
Rusiyanın mərkəzi Tula vilayətində məhkəmə internet üzərindən aldığı dəri yubka barədə yazdığı rəyə görə Özbəkistan vətəndaşının öz ölkəsinə deportasiya edilməsinə qərar verib.
Məhkəmə materiallarına görə, həmin şəxs 2025-ci ilin sentyabrında Wildberries onlayn satış platformasında satışa çıxarılan süni dəridən hazırlanmış yubka haqqında rəy paylaşmışdı. Mediazona-nın diqqət çəkdiyi qərarda bildirilir ki, o, yubkanı geyindiyi fotoları yerləşdirərək belə yazıb:
“Necə də gözəl yubkadır! O, təkcə bədən quruluşumdakı qüsurları deyil, həm də kişi olduğumu gizlədir.”
Məhkəmə bu paylaşımı “qeyri-ənənəvi seksual orientasiyaların cəlbediciliyini açıq şəkildə təbliğ edən” məzmun kimi qiymətləndirib. Şəxs ittihamı qəbul edib və məhkəmədən deportasiya edilməməsini xahiş edib. Qərarda qeyd olunur ki, sözügedən rəy sonradan silinib.
O, 23 aprel tarixində saxlanılıb. Beş günlük inzibati həbs cəzasını çəkdikdən sonra deportasiya proseduru başa çatana qədər 90 günədək saxlanıla biləcəyi Kimovsk şəhərində yerləşən xarici vətəndaşlar üçün müvəqqəti saxlama mərkəzinə göndərilməli idi.
Bundan əlavə, hüquq-mühafizə orqanları onun sosial media hesabında “qadın geyimində olan kişi şəxsi” göstərdiyi iddia edilən foto və videolara görə ayrıca “LGBT təbliğatı” ittihamı da irəli sürüb. Lakin məhkəmə həmin işi prosessual çatışmazlıqların aradan qaldırılması üçün materialları hazırlayan əməkdaşlara geri qaytarıb.
Rusiya hakimiyyəti 2022-ci ildə “LGBT təbliğatı” ilə bağlı qadağaları daha da genişləndirərək “qeyri-ənənəvi seksual münasibətlərin” təşviqini qanunsuz elan etmişdi. Həmin vaxtdan etibarən onlarla insan bu qanun əsasında məsuliyyətə cəlb olunub; bəzi hallarda sosial şəbəkələrdə göyqurşağı bayrağı paylaşmaq belə ittiham üçün əsas sayılıb.
Mənbə: Novaya Gazeta
