Qafqazinfo kuirləri ağılsız və pullu göstərən saxta xəbərlər uydurur?

Qafqazinfo kuirləri ağılsız və pullu göstərən saxta xəbərlər uydurur?

Qafqazinfo yaydığı xəbərdə bir homoseksualın dələduzluğa məruz qalmasından bəhs edir. Xəbərdə qeyd edilir ki, 44 yaşlı keçmiş məhkum olan Vüsal tanışı vasitəsilə əlaqə qurduğu Anar adlı homoseksualı aldadaraq 8 min manatını mənimsəyib.

“Ən maraqlısı isə onun qurduğu plan olub. Uzun illərdir Bəhreyn Krallığında yaşayan və homoseksual olan Anarın Bakıya gəlmək istədiyini eşidən Vüsal onunla vatsap vasitəsilə əlaqə saxlayıb. O, Anarı inandırmağa çalışıb ki, guya Azərbaycanda cinsi azlıq olmaq cinayət sayılır və buna görə də ölkəyə girişinə “stop” qoyulub. Hətta deyib ki, homoseksual olduğu üçün hava limanına çatan kimi tutulacaq”, – xəbər mətnində yazılır.

Xəbərə əsasən, Azərbaycandakı qanunlardan məlumatsız olan Anar bunlara inanıb və Vüsaldan kömək istəyib. Vüsal isə işi həll etməkdən ötrü hüquq-mühafizə orqanında işləyən tanışına vermək üçün ondan 8 min manat alıb. Anar yalnızca Azərbaycana gəldikdən sonra qanunlardan xəbər tutub və Vüsaldan şikayət edib. Vüsal isə həbs olunmamaq üçün 8 min manatı tam məbləğdə geri qaytarıb və məhkəmə də bunu nəzərə alaraq işə xitam verib.

Adətən bu tip xəbərlərdə hansı məhkəmə olduğu qeyd edilsə də Qafqazinfo-nun xəbərində məhkəmə adı yoxdur. Bu isə hekayənin uydurulması ehtimalını qüvvətləndirir. Nəzərə alsaq ki, məhkəmə adı qeyd edildikdə, elektron məhkəmə sistemindən istifadə edərək bu məhkəmə işini tapmaq mümkün olur.

Hekayənin etibarlılığı haqda sual doğuran ikinci məsələ isə onun illərdir hökumətin LGBTQ+lər haqqında yaratmaq istədiyi imic xətlərinə tam uyğun olmasıdır: varlı və ağılsız.

Qafqazinfo hökumətin davamlı LGBTQ+ləri hədəf alan əsas media ruporlarından biridir. Kuirləri kriminallaşdırıb cəmiyyətdən qopuq, təcrid olunmuş vəziyyətdə göstərmək, LGBTQ+ platformalarını isə “xarici agent” elan etmək son illərdə bu media tərəfindən xüsusi ardıcılıqlıqla həyata keçirilir.

Paylaş