Avropa Şurası LGBTI bərabərliyi üzrə ilk strategiya sənədi qəbul etdi

Avropa Şurası LGBTI bərabərliyi üzrə ilk strategiya sənədi qəbul etdi

Avropa Şurası LGBTI-lərin hüquqları ilə bağlı təşkilat tarixində ilk strategiyasını qəbul edib. Nazirlər Komitəsi 23 sentyabr 2026-cı ildə “LGBTI İnsanların Bərabər Hüquqları üzrə Strategiya – 2027-2032” sənədini təsdiqləyib. Beş illik strategiya Avropa Şurasına üzv dövlətlərdə LGBTI-lərin insan hüquqlarından bərabər şəkildə istifadə etməsini təmin etmək üçün ümumi çərçivə müəyyənləşdirir.

Avropa Şurasının məlumatına görə, bu strategiyanın qəbul edilməsi təşkilatın LGBTI hüquqları sahəsində fəaliyyətinin yeni mərhələsidir. Bu fəaliyyətin əsas mərhələlərindən biri 1981-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin LGBTI hüquqları ilə bağlı ilk qərarı olub – “Dudgeon Birləşmiş Krallığa qarşı” işi. O vaxtdan bəri məhkəmənin qərarları, Nazirlər Komitəsinin tövsiyələri və Avropa Şurasının digər monitorinq mexanizmləri vasitəsilə LGBTI insanların hüquqlarının qorunması ilə bağlı mühüm standartlar formalaşıb. Yeni strategiya bu mövcud hüquqi standartları vahid çərçivədə birləşdirir və onların üzv dövlətlərdə daha effektiv və ardıcıl şəkildə həyata keçirilməsinə yönəlir.

Strategiyanın dörd əsas istiqaməti

Sənəddə 2027–2032-ci illər üçün dörd əsas prioritet müəyyənləşdirilib:

1. Bərabər hüquq və ləyaqətin tanınması
LGBTI-lərin bərabər hüquqlarına və ləyaqətinə hörmətin gücləndirilməsi, stiqma və dözümsüzlüyə qarşı mübarizə aparılması nəzərdə tutulur.

2. Dezinformasiya və manipulyasiyaya qarşı mübarizə
LGBTI-lər haqqında yayılan dezinformasiya və manipulyativ məlumatların qarşısının alınması, bununla yanaşı demokratiyanın, insan hüquqlarının və hüququn aliliyinin qorunması strategiyanın əsas istiqamətlərindən biridir.

3. Zorakılıq və nifrətlə mübarizə
LGBTI-lərə qarşı zorakılıq, nifrət cinayətləri və digər nifrət əsaslı hücumların qarşısının alınması və onlara qarşı mübarizənin gücləndirilməsi hədəflənir.

4. Hüquqi və institusional müdafiənin gücləndirilməsi
LGBTI-lərin hüquqlarının qorunması üçün effektiv hüquqi, institusional və tənzimləyici mexanizmlərin yaradılması və möhkəmləndirilməsi nəzərdə tutulur.

Strategiya yalnız ayrı-seçkilik və zorakılıqla mübarizə ilə məhdudlaşmır. Sənəddə şəxsi və ailə həyatı, təhsil, məşğulluq, səhiyyə, dövlət xidmətləri, nifrət nitqi və nifrət cinayətləri, zərərçəkənlərə dəstək və vətəndaş cəmiyyətinin iştirakı kimi sahələr də əhatə olunur. Rəqəmsal texnologiyalar və süni intellektin yaratdığı risklərə də xüsusi diqqət yetirilir. Avropa Şurası qeyd edir ki, bu texnologiyalar ayrı-seçkiliyi və qərəzi gücləndirə, onlayn zorakılığı asanlaşdıra və zərərli məzmunun yayılmasını sürətləndirə bilər.

Strategiyanın həyata keçirilməsində əsas məsuliyyət üzv dövlətlərin üzərinə qoyulur. Avropa Şurası isə dövlətlərə hüquqi və siyasət üzrə ekspertiza, texniki yardım, təlim və təcrübə mübadiləsi vasitəsilə dəstək verəcək. Strategiyanın rəsmi təqdimatı 26 yanvar 2027-ci ildə Monteneqronun Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsindəkeçiriləcək tədbirə planlaşdırılır.

Beləliklə, Avropa Şurası ilk dəfə LGBTI-lərin bərabər hüquqları üzrə ayrıca beşillik strategiya qəbul etməklə, üzv dövlətlər üçün bu sahədə vahid fəaliyyət istiqaməti müəyyənləşdirib.

AŞPA Əvəz Hafizlinin işini ayrıca qeyd edib

Bu strategiyanın qəbulundan əvvəl, 24 iyun 2026-cı ildə AŞPA Azərbaycandakı siyasi və insan hüquqları vəziyyəti ilə bağlı “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnamə qəbul edib. Həmin qətnamədə müstəqil medianın və vətəndaş cəmiyyətinin sıxışdırılması, siyasi məhbusların sayının artması və jurnalistlərə, hüquq müdafiəçilərinə və digər tənqidi səslərə qarşı təzyiqlərlə yanaşı, LGBTI icmasının üzləşdiyi təhlükələrə də xüsusi diqqət çəkilib. Sənəddə 2022-ci ildə öldürülən jurnalist və LGBTI hüquqları fəalı Əvəz Hafizlininişi ayrıca araşdırılıb. AŞPA onun qətlinin seksual orientasiyası və LGBTI fəallığı ilə bağlı olduğunu göstərən faktları qeyd edib və bu işin yalnız qətlin törədilməsinin araşdırılması ilə məhdudlaşmamasına, hadisənin arxasındakı daha geniş kontekstin, o cümlədən homofobiya, transfobiya, nifrət nitqi və LGBTI hüquqları müdafiəçilərinin təhlükəsizliyinin araşdırılmasına ehtiyac olduğunu vurğulayıb. Qətnamədə Azərbaycanda LGBTI icmasına qarşı təhdid və təhqirlərin geniş yayıldığı və bu şəxslərin daha effektiv qorunmasına ehtiyac olduğu da qeyd edilir.

Paylaş