İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq cəzası verilib

İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq cəzası verilib

İranda məşhur müğənni Pərəstu Əhmədinin hicab taxmadan çıxış etdiyinə görə 74 şallaq cəzasına məhkum edilməsi ilə bağlı qərarın qüvvədə saxlanılması hüquq müdafiəçilərinin etirazına səbəb olub. Hüquq müdafiəçiləri cəzanı “işgəncə forması” kimi adlandırıblar.

29 yaşlı Pərəştu Əhmədi və onun prodakşn komandasından 8 nəfər 2024-cü ildə yayımlanan və milyonlarla baxış toplayan onlayn konsertə görə iyun ayında Qum şəhərində məhkum ediliblər. Məhkəmə konsertin İranın “qanuni və mədəni normalarını” pozduğunu bildirib və çıxışı “ədəbsiz və vulqar” adlandırıb. Əhmədi və komandasına 74 şallaq cəzası ilə yanaşı, iki il müddətinə ölkədən çıxış və peşəkar incəsənət fəaliyyəti qadağası verilib. Sentyabrın sonunda apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Şallaq cəzasının yaxın üç ay ərzində icra olunacağı gözlənilir.

Abdorrahman Boroumand İnsan Haqları Mərkəzinin həmtəsisçisi Roya Boroumand: “Bu konsert yalnız qadının hicabsız oxumasına görə deyil, həm də inqilabdan əvvəlki dövrə aid populyar mahnıları səsləndirdiyinə görə itaətsizlik aktı kimi qəbul edilir.” – o, deyir.

İranın 2024-cü ildə qəbul etdiyi, lakin hələ rəsmi şəkildə qüvvəyə minməyən “Hicab və iffət” qanununda qadınların “çılpaqlığı, əxlaqsızlığı, hicabsızlığı və ya uyğun olmayan geyimi təbliğ etməsi” ilə bağlı ağır cəzalar nəzərdə tutulur. Qanunda bu əməllərin təkrar törədilməsi halında cərimə, şallaq və 5 ildən 15 ilədək həbs kimi daha ağır cəzalar müəyyənləşdirilir.

Əhmədiyə verilən cəza İrandakı musiqiçilər arasında da narahatlıq yaradıb. Tehranda yaşayan 36 yaşlı müğənni Leili The Guardian-a bildirib ki, digər musiqiçilərin ifadə azadlığına görə cəzalandırılmasını “köməksiz şəkildə” izləmək ona təsir edib.

Norveçdə yerləşən Hengaw insan haqları təşkilatının məlumatına görə, başqa bir müğənni Hiwa Seyfizadə də ötən ay çıxışına görə “korrupsiya və fahişəliyi təşviq etmək” ittihamı ilə dörd il həbs cəzasına məhkum edilib.

ABŞ-da fəaliyyət göstərən Human Rights Activists in Iran təşkilatının direktor müavini Skylar Thompson isə Əhmədi və digər musiqiçilərə verilən cəzaların ləğv edilməsinə çağırıb. O, şallaq cəzasını insanın bədəninə və ləyaqətinə qarşı zorakılıq kimi xarakterizə edib və bunun digər qadınları qaydalara tabe olmağa məcbur etmək məqsədi daşıdığını bildirib.

Paylaş