Azərbaycan BMT-də LGBTQ+ qətl qurbanlarına dair istinadın silinməsinə səs verdi

Azərbaycan BMT-də LGBTQ+ qətl qurbanlarına dair istinadın silinməsinə səs verdi

Azərbaycan LGBTQ+lərin cinsi oriyentasiyası və gender kimliyinə görə öldürülməsinin BMT qətnaməsində ayrıca qeyd olunmasının çıxarılmasını dəstəkləyib.

Söhbət BMT Baş Assambleyasının qanunsuz qətllərlə bağlı qəbul etdiyi qətnamədən gedir. Bu sənəd dövlətləri insanların qanunsuz öldürülməsinin qarşısını almağa, baş verən qətlləri araşdırmağa və məsul şəxsləri cəzalandırmağa çağırır. Qətnamədə zorakılıq riski yüksək olan müxtəlif qruplar, o cümlədən jurnalistlər, hüquq müdafiəçiləri, dini azlıqlar və LGBTQ+lər ayrıca qeyd olunur.

Noyabrın 13-də BMT-nin insan hüquqları məsələlərini müzakirə edən Üçüncü Komitəsində qətnaməyə düzəliş təklif edildi. Misirin təqdim etdiyi düzəliş LGBTQ+lərin cinsi oriyentasiyası və gender kimliyinə görə öldürülməsinə dair istinadın sənəddən çıxarılmasını nəzərdə tuturdu. Bu istinadın əvəzinə daha ümumi ifadənin işlədilməsi təklif olunurdu.

Düzəliş 74 əleyhinə, 69 lehinə və 24 bitərəf səslə rədd edildi. Azərbaycan isə LGBTQ+ qətl qurbanlarına dair istinadın silinməsini dəstəkləyən 69 ölkədən biri oldu. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinə Tofiq F. Musayev rəhbərlik edir. Səsvermə ölkənin BMT-dəki nümayəndə heyətinin rəsmi mövqeyi kimi qeydə alınıb.

13 noyabr 2026-cı ildə BMT Baş Assambleyasının Üçüncü Komitəsində LGBTQ+ qətl qurbanlarına dair istinadın qətnamədən çıxarılması təklifinə səsvermə. Azərbaycan düzəlişin lehinə səs verib. © UN Web TV

İstinadın saxlanıldığı qətnamə 131 lehinə, 0 əleyhinə və 47 bitərəf səslə qəbul edildi. Qətnamə hüquqi baxımdan məcburi olmasa da, dövlətlərin qanunsuz qətllərlə bağlı məsuliyyətini vurğulayan beynəlxalq siyasi sənəddir. Yekun səsvermənin dekabrda BMT Baş Assambleyasının plenar iclasında keçirilməsi gözlənilir.

Paylaş