
Azərbaycanda İnsan İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmuş ilk şəxs 1987-ci ildə aşkarlanıb. 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək ümumilikdə 11 554 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyata alınıb.
APA TV-nin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva açıqlama verib.
Rəsmi statistikaya əsasən, qeydiyyatda olan İİV-lə yaşayan şəxslərin 70 faizi kişilər, 30 faizi isə qadınlardır.
Babayeva bildirib ki, risk qrupları və ümumi əhali arasında həyata keçirilən profilaktik və əksepidemik tədbirlər nəticəsində Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələri arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdən biri hesab olunur. Onun sözlərinə görə, İİV-lə mübarizə dövlətin səhiyyə siyasətində əsas istiqamətlərdən biridir və bu sahədə tədbirlər sistemli şəkildə davam etdirilir.
Qeyd olunub ki, Azərbaycanda 2006-cı ildən etibarən antiretrovirus müalicə proqramı tətbiq olunur. Hazırda on mindən çox İİV-lə yaşayan şəxs daimi tibbi nəzarət və müalicə altındadır. Rəsmi açıqlamaya görə, bu müalicə virusun qandakı səviyyəsini müəyyən olunmayan həddə endirir və nəticədə ötürülmə riskini minimuma salır.