1974-cü ilin 18 oktyabrında dünyaya göz açan Faina Kunqurovanın (rəsmi sənəddə adı: Farida) həyatı Azərbaycanın repressiya tarixinin ən qaranlıq səhifələrindən birinə çevrildi. O, 18 noyabr 2007-ci ildə həbsxanada aclıq aksiyası edərkən həyatını itirdikdə sadəcə 33 yaşı var idi. Onun ölümü ilə bağlı müəmmalar bu günədək aydınlaşmayıb.
Bakıda doğulan Fainanın atası Azərbaycanlı, anası yəhudi olub. Faina ilə bağlı hökumətin əl atdığı bir hücum da rəsmilərin cəmiyyətə onun anasının yəhudi yox, erməni olduğuna dair məlumatlar verməsi idi. Beləcə, yalan məlumatlarla, onun düşmən millətin nümayəndəsi olması və müdafiə edilməməsi gərəkdiyi söylənirdi.
İllər keçdikcə Faina ölkənin ictimai-siyasi fəalları, dissidentlər tərəfindən daha çox xatırlanmağa başlanıldı. Bu ilin iyununda həbsdə olan bir qrup jurnalist, vətəndaş cəmiyyəti fəalı və siyasi fəal onun həyatını itirdiyi 18 noyabr tarixini Azərbaycanın Siyasi Məhbuslar Günü elan etdi. Bununla bağlı bəyanat Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Ümüdova, Aynur Elgünəş, Şəmşad Ağa, Ülvi Həsənli, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı, Natiq Cavadlı, Sevinc Vaqifqızı, Ramin Deko, Ramil Babayev, Akif Qurbanov, Nurlan Libre, Məmməd Alpay, Rüfət Səfərov, İlkin Əmrahov, Fatimə Mövlamlı, Müşviq Cabbar, Əli Zeynal, Ülviyyə Quliyeva, Ruslan İzzətli, Fərid İsmayılov, Afiəddin Məmmədov, Bəhruz Səmədov və İmran Əliyev tərəfindən imzalanıb.
Faina həyatını itirərkən ikinci siyasi məhbusluğunu yaşayırdı.O, ilk dəfə 2001-ci il aprelin 24-də həbs edilib və haqqında 3 illik həbs cəzası qərarı çıxarılıb. 2 il həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Bu zaman Avropa Şurası onu Azərbaycanda ilk qadın siyasi məhbus kimi tanıyıb. Faina 5 oktyabr 2007-ci ildə isə sonuncu dəfə həbs olunub.
O, budəfəki həbsindən 44 gün sonra həyatını itirib. Saxlanıldıqdan sonra Şüvəlan İstintaq Təcridxanasına yerləşdirilən Faina həyatını itirənə yaxın Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Yaxınları onun 18 noyabrda həyatını itirməsinə baxmayaraq bu haqda 21 noyabrda teleqram yolu ilə onlara məlumat verildiyini bildirib. Ailəsi onun ölümünü müəmmalı hesab edib və qeyd edib ki, Fainanın nəşinə baxış keçirərkən qolunda yeni iynə izləri görüblər və bu onları təəccübləndirib. Bu hal da onun özünün həyatını itirdiyi, yoxsa qəsd edildiyinə dair müəmmanı artırıb. Eyni zamanda ailəsi onun üzündə işgəncə görmüş kimi, acı dolu bir ifadənin olduğunu bildirib.
Faina həyatını itirərkən 13 yaşlı bir qızı olub.
