Azərbaycanlı kuir idmançılara çağırış: EuroGames 2027-də birlikdə olaq

Azərbaycanlı kuir idmançılara çağırış: EuroGames 2027-də birlikdə olaq

Azərbaycanlı kuir idmançılar, bu çağırış sizin üçündür!

Avropanın ən böyük LGBTQİ+ idman tədbirlərindən biri olan EuroGames 2027 14–17 iyul tarixlərində Uelsin Kardiff şəhərində keçiriləcək. Müxtəlif ölkələrdən LGBTQİ+ idmançıları bir araya gətirən tədbir idman, həmrəylik və inklüzivlik üçün beynəlxalq platforma yaradacaq. Azərbaycanlı kuir idmançılar da bu tədbirdə iştirak etməyə dəvətlidirlər. Qeydiyyat artıq açıqdır!

EuroGames yalnız idman yarışlarından ibarət deyil. Bu tədbir LGBTQİ+ insanların idmanda iştirak hüququnu, görünürlüğünü və bərabər imkanlara sahib olmasını dəstəkləyən beynəlxalq görüş yeridir. Müxtəlif ölkələrdən olan idmançılar burada öz bacarıqlarını nümayiş etdirmək, yeni əlaqələr qurmaq və ortaq təcrübələrini bölüşmək imkanı əldə edirlər.

Azərbaycanlı kuir icmasının beynəlxalq idman platformalarında təmsil olunması xüsusi əhəmiyyət daşıyır. İdman hər kəs üçün əlçatan olmalı, heç kim gender kimliyinə, cinsi oriyentasiyasına və ya özünüifadəsinə görə kənarlaşdırılmamalıdır. İcma üzvlərimizin belə tədbirlərdə iştirakı həm görünürlüğümüzü artırır, həm də sərhədləri aşan həmrəylik əlaqələrinin qurulmasına töhfə verir.

İştirak etmək istəyirsən, amma xərclərlə bağlı narahatlığın var?

EuroGames 2027-də iştirakla bağlı müəyyən xərclərin qarşılanması üçün maliyyə dəstəyi imkanları da mövcuddur. Buna görə də maddi çətinliklərin səni iştirak etmək fikrindən çəkindirməsinə imkan vermə. Qeydiyyat, müraciət prosesi və maliyyə dəstəyi imkanları haqqında məlumat əldə et, sənə uyğun variantları araşdır.

Qıy Vaar! sənə dəstək olmağa hazırdır!

EuroGames 2027-də iştirak etmək istəyirsənsə, lakin qeydiyyat, müraciət və ya maliyyə dəstəyi ilə bağlı sualların varsa, bizimlə əlaqə saxlaya bilərsən. Müraciət prosesi ilə bağlı istiqamətləndirmə və məlumatlandırma üçün sənə kömək etməyə hazırıq. Birlikdə mümkün imkanları araşdıra və bu yolda bir-birimizə dəstək ola bilərik.

Gəlin, Azərbaycan kuir icmasının beynəlxalq idman platformalarında görünürlüğünü birlikdə artıraq və icmamızın təmsilçiliyinə töhfə verək!

Tədbir haqqında

📍 Məkan: Kardiff, Uels, Böyük Britaniya

📅 Tarix: 14-17 iyul 2027

🔗 Rəsmi sayt və qeydiyyat

İştirak etmək və ya müraciət prosesi haqqında daha ətraflı məlumat almaq üçün Qıy Vaar! ilə əlaqə saxlaya bilərsən.

Paylaş