inzibati qərardan sonra müraciət Miqrasiya Məhkəməsi və Miqrasiya Apellyasi Məhkəməsi tərəfindən də təsdiqlənib. 2021-ci ildə yenidən baxılma müraciəti də nəticəsiz qalıb.
Bunun ardınca Bella Demhat Avropa İnsan Haqları Məhkəməsinə və BMT İnsan Haqları Komitəsinə müraciət edib. AİHM müvəqqəti müdafiə tələbini prosedur səbəblərlə rədd edib. BMT İnsan Haqları Komitəsi isə 19 mart 2026-cı il tarixli qərarında İsveçin sığınacaq prosesinin yetərli şəkildə aparıldığını bildirib. Bu qərar onun Türkiyəyə deportasiya riskini artıran son mərhələlərdən biri kimi qiymətləndirilir.

Bella Demhat Pembe Hayat LGBTİ+ Dərnəyi ilə əlaqəli fəaliyyət göstərib. O, həmçinin Beynəlxalq Amnistiya Təşkilatı(AI) və Xalqların Demokratik Partiyası (HDP) daxilində könüllü fəaliyyətlərdə iştirak edib. Trans kimliyi səbəbilə ailəsi tərəfindən ölüm təhdidləri alıb, sosial mediada isə həm cinsi, həm də siyasi kimliyi səbəbilə hədəf göstərilib. 2017-ci il Qürur Həftəsi zamanı polis tərəfindən saxlanılıb və zorakılığa məruz qalıb.
Bella Türkiyədə yaşadığı təzyiq və təhdid mühiti səbəbilə 2017-ci ildə ölkəni tərk edərək İsveçə sığınmaq məcburiyyətində qalıb. İsveç Miqrasiya Dairəsi isə Türkiyədə LGBTİ+lərə qarşı diskriminasiya və sosial təzyiqin mövcud olduğunu qəbul etsə də, bunun dövlət tərəfindən qorumanı mümkünsüz edəcək səviyyədə olmadığını bildirib. Qurum fərdi risk iddialarının kifayət qədər sübut olunmadığını və dövlət orqanlarının ümumilikdə müdafiə funksiyasını yerinə yetirə bildiyini qeyd edib.

Bellanın vəkili Miran Kakae qərarla bağlı qiymətləndirməsində İsveç rəsmilərinin transların yaşadığı xüsusi həssas vəziyyəti kifayət qədər nəzərə almadığını, transların Türkiyədə ən riskli qruplardan biri olduğunu vurğulayıb. O həmçinin bildirib ki, bütün risk faktorlarının birlikdə qiymətləndirilməsi vacibdir və ikili yanaşma beynəlxalq müdafiə standartlarını zəiflədir.
Türkiyədə LGBTİ+ siyasəti son illərdə daha çox siyasi və hüquqi müzakirə mövzusuna çevrilib. Hakimiyyət təmsilçiləri, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan, LGBTİ+ kimlikləri tez-tez “pozğunluq” və “cinsiyyətsizləşdirmə siyasəti” kimi ifadələrlə tənqid edir və bu kimliklərin “ailə institutunu təhdid etdiyi” fikrini irəli sürür. Eyni zamanda LGBTİ+ hüquqlarını müdafiə edən qurum və şəxslərə qarşı daha sərt mövqe sərgilənəcəyi də açıq şəkildə bəyan edilir.
Bu iş Avropada sığınacaq sistemlərində LGBTİ+ və Kürd kimliyinin kəsişməsi, eləcə də fərdi riskin necə qiymətləndirilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. İnsan haqları müdafiəçiləri bu kimi hallarda struktur zorakılığın və çoxqatlı risk faktorlarının nəzərə alınmasının vacibliyini vurğulayır.
Bu dosye ətrafında müxtəlif dəstək kampaniyaları da mövcuddur. Onlardan biri https://savebella.org/ platformasıdır, burada Bella Demhatın vəziyyəti ilə bağlı məlumatlar və dəstək çağırışları yer alır.

