Azərbaycanda LGBTQİ+ “təbliğatı” qadağan edilməsi xəbəri əsassızdır

Azərbaycanda LGBTQİ+ “təbliğatı” qadağan edilməsi xəbəri əsassızdır

Bu gün Globalinfo.az saytında Azərbaycanda LGBTİ+ təbliğatını qadağan edən qanunun qəbul olunacağı barədə xəbər dərc edilib. Məlumat qısa müddətdə digər media resursları tərəfindən də tirajlanıb və sosial şəbəkələrdə geniş yayılıb. Lakin xəbərdə iddia edilən qanun layihəsinin rəsmi mənbəyi göstərilmir. Modern.az-a danışan deputatlar da belə bir layihədən məlumatlı olmadıqlarını və onun üzvü olduqları komitələrdə müzakirə edilmədiyini bildiriblər.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa mövzu ilə bağlı məlumatsız olduğunu deyib:

“Belə bir qanunla bağlı bilgim yoxdur. Məlumatım olmayan bir şey haqqında danışa bilmərəm”- deyə o qeyd edib.

İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə isə üzvü olduğu komitələrdə belə bir layihənin müzakirə edilmədiyini vurğulayıb:

“Bu barədə müzakirələr var. Amma belə qanun yoxdur. Bu barədə rəsmi məlumat da yoxdur. Hətta ehtimal ki, “fake” məlumatdır. Çünki üzv olduğum komitələrin heç birində bu barədə qanun layihəsi danışılmayıb”.

Ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədr müavini Jalə Əliyeva da sözügedən layihə ilə tanış olmadığını bildirib:

“Sözügedən qanun layihəsi ilə tanış deyiləm. Bu mövzu haqda məlumatım yoxdur. Komitələrdə də müzakirə edilməyib”.

Beləliklə, qanunun qəbul ediləcəyi barədə yayılan iddialar təsdiqlənmir. Rəsmi əsas təqdim edilmədən bu cür xəbərlərin qəti məlumat kimi yayılması cəmiyyətdə, xüsusilə LGBTQ+ icması arasında qorxu və narahatlıq yaradıb.

Qıy Vaar! olaraq hesab edirik ki, həssas sosial qruplarla bağlı məlumatlar jurnalist məsuliyyətinə uyğun şəkildə hazırlanmalı, yoxlanılmamış iddialar fakt kimi təqdim edilməməlidir. İctimaiyyətin diqqətini yönəltmək üçün LGBTİ+ləri istifadə etmək insanların hüquq və təhlükəsizlikləri ilə bağlı qorxu yaradan məlumatların məsuliyyətsiz şəkildə tirajlanması yolverilməzdir.

Paylaş