Hər 32 saatda bir trans qətlə yetirilir

Hər 32 saatda bir trans qətlə yetirilir

Avropa və Mərkəzi Asiya üzrə trans hüquqları təşkilatı TGEU (Trans Europe and Central Asia) 2026-cı il üzrə Trans Qətl Monitorinqi (TMM) hesabatını yayımlayıb. Hesabata əsasən, 1 oktyabr 2025-ci il – 30 sentyabr 2026-cı il tarixləri arasında dünyada 273 transın qətlə yetirildiyi sənədləşdirilib. Bu, orta hesabla hər 32 saatda bir transın qətlə yetirilməsi deməkdir.

Bu il qətllər 35 ölkədə qeydə alınıb. Bu, monitorinqin başladığı 2009-cu ildən bəri ikinci ən yüksək göstəricidir. Ümumilikdə, TGEU son 17 ildə dünya üzrə 5 500-dən çox trans və gender müxtəlifliyi olan insanın qətlini sənədləşdirib.

Layihə müxtəlif ölkələrdə fəaliyyət göstərən yerli təşkilatların, trans hüquqları fəallarının və tədqiqatçıların əməkdaşlığı ilə həyata keçirilir. Qıy Vaar! kollektivi də TGEU-nun Trans Qətl Monitorinqi layihəsinin 2026-cı il üzrə tədqiqat tərəfdaşları siyahısında Azərbaycanı təmsil edir. 

Tədqiqat göstərir ki, qətllərin böyük əksəriyyəti trans qadınlara və trans femininlərə qarşı törədilib. Qurbanların 95%-i bu qrupa daxildir. Qeydə alınan qurbanların təxminən 75%-i qara və ya qəhvəyi dərili translardır. Onların 32%-ni isə seks işçiləri təşkil edir.

Coğrafi bölgü üzrə qətllərin 69%-i Latın Amerikası və Karib hövzəsində baş verib. Braziliya qeydə alınan ümumi qətllərin 32%-i ilə ilk sıradadır.

Avropada isə 13 transın qətli sənədləşdirilib. Bu, 2023-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Qurbanların əksəriyyəti beynəlxalq miqrantlar olub.

Hesabatda digər diqqətçəkən məqam cinayətlərin araşdırılması ilə bağlıdır. Məlumatın mövcud olduğu hallarda qətllərin yalnız 21%-də şübhəli şəxslərin həbs edildiyi bildirilir. Həmçinin, məlum cinayətkarlar arasında polis, hərbçi və digər dövlət strukturlarının nümayəndələrinin də olduğu qeyd olunur.

Rəqəmlər reallığın yalnız bir hissəsidir

TGEU vurğulayır ki, hesabatda təqdim olunan rəqəmlər translara qarşı törədilən bütün qətlləri əhatə etmir. Monitorinq yalnız məlumatı əldə edilən və sənədləşdirilməsi mümkün olan halları qeydə alır.

Vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının məhdudlaşdırılması, maliyyə çatışmazlığı, mediada transfob münasibət və transların kimliklərinin ölümündən sonra gizlədilməsi halların qeydə alınmasını çətinləşdirir. Bu səbəbdən hesabatda bəzi regionlarda qeydə alınan qətllərin sayının azalması zorakılığın azaldığı kimi qiymətləndirilmir.

Trans Fərqindəlik Həftəsi və 20 noyabr – Transfobiya Qurbanlarının Anım Günü (Trans Day of Remembrance) ərəfəsində yayımlanan bu hesabat vasitəsi ilə TGEU təşkilatı hökumətləri transları məhdudlaşdıran qanun və siyasətləri ləğv etməyə, transları ayrı-seçkilik və nifrət cinayətlərindən qoruyan hüquqi mexanizmlər yaratmağa, seks işçilərinin əmək hüquqlarını təmin etməyə və trans hüquqları təşkilatlarının fəaliyyətini dəstəkləməyə çağırır.

Paylaş