Deputat Duolingonu hədəfə aldı: “Oğluma kişi ilə evlənə biləcəyini dedi”

Deputat Duolingonu hədəfə aldı: “Oğluma kişi ilə evlənə biləcəyini dedi”

Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxış edən “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Abdullayeva dil öyrənmə platforması Duolingo ilə bağlı narahatlığını ifadə edib.

Modern.az-ın məlumatına görə, Abdullayeva bildirib ki, oğlu platformadan istifadə edərkən ingilis dilində “sən kişi olaraq təkcə qadınla yox, kişi ilə də evlənə bilərsən” məzmunlu bir cümlə ilə qarşılaşıb.

Onun sözlərinə görə, bu kimi nümunələr uşaqlar arasında müəyyən ideyaların yayılmasına xidmət edir:

“Belə bir alternativin var və bu kimi nümunələr yüzlərlədir və övladlarımızın beyninə zəhərli düşüncələr səpilir.”

Abdullayeva hesab edir ki, uşaqların qeydiyyat olmadan daxil ola bildiyi bəzi rəqəmsal platformalarda nəzarət mexanizmləri gücləndirilməlidir. O, çıxışı zamanı “milli və insani dəyərləri təbliğ edən” video materialların, məqalələrin və paylaşımların sistemli şəkildə hazırlanmasını təklif edib.

Xatırladaq ki, son aylarda Milli Məclisdə tez-tez azyaşlıların sosial media istifadəsinə limitləmələr gətirilməsinə toxunulurdu. Elə bu gün – 8 iyunda Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun verdiyi açıqlamada bildirib ki, ölkə üzrə məktəblərdə “TikTok” sosial şəbəkəsinə giriş qadağan edilib. Hələlik təklifin qanun layihəsi kimi nə zaman müzakirəyə çıxarılacağı və məhdudiyyətlərin hansı platformalara şamil ediləcəyi tam açıqlanmasa da müəyyən məhdudiyyətlərin həyata keçiriləcəyi aydındır.

Bu cür müzakirələrdə diqqət çəkən məqamlardan biri də LGBTQ+lərin mövcudluğunun “təhdid”, “zərərli fikir” və ya “təbliğat” kimi təqdim edilməsidir. Əgər məqsəd həqiqətən də uşaqların internetdən təhlükəsiz istifadəsi, şəxsi məlumatların qorunması və ya yaşa uyğun məzmunla bağlı mexanizmlər yaratmaqdırsa, bunun əsaslandırılması üçün LGBTQ+ kimliyini istifadə etməyə ehtiyac yoxdur.

Duolingo dil öyrənmə platformasıdır və gündəlik həyatda rast gəlinə biləcək müxtəlif insanları, ailə modellərini və sosial münasibətləri əks etdirən nümunələrdən istifadə edir. Platformada fərqli millətlərə, dinlərə, peşələrə və münasibətlərə dair cümlələr olduğu kimi, eynicinsli münasibətlərlə bağlı nümunələrə də rast gəlinə bilər. Bu, dil öyrənmə metodikasının bir hissəsidir və hansısa ideologiyanın təbliği kimi təqdim olunması mübahisəlidir.

Paylaş