
Berlində keçirilən “My Big Queer Anatolian Wedding” (Mənim Böyük Kuir Toyum) tədbirində performans göstərən aktyor Elmin Bədəlova suallar ünvanladıq. Ondan mühacirətdə yaradıcılıq azadlığı baxımından özünü Azərbaycandan fərqli hiss edib-etmədiyini, xaricdən Azərbaycan cəmiyyətinə çatmağın mümkünlüyü barədə soruşduq:
“Mühacirətdə sənət-Azərbaycanda sənət” bu müqayisə sizin üçün nəyi ifadə edir? Yaradıcılıq üçün özünüzü daha azad hiss edirsinizmi?
Böyük mənada çox şey ifadə etmir. İnsan hara getsə özünü apara bildiyi üçün bəlkə də bu mənə belə görünür. Digər görünən fərqlərdən isə çox danışmaq olar. Mübarizəm yalnız özümün azadlığı ilə bağlı olmayıb. İstəyirəm ki, azərbaycanlılar da özünü azad hiss etsin və ölkəmizdə azad mühit yaransın, öz yaratdığımız fərqliliklərlə dünyamıza qatqıda ola bilək, geri qalmayaq.
Uzaqdan Azərbaycan cəmiyyətinə çatmaq mümkündürmü?
Həm yaxından, həm də uzaqdan Azərbaycan cəmiyyətinə çatmaq mümkündür. Baxır necə çatırsan və onlarla hansı əməliyyatları edirsən. Və hər ikisi arasında fərqlər var. Həm də son dönəmlər müvəqqəti olaraq müstəqil mediada yaranmış çətin durum (hakimiyyətin müstəqil mediaya basqısından dolayı) əlbətdə ki, buna təsirsiz ötüşmür, ancaq belə bir zamanda çatımlılığı tamamən sıradan çıxara bilmir. Çünki vasitələr çoxdur.
Onu da demək istəyirəm ki, müstəqil medialar yalnız şikayətçilərin problemlərini işıqlandırmır, həm də yaradıcıların baxışından cəmiyyətdəki problemlərə yol axtarışlarını da izləyirlər.
Son performans göstərdiyiniz tədbir nə ilə bağlı idi?
Bu tədbir orta doğuda basqı altında olan kuirlərə dəstək məqsədi ilə yaradılıb.
Bu performansla ötürmək istədiyiniz mesaj haqqında danışa bilərsiniz?
Performansın ötürmək istədiyi mesajlar çox idi. Həmçinin, burada Azərbaycana yönəlmiş mesajlar da çox idi. Mesajlardan biri də Azərbaycan hakimiyyətinə idi, performansda səslənən şeir kimi: Rənglərdən qorxmaq lazım deyil, mənim rənglərim azaddır.