İyunun 13-də Lüksemburqda Amnesty International Luxembourg və Rosa Lëtzebuerg milli LGBTI assosiasiyasının dəstəyi ilə Azərbaycandakı LGBTQ+ icmasının vəziyyətinə həsr olunmuş tədbir təşkil edilib. Tədbirin təşəbbüskarları Aleks Şah və Esmiralda Wirtz olub.
Konfransın məqsədi Azərbaycanda LGBTQ+ insanların üzləşdiyi hüquqi və sosial problemlərə diqqət çəkmək, ölkədəki insan hüquqları vəziyyəti barədə məlumatlılığı artırmaq olub.


Tədbir çərçivəsində film nümayişi, ekspert çıxışları, təqdimatlar, sual-cavab sessiyası və drag performansı baş tutub. İnsan hüquqları aktivisti və jurnalist Həmidə Qiyasbəyli çıxış edərək öz təcrübələrini bölüşüb, eyni zamanda Azərbaycandakı LGBTQ+ insanların mövcud vəziyyəti barədə təqdimatla çıxış edib. İştirakçılara Azərbaycana aid müxtəlif məlumat və materiallar da təqdim olunub.


Konfrans zamanı Qıy Vaar! kollektivinin və Nəfəs LGBTİ+ Alyansının birgə dəstəyi ilə hazırlanmış “KÖÇ” qısa sənədli filmi nümayiş etdirilib. Qürur ayı çərçivəsində təqdim olunan film Paris və Amsterdamda yaşayan azərbaycanlı LGBTQ+ şəxslərin həyat hekayələrini bir araya gətirir.

