Avropada LGBTQ+ hüquqları üzrə illik qiymətləndirmə hesabatı olan Göyqurşağı Xəritəsinin (Rainbow Map) 2026 nəticələri açıqlanıb. Bu il ilk dəfə olaraq İspaniya reytinqdə Malta-nı geridə qoyaraq birinci yerə yüksəlib. Azərbaycan isə 49 ölkə arasında 48-ci yerdə qərarlaşıb və cəmi 2.25% göstərici əldə edib.
Reytinq LGBTQ+lərlə bağlı qanunvericilik, hüquqi müdafiə mexanizmləri və dövlət siyasətlərini qiymətləndirir. Hesabat ILGA Avropa təşkilatı tərəfindən region üzrə 250-dən çox hüquq müdafiəçisi, hüquqşünas və ekspertin məlumatları əsasında tərtib olunub.
2026 nəticələrinə görə, Azərbaycan “bərabərlik və ayrı-seçkiliyin qadağan olunması”, “ailə hüquqları”, “nifrət cinayətləri və nifrət nitqi”, “sığınacaq hüququ” və “intersekslərin bədən toxunulmazlığı” kateqoriyalarında 0% nəticə göstərib. Yeganə qismən göstəricilər “hüquqi gender tanınması” (4.29%) və “vətəndaş cəmiyyəti məkanı” (16.67%) sahələrində qeydə alınıb.

ILGA Avropanın direktor müavini Katrin Hugendubel bildirib ki, builki “Göyqurşağı Xəritəsi” Avropada LGBTQ+ hüquqları ilə bağlı “iki fərqli mənzərəni” ortaya qoyur: bir tərəfdən bəzi ölkələrdə hüquqi islahatlar və siyasi dəstək güclənir, digər tərəfdən isə anti-LGBTQ+ ritorika və təzyiqlər artır.
Təşkilatın İllik Baxışında qeyd olunur ki, Azərbaycanda LGBTQ+lərlə bağlı rəsmi statistikanın və dövlət monitorinq mexanizmlərinin olmaması səbəbindən hüquq pozuntularının böyük hissəsi sənədləşdirilmir. ILGA Avropa xüsusilə saxlanma yerlərində trans qadınlar və geylərin həm digər məhbuslar, həm də həbsxana əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı testimoniyalara diqqət çəkir.
Sənəddə 2025-ci ildə Bakıda kuirlərin tez-tez getdiyi məkanlardan birinə keçirilən polis reydi də qeyd edilir. Hesabata görə, əməliyyat zamanı təxminən 100 nəfər saxlanılıb. Şahid ifadələrində saxlanılan şəxslərin təhqirə və alçaldıcı rəftara məruz qaldığı bildirilir.
Bundan əlavə, hesabatda qeyd olunur ki, Azərbaycanda polis LGBTQ+ şəxslərin ünvanlarını öyrənmək üçün saxta çatdırılma və hədiyyə zənglərindən istifadə edib. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, bəzi şəxslər “çatdırılma xidməti” adı ilə aldadılaraq polis bölmələrinə aparılıb və onlardan pul tələb olunub.
ILGA-Europe sənədində Azərbaycandakı media mühiti ilə bağlı narahatlıqlar da yer alıb. Hesabatda kuir ifaçıların və trans müğənnilərin mediada “mübahisəli” fiqur kimi təqdim olunmasının ictimai nifrəti daha da gücləndirdiyi vurğulanır.
2026 “Göyqurşağı Xəritəsi”nə əsasən Avropada ən yüksək nəticə göstərən ölkələr İspaniya, Malta və İslandiya olub. Siyahının son pillələrində isə Rusiya, Azərbaycan və Türkiyə qərarlaşıb.

