Türkiyədə qız pop qrupu Manifestin təsisçisi və meneceri Tolqa Akış “müstehcen (əxlaqsız məzmun) yayımlanmasına vasitəçilik etmək” ittihamı ilə həbs edilib. Prokurorluğun məhkəməyə təqdim etdiyi sənəddə qrupun sosial media paylaşımlarının LGBTİ+ olmağı “təşviq etdiyi” iddia olunub.
Kaos GL yazır ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan Tolqa Akış prokurorluqda ifadəsi alındıqdan sonra o, “əxlaqsız məzmunun yayımlanmasına vasitəçilik etmək” həbsinə qərar verilib.
Akış “Manifest” qrupunun təsisçisi və meneceri, həmçinin Hypers agentliyinin qurucusudur. Onun saxlanılması ilə bağlı istintaqda “müstehcenlik”, narkotik maddədən istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı iddiaların da araşdırıldığı bildirilir. Lakin Akışın həbsinə əsas kimi məhz “müstehcen məzmunun yayımlanmasına vasitəçilik etmək” ittihamı göstərilir.
Prokurorluq sənədində diqqətçəkən məqam ittihamın LGBTİ+ təmsilçiliyi ilə birbaşa əlaqələndirilməsidir. Sənəddə qrupun sosial media paylaşımlarının geniş auditoriyaya çatdığı və uşaqların həmin məzmunlara “heç bir filtrasiya mexanizmi olmadan” çıxış edə bildiyi iddia edilir:
“Müstehcenlik (əxlaqsız məzmun) anlayışının cinayət hüququ kontekstində yalnız çılpaqlıq, bədənin görünməsi və ya şəxsdən şəxsə dəyişən subyektiv əxlaq anlayışı əsasında qiymətləndirilə biləcək bir anlayış olmadığı, müstehcenliyin məzmunun bütövlüyü və təqdim olunma forması ilə birlikdə, hədəflədiyi və ya faktiki olaraq çatdığı auditoriya nəzərə alınmaqla, xüsusilə uşaqların psixoloji, əxlaqi və sosial inkişafına təsiri ilə birlikdə müəyyən edilməsinin zəruri olduğu qənaətinə gəlinib.”
“Bu paylaşımlarla cəmiyyətin fərdlərini lezbiyan, gey, biseksual, travesti və ya transseksuallığı da təşviq edən və həvəsləndirən davranışlara yönəldə biləcəyi, sözügedən paylaşımların cəmiyyətin əxlaqi dəyərlərinə və Konstitusiyanın 41-ci maddəsinə uyğun olmadığı, dolayısıyla ədəb və həya baxımından yenə də oxşar fəaliyyətlərə/hərəkətlərə münasibətdə cəmiyyətin ortaq əxlaqi dəyərləri ilə Konstitusiyanın 41-ci maddəsində təminat altına alınan ‘Ailənin qorunması və uşaq hüquqları’ baxımından qiymətləndirilməsinin zəruri olduğu müəyyən edilmişdir.”
Akışa qarşı tətbiq edilən “müstehcen məzmunun yayımlanmasına vasitəçilik etmək” ittihamı Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsindəki “müstehcenlik” cinayəti ilə bağlıdır. Məcəllənin 226-cı maddəsinin ikinci bəndinə əsasən, müstehcen görüntü, yazı və ya sözləri mətbuat və yayım vasitəsilə yayımlayan və ya onların yayımlanmasına vasitəçilik edən şəxs altı aydan üç ilədək həbs və məhkəmə cəriməsi ilə cəzalandırıla bilər.
Lakin prokurorluğun Akışın işində bu maddəni LGBTİ+ görünürlüyü ilə əlaqələndirməsi ayrıca müzakirə mövzusudur. Çünki qanunun özündə LGBTİ+ insanların görünürlüyü və ya LGBTİ+ kimliyinin “təşviqi” müstəqil cinayət tərkibi kimi göstərilmir. Prokurorluğun sənədində Konstitusiyanın 41-ci maddəsinə – “Ailənin qorunması və uşaq hüquqları” maddəsinə istinad edilir.
Maddə 2010-cu ildə əlavə edilən müddəalarla birlikdə ailənin Türkiyə cəmiyyətinin təməli olduğu, dövlətin ailənin rifahı ilə yanaşı uşaqları qorumaq üçün tədbirlər görməli olduğu və dövlətin onları istismar və zorakılığın bütün formalarından qorumaq vəzifəsi qeyd olunur. Maddənin özündə LGBTİ+lərə dair hər hansı qadağa və ya LGBTİ+ görünürlüyünün “ailənin qorunmasına” zidd olduğuna dair müddəa yoxdur.
Manifest daha əvvəl də hədəfə alınmışdı
Tolqa Akışın həbsi Manifestlə bağlı ilk “müstehcenlik” araşdırması deyil. Akışın vəkilinin açıqlamasına görə, indiki həbs təxminən bir il əvvəl qrupun Küçükçiftlik Parkdakı konserti ilə bağlı başladılmış “müstehcenlik” istintaqı ilə əlaqəlidir.
Yeni istintaqın başlanmasından əvvəl fotoqraf Mesut Adlin sosial media və YouTube üzərindən Akış və Manifest qrupu ilə bağlı müxtəlif iddialar irəli sürmüşdü. Akışın vəkili Kaya Pulat isə 20 avqustda bu iddialarla bağlı təhdid və şantaj xarakterli hərəkətlərə görə prokurorluğa şikayət verildiyini açıqlamışdı.
Hazırda Akış həbsdədir və istintaq davam edir. Onun təqsiri məhkəmənin yekun qərarı ilə müəyyən edilməyib.

