İnternetə çıxış haqdır, imtiyaz deyil – mövqe

İnternetə çıxış haqdır, imtiyaz deyil – mövqe

Azərbaycanda sosial media platformalarına girişin məhdudlaşdırılması və istifadəçilərin VPN vasitəsilə internetə daxil olmağa məcbur qalmasından ciddi narahatıq. İnternetə sərbəst çıxış, informasiya əldə etmək və ünsiyyət qurmaq imkanı insanların fundamental hüquq və azadlıqlarının ayrılmaz hissəsidir.

Bu, xüsusilə LGBTQI+ icması kimi həssas qrupların təhlükəsizliyinə də təsir edir. Bir çox insan üçün sosial media və rəqəmsal platformalar dəstək şəbəkələrinə qoşulmaq, etibarlı məlumat əldə etmək, zorakılıq və ayrı-seçkilik halları barədə məlumat paylaşmaq və ünsiyyət qurmaq üçün vasitələrdir. İnternetə çıxışın məhdudlaşdırılması insanların informasiya əldə etmək hüququna müdaxilədir. Bu tədbir zərurət və mütənasiblik prinsiplərinə uyğun olmamaqla bərabər, insanların fundamental hüquqlarını əsassız şəkildə məhdudlaşdırır.

Azərbaycan cəmiyyəti bu cür məhdudiyyətlərlə əvvəllər də, o cümlədən 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı üzləşib. Həmin təcrübə göstərdi ki, internetə çıxışın məhdudlaşdırılması insanların məlumat əldə etmək və bir-birinə dəstək olmaq imkanlarını ciddi şəkildə zəiflədir və birbaşa məsələnin həlli deyil.

Qıy Vaar! internetə və sosial media platformalarına çıxışın bərpa olunmasını, hüquqlarımıza hörmət edilməsini tələb edir. İnformasiya əldə etmək imtiyaz deyil, hüquqdur. Qanunlar dəstəyə və etibarlı informasiyaya ehtiyacı olan insanları təcrid etməməlidir.

Paylaş