

“Media Türk TV”nin baş redaktoru, telejurnalist Səidə Bəkirqızı öz sosial media hesablarından 29 yanvar tarixində bir neçə tiktokeri paylaşaraq transfob və kuirfob çıxışlar edib. O, feminin davranışları ilə tanınan bir neçə tiktokeri göstərib. Videolardan birində özünə qadın olaraq xitab edən tiktokerin ağız hərəkətlərini əyərək “qadın deyəndə bığlı kişiləri nəzərdə tutursunuz? ” deyib.
Son dövrlərdə sosial mediada nifrət nitqi artmaqdadır. Xüsusilə, jurnalistlərin də bu prosesə qoşulması media etikası və ictimai təhlükəsizlik baxımından ciddi problemlər yarada bilər. Bəzi media nümayəndələri nifrət nitqini yayaraq marginallaşdırılmış qruplara qarşı düşmənçiliyi qızışdırırlar.
Bəkirqızı sosial şəbəkələrdə kuirlərin daha görünür olmasından şikayətlənib, onları dəstəkləyən kişiləri təhqir edib. Jurnalist trans və geylərlə birgə olan insanlara utanmalı olduqlarını deyib.
Azərbaycanda medianın kuir monitorinqi ilə məşğul olan “Queer Radar” platformasına bu hadisə ilə bağlı sorğu göndərdik. Cavab olaraq Queer Radar deyir ki, müstəqil medianın sıxışdırıldığı və azad söz məkanının daraldığı indiki dövrdə nifrət nitqi daha təhlükəli təsirə malikdir, çünki alternativ baxışlar və insan haqlarını müdafiə edən səslər get-gedə susdurulur. Müstəqil media qurumlarının bağlanması və ya fəaliyyət imkanlarının məhdudlaşdırılması queer vətəndaşlara qarşı nifrət nitqini tənqid edən, ona qarşı alternativ diskurs yaradan platformaların azalmasına gətirib çıxarır. Bu isə cəmiyyətdə queer kimliklərin hədəfə çevrilməsinə və nifrət nitqinin daha da normallaşmasına yol açır. Bu prosesin uzunmüddətli nəticəsi odur ki, nifrət nitqi təkcə söz olaraq qalmır, real həyatda diskriminasiyaya, haqsızlıqlara və hətta fiziki zorakılığa çevrilir.
“QueeRadar”ın son media monitorinqi göstərir ki, 2023-cü ildə analiz edilən 22 onlayn mətbuat qurumunda LGBTİQ+ mövzularına dair materialların 80%-dən çoxu qərəzli və nifrət nitqi ehtiva edən formada dərc olunub. Yəni Azərbaycan mediasında queer vətəndaşlara münasibətdə obyektiv və balanslı yanaşma demək olar ki, mövcud deyil.
“Media Türk TV” Youtube kanalının redaktorunun trans qadınları hədəf alaraq açıq-aşkar təhqir etməsi peşəkar jurnalistikanın etik prinsiplərinə ziddir. Jurnalistlərin nifrət nitqi yayması yalnız ayrı-ayrı fərdləri hədəfə çevirmir, eyni zamanda bir icmanı demonizasiya edir.
Azərbaycanda nifrət nitqinin real fəsadları artıq inkar edilə bilməz. 2021-ci ildə sosial media fenomeni Sevinc Hüseynovanın trans qadınlara qarşı açıq nifrət çağırışları təkcə söz olaraq qalmamış, real zorakılığa yol açmışdı. Onun hədəf göstərdiyi Nurayın faciəvi qətli göstərir ki, nifrət nitqi cəmiyyətdə nə dərəcədə təhlükəli bir həddə çatıb.
Jurnalistlər və sosial media məşhurları kimi geniş platformalara sahib şəxslərin bu cür çıxışları zorakılığa legitimlik qazandırır. Bu hadisələr fonunda Azərbaycan hökumətinin və hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi queer vətəndaşların müdafiəsiz olduğunu bir daha sübut edir. Sevinc Hüseynova və Səidə Bəkirqızı kimi nifrət yayan şəxslərə qarşı heç bir tədbir görülməməsi cəmiyyətə zorakılığın cəzasız qalacağı mesajını verir.
Bu səbəbdən nifrət nitqinə qarşı mübarizə yalnız media etikası məsələsi deyil, həm də sosial ədalət, insan hüquqları və demokratik cəmiyyətin qorunması məsələsidir.
Daxili İşlər Nazirliyinə bu tip nifrət nitqinin ictimai təhlükəsizlik üçün təhlükə yarada bilməsi və nazirliyin bu halları araşdırma prosesi, eləcə də nifrət nitqi və zorakılığa təşviq edən çıxışlarla bağlı hüquq-mühafizə orqanlarının hansı tədbirlər görmək səlahiyyətləri olduqları ilə bağlı suallar ünvanlasaq da cavab ala bilmədik. Ombudsman aparatı və Azərbaycan Respublikasının Auidovizual Şurasına mövzu ilə bağlı da suallar ünvanladıq. Amma xəbər yayıma gedənə qədər cavab ala bilmədik.
Bəzən satirik, bəzən üsyankardır. 2021-ci ildən bəri LGBTQ-feminist gündəminin ardı ilə gedir.