Avropada yaşayan azərbaycanlı kuirlərin köç hekayələrini bir araya gətirən “KÖÇ” qısa sənədli layihəsini birlikdə izlədik. Qıy Vaar! kollektivi olaraq Parisdəki azərbaycanlı kuirlər və dostlarımız ilə birlikdə 19 may günü icma görüşü keçirmişik.
“KÖÇ” Paris və Amsterdamda yaşayan azərbaycanlı LGBTQ+lərin həyat hekayələrindən bəhs edir. Reportajlarda gender kimliyi və ya cinsi orientasiyası səbəbilə ölkədən uzaqlaşmaq məcburiyyətində qalan insanların yaddaşı, aidiyyət hissi və yenidən həyat qurmaq cəhdləri ön plana çıxır. Söhbətlər boyunca iştirakçılarla birlikdə “niyə köçürük?” sualına cavab axtarılır.
Nümayişdən sonra icmamız və digər yoldaşlarımızla Azərbaycanda kuir icmanın hazırkı vəziyyəti, miqrasiya, parçalanma, diasporada icma qurmaq və 17 mayın mənası ətrafında söhbətləşdik.
Biz kollektiv şəkildə olmağın, bir-birimizlə əlaqədə qalmağın və yeni münasibətlər qurmağın dəyişdirici gücünə inanırıq. Özünü də avropada yaşayan təşəbbüskar kimi görürsənsə, bizə yaz.



