Qanun layihəsi yoxdur, amma LGBTQ deputatların müzakirəsində

Qanun layihəsi yoxdur, amma LGBTQ deputatların müzakirəsində


Parlamentdə LGBTQ+ təbliğatının qadağan olunmasını nəzərdə tutan qanun layihəsinin müzakirə edilmədiyi barədə açıqlamalardan bir neçə gün sonra daha iki deputat bu məsələyə münasibət bildirib. Vüqar İskəndərov internetdə və mediada yayımlanan məzmunun tənzimlənməsindən danışıb, Fazil Mustafa isə LGBTQ+ mövzusunu “Qərbdə anormal bir sistem” kimi təqdim edərək mümkün məhdudiyyətlərə milli-mənəvi dəyərlər prizmasından yanaşıb. Bəs mövcudluğu rəsmi şəkildə təsdiqlənməyən qanun layihəsi ətrafında bu müzakirələr niyə davam edir?

Əvvəlcə qanun layihəsi barədə nə deyilirdi?

Oktyabrın 10-da Modern.az yazırdı ki, Azərbaycanda LGBTQ+ təbliğatının qadağan olunmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə məlumatlar yayılsa da, açıqlama verən deputatlar belə bir layihədən xəbərdar olmadıqlarını bildiriblər. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə üzvü olduğu komitələrdə belə bir layihənin müzakirə edilmədiyini deyib. Ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədr müavini Jalə Əliyeva da bu mövzuda müzakirə aparılmadığını bildirib. Fazil Mustafa isə qanun layihəsi barədə məlumatının olmadığını söyləyib.

Buna baxmayaraq, oktyabrın 14-də deputat Vüqar İskəndərov, ertəsi gün isə Fazil Mustafa mövzu ilə bağlı mətbuata açıqlama veriblər. Beləliklə, mövcudluğu rəsmi qaydada təsdiqlənməyən qanun layihəsi ilə bağlı mümkün məhdudiyyətlərin necə tətbiq oluna biləcəyi müzakirə olunub.

Modern.az-a danışan deputat Vüqar İskəndərov LGBTQ+ mövzusunun emosional deyil, dövlətçilik, hüquq və ictimai məsuliyyət prizmasından müzakirə edilməli olduğunu bildirib. O, insanların şəxsi həyatı ilə ictimai informasiya məkanının tənzimlənməsinin fərqli məsələlər olduğunu deyib. İskəndərovun fikrincə, internetdə, reklamda, kinoda və digər platformalarda azyaşlılar üçün uyğun olmayan məzmunun tənzimlənməsinə kompleks yanaşılmalıdır. Deputat mümkün gələcək qanunvericilik təşəbbüsünün Konstitusiyanın təmin etdiyi hüquqlara uyğun olmasını da vacib sayıb. Onun sözlərinə görə, “təbliğat” anlayışı elə müəyyənləşdirilməlidir ki, ayrı-seçkiliyə, şəxsi həyata əsassız müdaxiləyə və fərqli fikirlərin avtomatik olaraq qanun pozuntusu sayılmasına gətirib çıxarmasın.

İskəndərovun açıqlamasında xüsusilə diqqət çəkən məqam odur ki, o, hər hansı insan qrupunun kimliyini deyil, məzmunun xarakterini əsas meyar sayır. Bu səbəbdən onun çıxışını Fazil Mustafanın daha sərt ifadələri ilə eyniləşdirmək düzgün olmaz.

Fazil Mustafa: “Qərbdə anormal bir sistem”

Oktyabrın 15-də Pravda.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa belə bir qanun layihəsi barədə məlumatının olmadığını bildirib. Bununla yanaşı, o, LGBTQ+ mövzusunu “Qərbdə anormal bir sistem” kimi təqdim edib və mümkün müzakirələr zamanı ölkənin milli-mənəvi dəyərlərinin nəzərə alınmalı olduğunu söyləyib.

Fazil Mustafanın LGBTQ+ ilə bağlı mövqeyi ilk dəfə deyil ki, gündəmə gəlir.

AzadlıqRadiosunun 2015-ci ildə dərc etdiyi müsahibədə deputat homoseksuallığın təhlükəli olduğunu və ailə institutunu dağıda biləcəyini iddia edib. O, həmçinin homoseksual insanların dövlət idarəçiliyində yüksək vəzifələrdə təmsil olunmasına qarşı çıxan fikirlər səsləndirib.

Məsələ yalnız həmin müsahibə ilə məhdudlaşmır. Avropa Şurası Parlament Assambleyasının 2022-ci ildə dərc etdiyi Cənubi Qafqazda LGBTİ+ hüquqlarına dair sənəddə də Fazil Mustafanın homoseksuallığı təbiətə və əxlaqa zidd kimi təqdim edən açıqlaması siyasətçilərin LGBTİ+ insanları hədəf alan nifrət nitqi nümunələri sırasında göstərilib. Həmin sənəddə siyasətçilərin və medianın damğalayıcı, ayrı-seçkilik yaradan ifadələrdən çəkinməsi üçün davranış qaydalarının qəbul edilməsinə çağırış da yer alıb.

Bu səbəbdən Mustafanın bugünkü açıqlamasını onun əvvəlki çıxışlarından ayrı qiymətləndirmək çətindir. İllər ərzində LGBTİ+ insanların cəmiyyətdəki mövcudluğunu təhlükə kimi təqdim edən ritorikanın təkrarlanması onların bərabər hüquqlara malik vətəndaşlar kimi qəbul edilməsinə maneə yarada bilər.

Siyasi debatın bərabər şərtlərdə aparılmadığını nəzərə alsaq, yüksək ictimai nüfuza malik şəxslərin seçdiyi dil və ifadələrin onsuz da hüquqlarından istifadə etməkdə çətinlik çəkən qruplar üçün əlavə maneələr yarada biləcəyini vurğulamaq vacibdir. Bu müzakirələrdə LGBTQİ+ icmasına mənsub insanların təhlükəsizliyinə və cəmiyyət həyatında açıq iştirak imkanlarına mümkün təsirlər də nəzərə alınmalıdır.

Qanunvericilik təşəbbüslərini müzakirə etmək normaldır. Lakin bu müzakirələr zamanı LGBTQİ+ insanların kimliyini uşaqlar üçün zərərli hesab edilən məzmunla eyniləşdirmək və ya onları ailə və milli-mənəvi dəyərlər üçün təhlükə kimi təqdim etmək ayrı-seçkiliyi gücləndirə bilər. Cəmiyyətdə onsuz da ayrı-seçkiliklə üzləşən bir qrup haqqında danışarkən siyasi nüfuza malik şəxslərin seçdiyi dil və ifadələr xüsusilə əhəmiyyətlidir.

Paylaş