Qıy Vaar! IGLYO-nun 2026-cı il İllik Üzvlər Konfransında iştirak edib

Qıy Vaar! IGLYO-nun 2026-cı il İllik Üzvlər Konfransında iştirak edib

Azərbaycanca kuir media platforması Qıy Vaar! 5–9 noyabrda Niderlandın Maastricht şəhərində keçirilən IGLYO-nun (International LGBTQI Youth and Student Organisation) İllik Üzvlər Konfransında iştirak edib.

COC Limburg təşkilatı ilə əməkdaşlıq çərçivəsində baş tutan konfrans Avropanın müxtəlif ölkələrindən 90-dan çox LGBTQİ+ gənc fəalı bir araya gətirib. Tədbirin əsas məqsədi üzv təşkilatların iştirakı ilə IGLYO-nun gələcək fəaliyyət istiqamətlərini müzakirə etmək, təşkilati qərarlar qəbul etmək və yeni İdarə Heyətinin üzvlərini seçmək olub.

Konfransın ilk günü Avropa institutlarının və yerli qurumların nümayəndələri iştirakçılarla görüşüb. Onların arasında Avropa Komissiyasının Bərabərlik Bölməsinin rəhbəri Susanne Knöfel, Avropa Şurasının SOGIESC bölməsinin rəhbəri Gabi Galleja və Avropa Gənclər Forumunun İdarə Heyətinin üzvü Marin Capan da olub.

Proqram çərçivəsində LGBTQİ+ gənclərin məcburi köç, təhlükəsizlik və mənsubiyyət hissi ilə bağlı problemlərinə həsr olunmuş “Beyond Borders: Forced Displacement, Safety and Belonging for LGBTQI+ Youth” panel müzakirəsi keçirilib. Müzakirədə müxtəlif ölkələrdə məcburi köç şəraitində yaşayan kuir insanların qarşılaşdıqları çətinliklər və təhlükəsiz icmaların qurulması məsələləri diqqət mərkəzində olub.

Bundan əlavə, iştirakçılar anti-gender hərəkatının Avropada artan təsiri, onun LGBTQI+ icmalarına yönəlmiş strategiyaları və bu tendensiyaya qarşı birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Konfransın son günündə IGLYO-nun üzv təşkilatları təşkilatın gələcək fəaliyyətinə təsir edəcək sənədlər, İdarə Heyətinin təklifləri və üzvlərin təşəbbüsləri üzrə səsvermədə iştirak ediblər.

Üzvlərin qərarları çərçivəsində anti-sionizm mövzusu ilə bağlı yeni işçi qrupunun yaradılması da razılaşdırılıb.

Qeyd: IGLYO Avropa regionunda LGBTQI+ gənclərin hüquqları və iştirakı üzrə fəaliyyət göstərən beynəlxalq üzvlük təşkilatıdır. Təşkilat 40 ölkədə fəaliyyət göstərən 135-dən çox üzv təşkilatı birləşdirir.

Paylaş