Belarusda LGBTİ+ repressiyanın yeni mərhələsi: qanunlar nə deyir?

Belarusda LGBTİ+ repressiyanın yeni mərhələsi: qanunlar nə deyir?

Belarusda LGBTİ+lərə qarşı təzyiq artıq yalnız polis basqınları və dövlət mediasındakı homofob təbliğatla məhdudlaşmır. Son iki ildə qəbul edilən qanun və qərarlarla LGBTİ+ mövzusunda danışmaq, məlumat yaymaq, LGBTİ+ həyatı haqqında yazmaq və hətta bəzi hallarda maarifləndirici məzmun paylaşmaq hüquqi riskə çevrilib.

Repressiyanın hüquqi əsaslarından biri 2024-cü ildə genişləndirilən pornoqrafiya anlayışıdır.

2024-cü ilin aprelindən Belarusda LGBTİ+ həyatını göstərən foto, video və digər vizual materiallar qanunvericilikdə pornoqrafiya anlayışı ilə əlaqələndirildi. Həmin il Belarus Mədəniyyət Nazirliyi “erotik materiallar”la bağlı qərarına dəyişiklik etdi. Yeni qaydalarda “homoseksualizm”, “lezbiyan sevgisi” və “trans həyat tərzi” “qeyri-ənənəvi cinsi münasibət və ya davranış” kateqoriyasına daxil edildi.

Beləliklə, LGBTİ+lərin münasibətlərini əks etdirən materiallar Belarus hüququ çərçivəsində nekrofiliya, pedofiliya və voyeurizm kimi anlayışlarla eyni “qeyri-ənənəvi münasibətlər” kateqoriyasında təsnifləndirilib. Bu dəyişiklik LGBTİ+lərin sadəcə mövcudluğunu deyil, onların həyatını əks etdirən materialların da hakimiyyət tərəfindən məhdudlaşdırılması üçün hüquqi əsas yaradır. 

Bu nə deməkdir?

Məsələn, LGBTİ+ həyatından bəhs edən foto, video və ya digər vizual material müəyyən hallarda dövlət tərəfindən “pornoqrafik” məzmun kimi qiymətləndirilə bilər. Belarusda pornoqrafiyanın ictimai nümayişinə görə 4 ilədək həbs cəzası nəzərdə tutulur. Uşaq pornoqrafiyasına görə isə cəza 13 ilədək həbs ola bilər.

Lakin LGBTİ+lərin yeni pornoqrafiya qanununa necə daxil ediləcəyi tam aydın göstərilməyib. İnsan hüquqları təşkilatları bu qeyri-müəyyənliyin LGBTİ+lərin görünürlüyünə və ləyaqətinə qarşı istifadə oluna biləcəyini bildirirlər. Human Rights Watch yeni qaydaların onsuz da ayrı-seçkilik və təqib riski ilə üzləşən LGBTİ+ icmalarının daha da müdafiəsiz vəziyyətə sala biləcəyini qeyd edir.

Kitab və mətbuata da məhdudiyyət qoyulub

Repressiya yalnız internet və sosial şəbəkələrlə məhdudlaşmır. 2024-cü ilin noyabrında Belarusun İnformasiya Nazirliyi yayımçılara “qeyri-ənənəvi cinsi münasibətləri təbliğ edən” və Belarus cəmiyyətinə  materialları dövriyyədən çıxarmaq göstərişi verib.

Belarus Baş prokuroru Andrey Şved həmin ilim“qeyri-ənənəvi münasibətlərin”, pedofiliyanın və könüllü uşaqsızlığın “təbliği”nə görə inzibati məsuliyyət tətbiq ediləcəyini fevralında açıqlamışdı. Baş prokuror LGBTİ+ yaşayış tərzini “ənənəvi ailə dəyərlərinə” qarşı təhlükə kimi təqdim edib. Belarus dövlət televiziyasına açıqlamasında bu mövzuların hətta “müzakirəsinin qarşısının alınmasının” vacib olduğunu deyib. O, həmçinin məktəblər də daxil olmaqla “geniş ideoloji və maarifləndirici iş” aparılmasının zəruriliyini vurğulayıb.

Bu istiqamətdə ilk dəyişiklik isə 2025-ci ilin iyulunda qəbul edilib. Uşaq Hüquqları haqqında qanuna edilən dəyişikliklərlə homoseksual münasibətlərin, gender adaptasiya əməliyyatlarının, pedofiliyanın və “uşaqsızlığın təbliği” uşaqların psixoloji sağlamlığı üçün zərərli məlumatlar sırasına daxil edildi. Dəyişikliklər 2026-cı ilin yanvarından bəri qüvvədədir. Elə həmin ayda İnzibati Xətalar Məcəlləsinə 19.16-cı maddənin əlavə edilərək, yalnız uşaqlara yönələn məlumatları deyil, bütün bu məzmunların yayılmasını ayrıca inzibati xəta kimi müəyyən etdi.

Bu dəyişikliklərlə Lukaşenko hakimiyyəti LGBTİ+lərin hüquqları ilə bağlı mövzuların yalnız hüquqi məhdudiyyətlərlə deyil, dövlətin ideoloji siyasəti çərçivəsində də sıxışdırılmasına nail oldu.

Lukaşenkonun anti-LGBTİ+ siyasəti

Belarusda homoseksuallıq 1994-cü ildə dekriminallaşdırılıb. Lakin ölkədə eynicinsli nikahlar tanınmır və LGBTİ+ləri ayrı-seçkilikdən qoruyan hərtərəfli hüquqi mexanizmlər mövcud deyil.

Ölkənin siyasi hakimiyyəti isə LGBTİ+lərə qarşı açıq şəkildə düşmən mövqe nümayiş etdirib. Aleksandr Lukaşenko homoseksuallıq haqqında dəfələrlə təhqiramiz ifadələr işlədib və ictimai çıxışlarından birində “diktator olmağın gey olmaqdan daha yaxşı olduğunu” deyib. 

KQB LGBT+ ləri şantajla əməkdaşlığa cəlb edir

Belarus hüquq müdafiə təşkilatlarının məlumatlarına görə, LGBTİ+lər ölkənin təhlükəsizlik orqanlarının, o cümlədən KQB-nin təzyiqi ilə də üzləşirlər. Hüquq müdafiəçiləri KQB-nin bəzi LGBTİ+ləri seksual orientasiyalarını ictimailəşdirməklə hədələyərək əməkdaşlığa məcbur etdiyini bildirirlər. LGBTİ+ fəallarının sözlərinə görə, icma daxilində intihar halları da yüksəkdir. Onlar bu vəziyyətin səbəblərindən biri kimi LGBTİ+lər üçün peşəkar psixoloji dəstəyin əlçatan olmamasını göstərirlər. 2023-cü ildə LGBTİ+ hüquqları üzrə beynəlxalq təşkilat ILGA  Avropa Belarusda LGBTİ+lərin hüquq və azadlıqlarının vəziyyətini Avropa və Mərkəzi Asiya ölkələri arasında 45-ci yerdə qiymətləndirib. Təşkilat Belarusda hakimiyyətə yaxın təbliğatçıların LGBTİ+ fəallarının təqib edilməsinə mütəmadi olaraq çağırış etdiyini bildirib.

2020-ci ilin avqustunda keçirilən prezident seçkilərindən sonra Belarusda hakimiyyətə qarşı çıxan şəxslərə və müxalifətə qarşı genişmiqyaslı repressiyalar güclənib. Müxalifət və Qərb ölkələri seçkilərin nəticələrini saxtalaşdırılmış hesab edib. Bu repressiya şəraitində LGBTİ+lər də ölkəni tərk etməyə başlayıblar.

4 Ayda 24 LGBTİ+ fəalı hədəfə alındı

Belarusda LGBTİ+lərə qarşı təqib zamanı yalnız yeni paylaşımlar deyil, illər əvvəl yayımlanmış foto və videolar, storilər, paylaşım mətnləri və digər rəqəmsal izlər də araşdırılır. TG House-un məlumatına görə, bu materiallar “LGBTİ+ təbliğatı” ittihamı üçün əsas kimi istifadə oluna bilər. Bu ilin may – avqust tarixlərində TG House təşkilatına təqib, təhdid və ya repressiya riski ilə üzləşən LGBT+lərdən 24 müraciət daxil olub. Təşkilat bu müraciətçilərdən yalnız 10 nəfərin, o cümlədən 5 transın ölkədən təhlükəsiz çıxmasına kömək edib.

Bununla belə, təqibi təsdiqləyən protokol, qərar və ya digər rəsmi sənədlərə yalnız 6 nəfər sahib olub. 

Belarusda LGBTİ-lərə qarşı yeni repressiyaya beynəlxalq etiraz kampaniyası

Belarusda 19.16-cı maddənin qüvvəyə minməsindən sonra  LGBTQ+ House  kollektivi “Article 19.16: 100 days” ictimai vəkillik kampaniyasına başlayıb. Kampaniya maddənin ləğv edilməsini, onun tətbiqinə beynəlxalq nəzarətin təmin olunmasını və bu maddədən irəli gələn risklərin beynəlxalq müdafiə və sığınacaq qərarlarında nəzərə alınmasını tələb edir. Eləcə də All Out və TG House beynəlxalq imza kampaniyası başladıb. İmzalaya bilərsiniz.

Paylaş