Bu 20 Noyabrı Azərbaycanda qətlə yetirilmiş trans qadın Aydanın xatirəsinə həsr edirik.
20 Noyabr transfob nifrət və zorakılıq nəticəsində həyatını itirmiş transları yad etmək, onların hekayələrini danışmaq və bu ölümlərə səbəb olan sistemli problemləri gündəmə gətirmək üçündür.
Bu gün sizi transların fundamental hüquqlarını müdafiə etmək üçün çağırırıq.
Bu il Aydanı xatırlayırıq
Cinayət işi üzrə Aydanın qətlində təqsirləndirilən Röyal İsmayılov ifadəsində LGBTQ+lərə nifrət bəslədiyini, onları cəzalandırmaq istədiyini və Aydanı da öldürməyi əvvəlcədən planlaşdırdığını bildirib. Onun ifadələri bu cinayətin arxasında dayanan transfob nifrətin miqyasını göstərir.
Bununla belə, fevralın 13-də qətl edilən Aydanın trans qadın olmasının məhkəmə materiallarında əks olunmaması, onun istifadə etdiyi adın tanınmaması və kimliyinin gizlədilməsi ilə bağlı icmadan aldığımız məlumatlar transların hər daim yaşadığı problemləri də üzə çıxarır.
Bizlərə qarşı zorakılıq ayrı-ayrı hadisələrdən ibarət deyil. Bu zorakılıq ayrı-seçkilik, sosial təcrid, ailə və cəmiyyət tərəfindən rədd edilmə, hüquqi müdafiənin yetərsizliyi və cəzasızlıq mühiti ilə əlaqəlidir.
Trans Avropa və Mərkəzi Asiya (TGEU) təşkilatının 2026-cı il Trans Qətl Monitorinqi hesabatına əsasən, keçən il dünyada 273 trans qətli sənədləşdirilib. Bu, orta hesabla hər 32 saatda bir insanın öldürülməsi deməkdir. Bu rəqəmlər yalnız sənədləşdirilə bilən halları əhatə edir. Bəzi ölümlər isə ümumiyyətlə qeydə alınmır və ya qurbanların kimliyi düzgün tanınmadığı üçün statistikadan kənarda qalır.
Azərbaycanda LGBTQ+lərə nifrət motivli cinayətlərə qarşı ayrıca hüquqi müdafiə mexanizmləri ilə təmin edilməsə də, bu, məhkəmənin qarşısında duran faktların və təqsirləndirilən şəxsin öz ifadəsində ortaya qoyduğu motivlərin nəzərə alınmasına mane olmamalıdır. Elə bu səbəbdən işə baxan hakimə və məhkəmə orqanlarına çağırış edirik ki, cinayətin bütün halları, o cümlədən təqsirləndirilən hərtərəfli və obyektiv qiymətləndirsinlər. Aydanın kimliyi və qətlin mümkün transfob motivi məhkəmə araşdırmasında nəzərə alınsın. Ədalət mühakiməsi cəmiyyətin bütün üzvlərinin hüquq və ləyaqətini qorumağa xidmət etməlidir.
