1 İyun: Bütün uşaqları xatırlayaq

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda təbriklər, tədbirlər və rəngarəng şəkillərlə qeyd olunur. Amma uşaqların müdafiəsindən danışarkən gözardı edilənlər var. Azərbaycanda minlərlə uşaq yoxsulluq, sosial müdafiəyə çıxışın məhdudluğu, təhsildən yayındırma, məcburi əməyə cəlb edilmə və erkən nikah kimi problemlərlə üzləşir.

Məsələn, keçən il ölkədə 18 yaşadək qızlar tərəfindən 877 uşaq dünyaya gətirilib. Bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin özü hesabatında məlumat yayıb.

Bu risk qruplarına LGBTQ+ kimliyinə görə fərqlənən və ya sadəcə stereotiplərə uyğun davranmayan uşaqlar da daxildir. Onlar çox vaxt həmyaşıdları tərəfindən gözümçıxdıya salınmağı, müəllimlərin laqeydliyi, ailə təzyiqi və sosial təcridlə üzləşirlər. Bu təzyiqlər birbaşa açıq zorakılıq formasında olmasa belə “sən niyə belə yeriyirsən?”, “normal ol” kimi replikalarla özünü göstərir. Bunlar bir çox kuirin uşaqlıqda üzləşdiyi təcrübələrdir.

Qıy Vaar! mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərərək uşaqların diskriminasiyadan qorunması, təhsil müəssisələrində ayrı-seçkilik halları üzrə şikayət mexanizmləri və LGBTQ+fobiya əsaslı zorakılığın qarşısının alınması istiqamətində görülən işlərlə bağlı məlumat istəyib. Lakin yazının dərc olunduğu tarixədək sorğularımıza cavab daxil olmayıb.

Paylaş