ran tərəfi FIFA-ya bildirib ki, milli komanda yarışa yalnız “ölkənin dini dəyərlərinə, mədəniyyətinə və prinsiplərinə zidd addımlar atılmayacağı” halda qatılacaq. Tələbdə ev sahibi ölkələrin İranın “həssas mövqeyini” nəzərə almalı olduğu vurğulanır. İran tərəfi tribunlarda yalnız rəsmi dövlət bayraqlarına icazə verilməsini əsas tələblərdən biri kimi qoyur.
İranın dünya çempionatına qatılması ilə bağlı məsələ Kanada hökumətinin bu ilin aprel ayında İran Futbol Federasiyasının prezidenti Mehdi Taja ölkəyə giriş icazəsi verməməsindən sonra daha da gərginləşib. Taj, FIFA konqresi üçün Vankuverdə keçiriləcək tədbirə qatılmağı planlaşdırırdı. Bildirilir ki, qərarın səbəbi onun keçmişdə İran İslam İnqilabı Keşikçiləri Korpusunda (IRGC) fəaliyyət göstərməsi olub. Kanada və ABŞ həmin qurumu terror təşkilatı kimi tanıyır.
Bunun fonunda İran FIFA-dan keçmiş IRGC üzvləri də daxil olmaqla bütün futbolçular və rəsmilər üçün maneəsiz viza təminatı istəyib. Eyni zamanda turnir boyunca təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, İran himni və bayrağına hörmətlə yanaşılması tələb edilir.
İranın mövqeyi xüsusilə 26 iyun 2026-cı ildə Sietldə Misirlə keçiriləcək oyuna görə diqqət çəkir. Təşkilatçılar daha əvvəl həmin qarşılaşmanın LGBT icmasına dəstək məqsədilə “Pride Match” formatında təşkil olunacağını açıqlamışdı. Həm İran, həm də Misir ötən ilin dekabrında buna etiraz ediblər. Mehdi Taj isə bu qərarı “müəyyən bir qrupa yönəlmiş əsassız addım” adlandırmışdı.
Hər iki ölkədə LGBTQ+ fərdlərə qarşı ciddi təzyiqlər mövcuddur. İranda eynicinsli münasibətlər ağır cəzalar, hətta ölüm hökmü ilə nəticələnə bilər. Misirdə isə birbaşa qadağa olmasa da, məhkəmələr “ictimai əxlaq” qanunlarından istifadə edərək LGBTQ+ləri hədəf alır. Bu işlər üzrə uzunmüddətli həbs, məcburi əmək və deportasiya qərarları da tətbiq oluna bilir.
FIFA-nın İranın bəzi tələblərini nəzərə ala biləcəyi ehtimal edilsə də, vizalar və təhlükəsizlik məsələləri əsasən ABŞ, Kanada və Meksika hökumətlərinin səlahiyyətlərində qalır.

