
Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı cinayət işinə baxılır. Bu dəfəki prosesdə onu qətl edən Babək İbadov və bir neçə şahid ifadə verib.
“Mən onu öldürməklə ailəmizin şərəfini təmizlədim. Saçını uzatmışdı. Mən ona vuranda qadın səsləri çıxartdı və bu məni daha da hiddətləndirdi” – Babək İbadov məhkəmədəki ifadəsində deyir.
Babək İbadovun sözlərinə görə, Rüzgar (Yasin İbadov) onun icarəyə götürdüyü kafedə işləyib sonra isə iyun ayında imtahan sessiyası üçün Mingəçevirə gedib. Onun 1 ay sonra qayıdacağını gözləsə də, anası zəng edərək ağlayaraq deyib ki, Rüzgar öz Instagram səhifəsində Türkiyəyə uçmaq üçün aldığı biletin şəklini paylaşıb.
“Bir gün sonra qardaşımla birlikdə pul tapıb Türkiyəyə getdik. Dedik ki, bu sadəlövh uşaqdır, tapıb evə gətirək, pis vərdişlərə qurşanmasın. Rayondakı qohumlar hətta qurban da demişdilər ki, tapılsa, qurban kəsəcəyik. İstanbulda hüquq-mühafizə orqanlarına da müraciət etdik. Onlar bizə dedilər ki, bu, 19 yaşını tamam etmiş insandır, istəməsə, onu zorla apara bilmərik.
Noyabrın 1-də Instagram-da Yasinin üzü və dodaqları boyalı, gözləri sürməli şəkli qarşıma çıxdı. Telefonu əsəblə kənara tulladım. Evdəkilər əsəbiləşdiyimi görüb dedilər ki, boş ver, bəlkə montaj ediblər. Mən müharibə iştirakçısı olmuşam, parada gedəcəkdim. Amma buna görə getmədim ki, kimsə tanıyıb bilsə, biabır olaram” – deyə Babək İbadov ifadəsində bildirir.
Hadisə günü haqqında danışan Babək İbadov deyir ki, Rüzgar onu görən kimi gödəkçəsinin papağını başına keçirib uzaqlaşmağa başlayıb. O, homofob dillə hadisəni belə təsvir edir:
“Hadisə günü Yasin məni görən kimi biədəb səslərlə qışqırdı: “Kömək edin, nə olar kömək edin”. Müharibədən bəri 5 ildir üstümdə gəzdirdiyim bıçağı zərblə Yasinin kürəyinə sancdım. Özümə gələndən sonra bildim ki, ona 20 dəfə bıçaq zərbəsi vurmuşam. Bir də baxdım ki, yerə sərilib. Dəqiq xatırlamıram, ayılanda bir səsin “Sən nə elədin?” dediyini eşitdim. Sonra bir polis yaxınlaşdı. Əllərimi uzadıb dedim ki, “Qandalla qollarımı”. Əməlimdən peşmanam. Soyadını çıxarsaydı, itib cəhənnəm olsaydı, onunla işim olmazdı”.
Aramızda barışıq elan etmişik
Məhkəmədə ifadə verən Rüzgarın atası Seymur İbadov isə hadisə baş verən zaman həbsdə olduğunu bildirib:
“Dekabrın 31-də azadlığa çıxmışam. 6 il yarım məhkumluq həyatı yaşamışam. Oğlumu sonuncu dəfə təxminən ötən ilin mayında görmüşəm. Mən də onun cinsi azlıq olmasını türmədən çıxandan sonra eşitdim. Təqsirləndirilən şəxslə aram yaxşıdır. Öz aramızda barışıq elan etmişik”.
Məhkəmə prosesi açıq formada keçirilib. Növbəti proses 23 fevral saat 11:20-ə təyin edilib.
19 yaşlı kuir gənc Rüzgar ötən ilin noyabrın 6-da əmisi Babək İbadov tərəfindən “Tarqovı”nın arxa küçələrindən biri olan Bəşir Səfəroğluda qətlə yetirilmişdi. Onun Türkiyədə yaşadığı, sadəcə xarici pasportunu yeniləmək üçün 10 günlük Azərbaycana gəldiyi bildirilirdi.
Qatil Babək İbadovun əvvəllər də məhkumluq həyatı yaşadığı rəsmi olaraq açıqlanıb. Rüzgar xarici pasportunun vaxtı bitdiyindən onu yeniləmək üçün ölkəyə qayıdarkən ailəsinin hüquq-mühafizə orqanlarında işləyən tanışları vasitəsiləölkədə olduğunu öyrəndiyinə dair iddialar da mövcuddur. Qıy Vaar!-a danışan dostları ailəsinin uzun müddətdir ki, Rüzgarı təqib etdiyini bildiriblər.
Rüzgarın qətli Azərbaycanda LGBTQ+lərin təhlükəsizliyi və nifrət cinayətləri mövzusunu təkrar gündəmə gətirmiş, geniş ictimai müzakirələr başlamışdı. Həmin günlərdə müstəqil medialar da bu hadisəyə yönəlmiş, bir sıra tanınmış şəxslər kədər mesajları paylaşmışdı.
