
Epşteyn qalmaqalı ilə bağlı yayılan son sənədlər sosial şəbəkələrdə yeni bir müzakirə dalğası yaradıb. Bu dəfə diqqət çəkən əsas məqamlar translara münasibətlə bağlıdır. Bir tərəfdən gender adaptasiya əməliyyatları ilə tanınan Dr. Cess Tinqin adının siyahılarda keçməsi, digər tərəfdən isə bioloq Robert Trayversin Epşteynlə yazışmalarında translar barədə alçaldıcı tonda danışması ictimaiyyətin kəskin reaksiyasına səbəb olub.

Təbii ki, sosial media platformaları daha çox diqqət çəkmək üçün bu xəbərləri yenə trans icmasını hədəf göstərən mənfi çalarlarla təqdim edir. Lakin bu səs-küyün kölgəsində qalan, bəlkə də ən sarsıdıcı məqam Epşteynin qurbanları arasında bir trans qızın da olması faktıdır.
Məhkəmə qeydlərində Maksimiliya Kordero kimi də tanınan Ava Kordero, 2007-ci ilin oktyabrında 16 yaşında olarkən Epşteynin ona qarşı cinsi zorakılıq etdiyini iddia edərək mülki iddia qaldırıb. Korderonun ifadəsinə görə, Epşteyn ona “Victoria’s Secret”-in rəhbəri Les Veksner ilə işlədiyini deyərək modellik karyerasında kömək vəd edib. Aldadılaraq Epşteynin malikanəsinə gətirilən Ava, orada təzyiq altında ona masaj etməyə məcbur edilib və daha sonra cinsi qısnamaya məruz qalıb. Onun iddiası Epşteynlə bağlı bir çox ifadələrdə görülən ümumi struktura uyğun idi.
İddia andlı iclasçıların qarşısına belə gedib çıxa bilməmişdi. Hadisələr 2000-2001-ci ildə baş vermişdi, Korderonun müraciəti isə 2007-ci ildə baş tutmuşdu. O, məhkəmə qarşısında gec müraciətini Nyu-Yorkun məhdud “psixoloji pozuntu” müddəası ilə əsaslandırmışdı. Məhkəmə fayllarında onun psixoloji vəziyyəti qiymətləndirilmiş və psixoloji pozuntusunun sadəcə asılılıq, depressiya və təşviş olması qeyd olunmuşdu. 2008-ci ilin oktyabrında Nyu-York hakimi, Korderonun psixoloji pozuntu əsaslandırmasını rədd etmiş, daha sonra isə proseduru vaxtından gec başlatdığı üçün onun işini icraata qəbul etməmişdi. Məhkəmə hesab edib ki, bu hüquqi standart cəmiyyətdə öz hüquqlarını qoruya və fəaliyyət göstərə bilməyən insanlar üçün nəzərdə tutulub, ancaq Kordero həmin dövrlərdə hüquqi sənədləri imzalaya bildiyi üçün o bu insanların içinə daxil deyil.
Korderonun hekayəsinin dəyərsizləşdirilməsi ilk dəfə məhkəmə zalında baş verməmişdi. Epşteyni açıq şəkildə ittiham edən ilk şəxslərdən biri olmasına baxmayaraq, bu addımı atdıqdan dərhal sonra mətbuatda transfob şəkildə ələ salınmışdı. Onun iddiasından sonra gələn tabloid xəbərləri “azyaşlı təcavüzə məruz qalıb” həqiqətinə fokuslanmaq əvəzinə, onun gender kimliyini və sosial media (Myspace) paylaşımlarını hədəf seçirdi.

Rəsmi apellyasiya məhkəməsi sənədləri belə daha sonra “New York Post”un yanaşmasını təkrarlayaraq, onu sənədlərdə “modellik həvəskarı(wannabe)” hansı ki “daha böyük sirri var -o, bir kişidir” ifadələri ilə təsvir edirdi. Beləcə, Korderonun kimliyi diqqət çəkən tamaşaya çevrilirdi, onun uşaq yaşda Epşteyn kimi biri tərəfindən zorakılığa məruz qalması faktı isə arxa plana keçirdi.
Kordero daha sonra medianın bu yanaşmasına qarşı birbaşa mübarizə apardı. O, onu və iddialarını təqdim etmə tərzinə görə “New York Post”u böhtan xarakterli məlumat yaymaqda ittiham edərək məhkəməyə verdi. Mübahisə 2009-cu ildə Apellyasiya Şöbəsinə qədər çatdı və burada məhkəmə onun keysinin əsas hissəsini müzakirə etdikdən sonra onun ittihamını rədd etdi. Belə ki, “New York Post”-un məhkəmədə müdafiəsi Korderonun seksual fantaziyalarını və gender kimliyini müzakirə edən bir yazını oxuyan ortalama oxuyucunun Korderonun “azğın fahişə” olduğu təəsüratına qapılmayacağı olması idi. Məhkəmə də onlarla razılaşmışdı. Həmin işlə bağlı hüquqi sənədlər və şərhlər özlüyündə ayrılıqda “biabırçılıq” idi, belə ki, rəsmi hüquqi sənədlərdə “azğın fahişə” kimi ifadə leqallaşdırılmışdı.
Media yanaşmasında 2007-ci ildən bəri demək olar ki, iyirmi il keçməsinə baxmayaraq çox şey dəyişməyib. Başlıqlar onun haqqında hələ də “azyaşlı”-dan əvvəl “trans”-a fokuslanır. İşin içində bir trans olanda, fərdin kimliyi bir “yem”ə çevrilir. Zərərçəkənin başına gələn hadisələr isə görülmür. Görünən odur ki, trans kimliklər hələ də medianın əyləncə obyekti və siyasi oyunların aləti olaraq qalmaqdadır.