
Çox vaxt bizə deyirlər ki, bəzi xidmətlər hamı üçündür hətta, pulsuzdur, yəni xidmətə çıxış üçün heç bir maneə qalmayıb. Məntiq də çox sadə görünür, əgər bir şey pulsuzdursa, deməli daha çox insan istifadə edəcək. Lakin praktika hər zaman bu məntiqlə işləmir.
Məsələn, PrEP, yəni İİV-dən qorunmaq üçün istifadə olunan vasitə. Son illərdə bəzi ölkələrdə bu vasitə pulsuz edilib və gözlənti o idi ki, daha çox insan bundan istifadə etməyə başlayacaq. Amma istifadəçiləri artırmaq üçün aparılan bir sıra araşdırmalar göstərir ki, vəziyyət o qədər də dəyişməyib. Yəni xidmət var, hətta pulsuzdur, lakin istifadə edənlər əsasən yenə eyni qrup olaraq qalır.
Burada maraqlı bir sual yaranır. İnsanlar ümumiyyətlə PrEP haqqında ilk dəfə haradan eşidir? Çox vaxt cavab dostlar, tanışlar, yəni öz çevrələridir. Rəsmi kampaniyalar, dövlət proqramları və ya xəstəxana məlumatları əsasən ikinci planda qalır. İnsanlar daha çox güvəndiyi şəxslərdən eşitdiyi məlumatlara və resurlara inanırlar. Bu o deməkdir ki, əgər ətrafımızda bu mövzu aktual deyilsə və ya az danışılırsa, mövzudan xəbərsiz qalmaq ehtimalımız artır.
Bu nöqtədə məsələ artıq təkcə PrEP deyil. Məsələ ondadır ki, kim bu xidmətin içində özünü görür, kim görmür. Çünki kuir icma deyəndə biz hamımızı bir yerə yığırıq, amma fərqli həyat və kimliklərimiz olduğu kimi, hamının təcrübəsi də fərqlidir. Bəzilərimiz üçün bu cür xidmətlər “normal” və əlçatan görünür. Amma digərləri üçün bu, uzaq bir şeydir, sanki onlara aid deyil.
Burada başqa bir sual da ortaya çıxır. Bu sistem ümumiyyətlə kimə görə qurulub? Çünki çox vaxt xidmətlər elə bir formada təqdim olunur ki, artıq məlumatlı, daha açıq yaşayan və müəyyən sosial çevrəyə sahib olan insanlar üçün daha rahat olur. Amma daha qapalı yaşayan, özünü açıq ifadə etməyən və ya ümumiyyətlə bu mövzulara çıxışı olmayan kuirllər avtomatik olaraq bu sistemdən kənarda qalır. Bu, açıq şəkildə deyilməsə də, sistemin daxilində gizli bir seçim mexanizmi kimi işləyir. Başqa sözlə, sistem bizi çıxdaş edir.
Məsələn, translar, kuir qadınlar, rural ərazilərdə məskunlaşan və ya ümumiyyətlə gizli kimliklə yaşayan kuirlər əksərən bu sistemlərin içində görünmür. Onlar üçün bu mövzular ya kifayət qədər izah olunmur, ya da elə təqdim olunur ki, sanki bu xidmət yalnız müəyyən bir qrup üçündür.
Maraqlı bir reallıq var ki, PrEP-dən istifadə edənlərin böyük hissəsi geylərdir. Bu təsadüfi deyil və bunun bir neçə səbəbi var.
Birincisi, məlumatın yayılması məsələsidir. PrEP haqqında məlumat daha çox gey kişilərin olduğu sosial çevrələrdə, platformalarda və kampaniyalarda yayılır. Yəni əgər sən bu çevrənin içindəsənsə, bu mövzu ilə qarşılaşma ehtimalın daha yüksək olur. Amma həmin çevrədən kənarda qalmaq, mövzu haqqında daha az məlumatlı olma ehtimalını da artırır.
İkincisi, xidmətlərin özünün necə təqdim olunmasıdır. PrEP çox vaxt elə təqdim olunur ki, sanki əsasən geylər üçün nəzərdə tutulub. Bu, açıq şəkildə deyilməsə də, mesajlarda, kampaniyalarda və bəzən həkimlərin yanaşmasında hiss oluna bilər. Nəticədə digər kuirlər özlərini bu sistemin içində görməkdə çətinlik çəkə bilər.

Üçüncüsü, sosial görünürlük məsələsidir. Geylər bir çox ölkələrdə, xüsusilə şəhər mühitində, daha çox görünən və müəyyən dərəcədə təşkilatlanmış bir qrupdur. Bu da o deməkdir ki, onların ehtiyacları daha tez gündəmə gəlir və xidmətlər də çox vaxt bu ehtiyaclar üzərindən formalaşır. Buda sistemin rahatlıq ehtiyacını qarşılayır. Kapitalist sistemlər əsasən gey kişiləri reklam üzü edərək, bu cür xidmətləri reklam edir, marjinal hesab oluna biləcək icmaları çıxdaş edib, digər icmalar üzərindən hədəf olunma ehtimallarını minimallaşdırır.
Bir də işin başqa tərəfi var, stiqma. Bu, bəlkə də ən böyük maneələrdən biridir. Xüsusilə bizim kimi daha konservativ cəmiyyətlərdə insanlar çox vaxt xəstəxanaya – QİÇS-lə mübarizə mərkəzinə getməkdən belə boyun qaçırır. Səbəb isə aydındır, insanlar çəkinir, qorxurlar ki, kiməsə görünərlər, haqqında nəsə deyilər, ya da şəxsi məlumatları gizli qalmaz. Bu qorxu çox realdır, Azərbaycan təcrübəsində konfidensiallıq xəstəxana heyətinin və ya digər pasientlərin iki dodağı arasındadır.
İndi bunu Azərbaycan kontekstində düşünəndə məsələ daha da aydın görünür. Kağız üzərində deyə bilərik ki, PrEP mövcuddur. Amma praktikada ona çatmaq heç də göründüyü qədər sadə deyil. Sadəcə bu müəssisələrə yaxınlaşıb PrEP və ya həkim konsultasiyası tələb etməklə məsələ həll olunmur. Əksər hallarda xüsusi mərkəzlərə yönləndirilirsən, əlavə görüşlər tələb olunur, rüşvət yayğındır, hətta psixoloqla danışmaq kimi mərhələlərdən keçmək lazım gəlir. Bu isə bir çox insan üçün əlavə bir yük və ifşalanma riski deməkdir.
İnsanların gizlilik mövzusunda narahat və həssas olduğu bir mühitdə, əlavə prosedurların mövcudluğu bu narahatlığı daha da artırır. Xüsusilə İİV-lə bağlı stiqmanın varlığı, insanların ümumiyyətlə bu xidmətdən uzaq durmasına səbəb ola bilir.
Maraqlıdır ki, başqa ölkələrdə bu proses daha fərqli işləyə bilir. Əsasən avropa ölkələrində kuirlər rahat şəkildə, uzun və mürəkkəb prosedurlar olmadan PrEP əldə edə bilir. Bu nsanlara daha çox güvən verir və prosesi “çətin bir şey” kimi yox, gündəlik bir sağlamlıq aktı kimi göstərir. Bu fərq bir daha göstərir ki, məsələ təkcə xidmətin ödənişli və ya pulsuz olması deyil, onun necə təqdim olunmasıdır.
Yəni nəticədə görürük ki, problem təkcə pul deyil. Məlumatın necə yayılması, insanların özünü nə qədər bu sistemin içində rahat hiss etməsi, xidmətin əlçatanlığı – bunların hamısı eyni dərəcədə önəmlidir. Əgər sistem bizə bariyer qoyursa, o xidmət pulsuz olsa belə, yenə də istifadə edilməyəcək.
Bəlkə də buna görə sualı bir az fərqli qoymaq lazımdır. Sual odur ki, “bu xidmət həqiqətən kimlər üçündür?” Çünki biz eyni icmanın içində olsaq da, hamımız eyni imkanlara sahib deyilik.
Bəs çıxış yolu nə ola bilər? Bəlkə də ən sadə cavab odur ki, bu mövzular daha açıq danışılmalıdır. Məlumat yalnız müəyyən çevrələrdə qalmamalıdır. Xidmətlər daha inklüziv şəkildə təqdim olunmalıdır ki, fərqli kuir təcrübələri olan insanların da ehtiyacları ödənsin. Çünki yalnız o zaman bu cür xidmətlər həqiqətən “hamı üçün” ola bilər.
