
Human Rights Watch (HRW) Beynəlxalq İnsan Haqları Təşkilatının yaydığı bəyanatda həbsdə olan jurnalist və feminist fəal Aytac Tapdığın tibbi yardımla təmin olunması və azadlığa buraxılması tələb olunur. HRW Avropa İttifaqı və Avropa Şurasına çağırış edərək onları Azərbaycan hakimiyyətinə təzyiq etməyə səsləyir. Təşkilat, eyni zamanda, hakimiyyətdən “Fevral zorakılığını” araşdırmağı tələb edir.
Hökumətyönlü “Qafqazinfo.az” saytı isə yazı yayımlayaraq təşkilatın bu bəyanatını qərəzli adlandırıb və beynəlxalq təşkilatların Aytac Tapdıq ilə bağlı son aylarda verdiyi bəyanatları “Azərbaycana qarşı sistemli hücum” kimi təqdim edib.
Human Rights Watch-un Aytac Tapdıq ilə bağlı bəyanatının Azərbaycan dilinə tərcüməsini təqdim edirik:
“Ailəsinin və vəkilinin bildirdiyinə görə, Azərbaycan hakimiyyəti ciddi nəfəs darlığı olan həbsdəki jurnalistə mütəxəssis müayinəsindən və diaqnostik müayinələrdən keçməyə icazə vermir. Bu, ölkədə həbsdə olan jurnalistlərin vəziyyətinin pisləşməsinin son göstəricisidir.
Sürgündə fəaliyyət göstərən Meydan TV-nin müxbiri, Aytac Tapdıq imzası ilə yazan 32 yaşlı Aytac Əhmədova 6 dekabr 2024-cü ildən “Kürdəxanı” təcridxanasında istintaq dövrü üçün həbsdə saxlanılır. O, Azərbaycan COP29 iqlim sammitinə ev sahibliyi etdikdən bir neçə gün sonra Meydan TV-nin beş əməkdaşı ilə birlikdə keçirilən reydlər zamanı həbs edilib. İlkin olaraq ona valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb, daha sonra digər maliyyə cinayətləri ilə bağlı ittihamlar əlavə edilib.
Onun daha 11 jurnalist və media əməkdaşı ilə birlikdə davam edən məhkəmə prosesi 2025-ci ilin dekabrında başlayıb və hökmün elan olunacağı tarix hələ də müəyyən deyil.
Tapdığın burun çəpər əyriliyi və xroniki nəfəs darlığı var. 2026-cı ilin iyulunda həbsxanadan göndərdiyi məktubda onun 80 flakon burun spreyi istifadə etdiyi və ondan asılı vəziyyətə düşdüyü məlum olub. O, bildirib ki, Penitensiar Xidmətin ştatında qulaq, burun və boğaz (LOR) mütəxəssisi yoxdur.
Onun vəkilinin Ədliyyə Nazirliyinə müraciəti cavabsız qalıb, müvafiq MRT, KT müayinələrinin aparılması ilə bağlı müraciətlər rədd edilib və ona əvvəlki müayinələrin nəticələri verilməyib.
BMT-nin Məhbuslarla Rəftarın Minimal Standart Qaydalarına (Nelson Mandela Qaydaları) və Azərbaycanın bağlı olduğu İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin davamlı olaraq vurğuladığı prinsiplərə əsasən, məhbusların adi vətəndaşlar üçün mövcud olan tibbi xidmətə bərabər çıxışı olmalıdır. Tibbi müalicədən məhrumetmə pis rəftar hesab edilə bilər.
18 fevral tarixində Tapdıq və həbsdə olan iki həmkarı kameraya qəfil basqın zamanı fiziki zorakılığa məruz qalıblar.
Həmin ay müəssisədə ailə üzvləri ilə açıq görüşlər dayandırılıb. Daxili İşlər Nazirliyi Tapdığın anasına ölkədən çıxış qadağası qoyub. İyunun sonunda Tapdığın dostları ilə telefon danışıqları kəsilib. Tapdıq və həmkarları mayın 1-də keçirilən məhkəmə iclasında jurnalistikanın cinayət olmadığını qışqırdıqları üçün intizam tədbirləri ilə üzləşiblər.
Tapdıq Human Rights Watch-un 2023-cü ilin noyabrında media azadlıqlarına qarşı hazırkı təzyiq dalğası başladıqdan bəri izlədiyi və sənədləşdirdiyi 25 jurnalist arasındadır. Onlardan bəzilərinə artıq hökm oxunub.
Azərbaycan hakimiyyəti dərhal Tapdığı müvafiq tibbi yardım ilə təmin etməli və bununla bağlı məlumatları onun özünə və vəkilinə açıqlamalıdır. Hakimiyyət “Fevral zorakılığını” araşdırmalı, jurnalistlərə qarşı irəli sürülmüş bütün ittihamları geri çəkməli və onları azad etməlidir. Avropa İttifaqı və Avropa Şurası Azərbaycan hakimiyyətinə bu işlərlə bağlı açıq şəkildə təzyiq göstərməlidir.”
