Jurnalist Fikrət Hüseynli LGBTİ+ haqqında iddialar yayıb

Jurnalist Fikrət Hüseynli LGBTİ+ haqqında iddialar yayıb

Azərbaycanlı jurnalist və keçmiş siyasi mühacir Fikrət Hüseynli sosial şəbəkədə LGBTİ+lərin Azərbaycandan Qərb ölkələrinə miqrasiyası ilə bağlı paylaşım edib. O, paylaşımında transların hormonlarının qida və maye vasitəsilə dəyişdirildiyini, insanların cinsiyyətlərini dəyişərək ailə qurduqlarını iddia edib.

Hüseynli feysbuk hesabında yazıb ki, əvvəllər Qərb ölkələrinə siyasi səbəblərlə köçən azərbaycanlılar çoxluq təşkil etdiyi halda, hazırda cinsi azlıqların sayının artdığını düşünür. O, bu prosesi qida və maye vasitəsilə insanların qısırlaşdırılması, kişilərin qadınlara, qadınların isə lezbiyanlara çevrilməsi kimi əsassız iddialarla əlaqələndirib.

Bu iddiaların elmi əsası yoxdur. Gender kimliyi və seksual orientasiya fərqli anlayışlardır. Transgender olmaq insanın seksual orientasiyasını müəyyən etmir. Həmçinin qida və içməli su vasitəsilə insanların transgender və ya lezbiyan edilməsinə dair elmi sübut mövcud deyil.

Maraqlı ziddiyyətdir ki, Fikrət Hüseynlinin özü də Azərbaycandan siyasi təqib səbəbindən ayrılmış jurnalistlərdəndir. O, 2006-cı ildə Bakıda naməlum şəxslərin hücumuna məruz qaldıqdan sonra 2008-ci ildə Niderlanda köçüb və burada siyasi sığınacaq alıb. 2014-cü ildə Niderland vətəndaşlığı əldə edib. Hüseynli uzun müddət müxalifət yönümlü Azadlıq qəzetində çalışıb, daha sonra Turan TV-nin Amsterdam bürosuna rəhbərlik edib. 2017-ci ilin oktyabrında Ukraynada, Azərbaycan tərəfinin İnterpol vasitəsilə verdiyi axtarış sorğusu əsasında saxlanılıb. Azərbaycan hakimiyyətinin onun barəsində irəli sürdüyü ittihamları Hüseynli jurnalist fəaliyyəti ilə əlaqəli siyasi təqib kimi qiymətləndirib. Hərçənd bu gün o LGBTİ+lərin ölkədən miqrasiyasını fərdi təhlükəsizlik və insan hüquqları kontekstində deyil, özünün də sığındığı Qərbin Azərbaycan cəmiyyətinə qarşı həyata keçirdiyi süni demoqrafik müdaxilə kimi təqdim edir. İnsan hüquqları yalnız müəyyən siyasi baxışlara malik olanlar üçün deyil, hər kəs üçün təmin edilsə də görünür ki, Hüseynli illərdir yaşadığı Niderland Krallığında bu faktı qəbul etməyib.

Hüseynlinin LGBTİ+lər haqqında son paylaşımı siyasi təqibdən qaçaraq başqa ölkədə müdafiə əldə etmiş jurnalistin digər həssas qrupların hüquqları barədə mövqeyini yenidən müzakirəyə çıxarıb. Jurnalist kimi fəaliyyət göstərən şəxsin heç bir statistik mənbəyə, araşdırmaya və ya elmi sübuta əsaslanmadan belə iddialar yaymasından xüsusilə narahatıq.

Ekran qeydi
Paylaş