Azərbaycanlı kuir sənətçi incəsənət yarışında qalib oldu

Azərbaycanlı kuir sənətçi incəsənət yarışında qalib oldu

Madrid mərkəzli azərbaycanlı kollaj rəssamı Adrian Lorenzo “Sugarts” platformasının təşkil etdiyi incəsənət yarışmasının böyük final mərhələsində qalib seçilib. “Yanlış Məlumatlar Muzeyi: Kuir Reallıq Yoxlaması” sərgisində də iştirak etmiş Lorenzo həm yarışma, həm də yaradıcılığı barədə Onlar Əylənir saytına danışıb.

“Sugarts” platforması hər ay fotoqrafiya, rəssamlıq, rəqəmsal incəsənət, performans və qısa film kimi müxtəlif sahələr üzrə kateqoriyalarda sənətçiləri bir araya gətirən yarışmadır. Lorenzo platformaya ilk dəfə ötən il qrafik dizayn kateqoriyasında qatıldığını və üçüncü yer qazandığını bildirib.

Bu il keçirilən final mərhələsinin mövzusu Madrid olub. İştirakçılar şəhəri müxtəlif interpretasiyalarda təqdim ediblər. Lorenzo isə işinin seçilməsində onun “oyunsal və konseptual yanaşmasının” həlledici olduğunu deyir.

Sənətçi yarışmaya iki iş təqdim edib. Birinci iş stolüstü oyun formatında hazırlanıb və Avropada miqrant təcrübəsini “survival game” (sağ qalma oyunu) metaforası ilə ifadə edir. Oyunda Madridin simvollarından çulapa obrazı, San Isidro bayramı və ayı fiquru istifadə olunur. İrəlilədikcə oyunçunun “ayıya çevrilməsi” və finalda çulapanı xilas etməsi kimi elementlər yer alır.

İkinci iş isə kollajdır: çulapa obrazı sentaur kimi yenidən qurulub, lakin klassik at fiquru öküzlə əvəz edilib. Oxlar isə San İsidro ənənəsinə istinad edən qərənfillərlə təqdim olunub.

Adrian İspaniyada yaşamağın onun yaradıcılığına təsirindən danışarkən o, ölkədəki nisbi azadlıq və açıq sənət mühitinin iş prosesini asanlaşdırdığını, xüsusilə Madridin sənətçi bolluğunun motivasiya yaratdığını vurğulayır. Gələcək planları arasında sənətlə tam şəkildə dolanmaq və hazırkı bar işindən çıxaraq yalnız yaradıcılıqla yaşamaq istədiyini deyir.

Paylaş