Barama kollektivi Azərbaycanda LGBTİ+lərin qarşılaşdıqları ayrı-seçkilik və konversiya təcrübələrinə dair iki yeni sorğunun nəticələrini yayımlayıb. Sorğular LGBTİ+lərin həm gündəlik həyatda, həm də ailə, təhsil, səhiyyə və psixoloji xidmətlər daxil olmaqla müxtəlif sahələrdə sistematik təzyiq və müdaxilələrlə üzləşdiyini göstərir.
“Azərbaycanda LGBTİ+lərin qarşılaşdıqları ayrı-seçkilik təcrübələri” adlı ilk sorğuda respondentlərin 78%-i son 3 il ərzində LGBTİ+ kimliyi səbəbilə ayrı-seçkilik və ya zorakılıqla üzləşdiyini bildirib. Ayrı-seçkiliyin ən çox baş verdiyi məkanlar ictimai yerlər, təhsil müəssisələri, sosial media platformaları və ailə daxilidir. Respondentlərin bir hissəsi dövlət qurumlarında və iş yerlərində də ayrı-seçkiliklə qarşılaşdıqlarını qeyd edib.
Sorğuda iştirak edənlərin əksəriyyəti polisə müraciət etmədiyini bildirib. Bunun əsas səbəbləri arasında qarşılaşacaqları rəftardan narahatlıq, ailəyə və ətrafa ifşa olunmaq qorxusu, eləcə də müraciətin nəticə verməyəcəyinə inamsızlıq göstərilir.
“Azərbaycanda LGBTİ+lərin qarşılaşdıqları konversiya təcrübələri” adlı ikinci sorğuda isə respondentlərin 56%-i seksual oriyentasiyalarını və ya gender kimliklərini dəyişdirməyə yönəlmiş müdaxilələrə məruz qaldıqlarını deyib. Bu müdaxilələr ailə əsaslı təzyiqlər, dini müdaxilələr, psixoloq və psixoterapevt iştirakı ilə aparılan “müalicə” cəhdləri və tibbi müdaxilələri əhatə edir.
Sorğu nəticələrinə görə, bəzi respondentlər psixoloji və fiziki zorakılıq, sosial təcrid, evlənməyə məcburetmə, “heteroseksual münasibətlərə təşviq”, psixiatrik dərman istifadəsi və hətta intihar düşüncələri ilə nəticələnən təcrübələr yaşadıqlarını bildiriblər.
Barama Azərbaycanda təcrid olunmuş və kifayət qədər təmsil olunmayan icmaların sosial-iqtisadi, mədəni və siyasi həyatını araşdırmaq üçün bir araya gələn kuir-feminist tədqiqatçılar evidir.

