
Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində kuir gənc Rüzgarın qətli ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Elman Rüstəmovun sədrlik etdiyi hakim heyəti Rüzgarın qətlində təqsirləndirilən Babək İbadov haqqında 14 il 6 ay həbs cəzası qərarı çıxarıb.
Bundan öncəki prosesdə dövlət ittihamçısı Babək İbadova 17 il həbs cəzası verilməsi istəyi ilə çıxış etmişdi. Babək İbadov isə son sözünü demək üçün məhkəmədən vaxt istəmişdi.
26 yanvarda başlayan və 3 ay 10 gün davam edən məhkəmə proseslərindən diqqət çəkən bir sıra halları diqqətinizə çatdırırıq:
-(4 fevral) Babək İbadov: “Mən onu öldürməklə ailəmizin şərəfini təmizlədim. Saçını uzatmışdı. Mən ona vuranda qadın səsləri çıxartdı və bu məni daha da hiddətləndirdi”.
-(4 fevral) Rüzgarın atası Seymur İbadov: “Təqsirləndirilən şəxslə aram yaxşıdır. Öz aramızda barışıq elan etmişik”.
-(23 fevral) Məhkəmə tərəfindən Rüzgarın hüquqi varisi kimi tanınan anası İ. S.: “Qaynımdan şikayətçi deyiləm, onu bağışlamışam”. Azərbaycanda adətən nifrət cinayətlərindən sonra qurbanın hüquqi varisi qatili bağışladığını bildirir. Beləliklə qatilin daha az cəza almasına çalışılır.
-(4 mart) Babək İbadov cəzadan yayınmaq istəyir. Onun vəkili psixiatrik ekspertdən keçirilməsi üçün vəsatətlə çıxış edir. Bu, cəzadan yayınıb psixiatriya xəstəxanasına köçürülmək istəyən məhbusların müraciət etdiyi ənəvəvi metoddur.
-(1 aprel) Rüzgarın qatili yenidən cəzadan yayınmağa cəhd edir. Vəkili onun anlaqlı olub-olmamasının yoxlanılması üçün vəsatət verir. Budəfəki vəsatət də qəbul olunmur.

Xatırlatma:
19 yaşlı kuir gənc Rüzgar ötən ilin noyabrın 6-da əmisi Babək İbadov tərəfindən “Tarqovı”nın arxa küçələrindən biri olan Bəşir Səfəroğluda qətlə yetirilmişdi. Onun Türkiyədə yaşadığı, sadəcə xarici pasportunu yeniləmək üçün 10 günlük Azərbaycana gəldiyi bildirilirdi.
Qatil Babək İbadovun əvvəllər də məhkumluq həyatı yaşadığı rəsmi olaraq açıqlanıb. Rüzgar xarici pasportunun vaxtı bitdiyindən onu yeniləmək üçün ölkəyə qayıdarkən ailəsinin hüquq-mühafizə orqanlarında işləyən tanışları vasitəsiləölkədə olduğunu öyrəndiyinə dair iddialar da mövcuddur. Qıy Vaar!-a danışan dostları ailəsinin uzun müddətdir ki, Rüzgarı təqib etdiyini bildiriblər.
Rüzgarın qətli Azərbaycanda LGBTQ+lərin təhlükəsizliyi və nifrət cinayətləri mövzusunu təkrar gündəmə gətirmiş, geniş ictimai müzakirələr başlamışdı. Həmin günlərdə müstəqil medialar da bu hadisəyə yönəlmiş, bir sıra tanınmış şəxslər kədər mesajları paylaşmışdı.