Kuirlərə nifrət iqtisadiyyatdan bəslənə bilərmi? – Nifrət dilemması

Kuirlərə nifrət iqtisadiyyatdan bəslənə bilərmi? – Nifrət dilemması

Əziz oxucu, söhbətə “nifrət”lə başladığımız üçün təəssüflənirəm. Lakin insanın sadəcə özünə aid qərarlarına görə digərləri tərəfindən qruplaşdırılmağı, başqalarının meyarlarına, arzularına uyğun gəlmədiyi üçün gözdən itsin deyə susdurulduğu, döyüldüyü, təhqir edildiyi, işgəncə gördüyü, ən təməl haqqı olan yaşamağın əlindən alındığı dünyada nifrətin olduğunu ifadə etmək belə heteronormativ nizamda qəbahət sayılır. Belə vacib bir mövzunu sadəcə təxəyyüldə canlandırmağınız yazının məqsədlərinin çox altındadır. Yazı- istifadə etdiyimiz hər cümləni, içində olduğumuz reallıqla əlaqələndirmək məqsədi daşıyır. Bu səbəbdən də istifadə etdiyimiz hər cümlənin, hər iddianın həyatımızla əlaqəsini mövzunun mahiyyəti üzrə sistemli və aydın təqdim etməyə çalışırıq. Yazı hazırda hökm sürən normativdə (normativin müxtəlif növlərində) kuirlərin davamlı məruz qaldıqları nifrətin səbəbinin mövcud sosial və siyasi vəziyyətdən doğan iqtisadiyyatla əlaqəsinə iddia edir. 

Mövzunun aktuallığı isə 1) həm mövcud iqtisadi nizamın inkişaf etməkdə olan ölkələrdə kuirlər üçün ağırlığı və bu ağırlığın azalmama stabilliyi, 2) həm də son dövrlərdə sosial şəbəkənin Azərbaycan seqmentində müşahidə etdiyimiz kuirmərkəzli diskursudur. Hansı ki, “Velizar” sosial media fenomeninin kuirliyi və xeyriyyəçiliyi digər sosial şəbəkə istifadəçiləri arasında müxtəlif platformalarda müzakirə edilir. Həmin müzakirələrdə diskurs onun kuirliyi və xeyriyyəçiliyinin arasındakı əlaqə və bu əlaqənin “ona nifrət etmək” olar-olmazı üzərində qurulub. Bu yazıda qeyd edilən diskursda 1) nifrətin pulla əlaqəsinin necə siyasi ola biləcəyini, 2) eyni zamanda siyasət aparmağı təmin edən iqtisadi zəminlə birbaşa əlaqəsini izah etməyə çalışacam.

Əziz oxucu, bu yazının faydalı ola bilməsi üçün həm izahı aydın olmalı, həm də sizə başqa pəncərədən baxdıqda görünə biləcək mənzərə verməlidir. Çünki nifrəti dayandırmağın yolu, həm də onu bəsləyən köklərin deşifrə edilməyindən keçir.

“Coğrafiya Alın Yazısıdır”

Coğrafiya fərqi– Kuir hüquqlarından danışdıqda arqumentlərin coğrafi icmadan-icmaya daha dərin detallardan asılı olduğunu nəzərə alaraq, spesifikləşdirmə edirəm ki, kuirlərin iqtisadi nizamdakı yeri dedikdə, coğrafiya fərqini nəzərə alıram. Çünki coğrafi yerləşmə iqtisadiyyata, o da öz növbəsində sivilizasiya və insan hüquqlarına təsir edir. Yazının aktuallığını vurğulayarkən nəzərdə tutulan diskurs da məhz coğrafiyanın iqtisadi təsir fərqinə diqqət çəkir. İnkişaf etməkdə olan və ya Azərbaycan kimi keçid iqtisadiyyatı olan ölkələrdə Kuirfobiya və Kuirsid (Queercide) daha geniş tüğyan edir: a) Sadəcə “sosial” nifrət kimi görünən bu məsələnin, həmin ölkələrin yerli qanunericiliklərində də mövcud olduğu ;“yadlaşdırma”, “qorumamaq”, “cəzalandırmaq” kimi siyasətlərin normativləşdirildiyi ifşalanan mövcud faktlardandır; b) bu ölkələrin çoxunda siyasi idarətmə tam və ya qismən avtoritarlıq əsasında hökm sürür; c)insanların gəlir səviyyəsi aşağıdır, ölkə iqtisadiyyatı sənayeləşmənin və insan əməyini xilas edəcək iqtisadi investisiyanın yox, məhz işçi sinfinin kapitalı, yəni insanların əmək gücü ilə ayaqda qalır. Bu məqam bizə avtoritarlığın digər üzü olan patriarxiyanın hətta bioloji cins olaraq qadın və ya kişi doğulmağın fərqi olmadan, insanı işçi kimi gördüyünü anlamağa başlayacağımız nöqtədir. 

İndi iddia edirəm ki, hətta avtoritarlıq patriarxiyanın digər üzüdür və heteronormativ avtoritarlığın “qıtlıq”, yəni iqtisadiyyat üzərindən gücü əlində saxladığı silahdır.

İddiamı əsaslandırmaq üçün birinci aydınlıq gətirməliyəm ki, niyə avtoritarlığı patriarxiyanın alt çoxluğu hesab edirəm. 

Patriarxiya kişimərkəzli nizamın kişi cinsinin gücü əsasında qurduğu hegemoniyadır. Kişimərkəzli nizamın tarix və təkamüldə necə yaranması onun indiki halını-patriarxiya modifikasiyasını-görməyimizə kömək edir. Çox halda patriarxiya diskurslarında dialoqlar cinsmərkəzli aparılır və cinslərin üstünlük rəqabətini əhatələyir. Lakin çox halda bu diskurslar patriarxiyanın qorunmasının təminatçısına çevrilir. Çünki patriarxiya məhz güc müxtəlifliklərinin rəqabətə çevrilməyindən bəslənir. 

Kişimərkəzli nizama aydınlıq gətirmək lazımdır. Əgər bir yerdə hansısa cins nizam qura bilibsə, bunun altında təkamül və tarixi faktları axtarmaq həmin sistemi və problemlərini anlamağın açarlarından olur. Çünki təkamül sistemlərin necə formalaşdığını, insanların yaşamaq uğrunda mübarizəsinin xronologiyasını verir. Həmin xronologiya insanın sağ qalmağı üçün gücünü qorumağının, qıtlığa qarşı çoxal(t)maq arzusunun necə insanlıq siyasətini formalaşdırdığını göstərir. İnsanın təkamülü deyir ki, o şüursuz arzularını şüurlu idarə etməyi, yəni siyasəti öyrəndiyi üçün sağ qalmağını təbiətin onu seçməyinin ümidinə qoymur, süni seçmədən istifadə edərək sağ qalır. Həmin süni seçmə gücün eqo ilə (eqo-şüursuzluq və şüur arasında vəhdət quran psixoloji struktur) çoxaldılmağının nəticəsində baş verir. İnsan şüuru özünü müşahidə qabiliyyətinə sahib olduğu üçün ölümü və zamanı başa düşür; və sağ qalmaq üçün onun ölümünə vəsilə ola biləcək qıtlıqlardan azad olmaq təminatı yaratmağa çalışır. Andru Heyvudun (Andrew Heywood) “Siyasət” kitabında, müəllif siyasətin-Robinzon Kruzonun düşdüyü adada illər sonra Cümənin ora gəlməsiylə başladığını ifadə edir. Onun dediklərini kontekst üzrə əlaqələndirərək belə ifadə etmək olar: siyasət digəri ilə paylaşmalı olduğumuz o qıt resurları idarə etmək üçün ağıl yürütmək işidir. Psixologiyada ağılı bu cür definisiyalaşdıra bilirik: ağıl-problemi həll etmək bacarığıdır.

Yaşamaq üçün yaratdığımız siyasətdə rollarımız necə təkamül edib?

Söhbətə ağılla davam etmək lazımdır; çünki bu rol bölgüsünü anlamağın şərtidir. Bu həmçinin hazırda hökm sürən cins və gender əsaslı “kim daha çox ağıllıdır, kim daha çox intellektualdır?!” rəqabətini də anlamağımıza zəmin yaradacaq. İcazənizlə bunu psixoloji zəmindən izah etmək istəyirəm; bu vasitə ilə biz təkamül məktəbini nəzərə alan psixoloji optikaya istinad edəcəyik. Ağıl və intellekt psixologiyada idrak proseslərini öyrənən bölmələrdən birinin-təfəkkürün (düşünmənin) içində öyrənilməyə başlayır. Təkamül bizə deyir ki, insan təfəkkürü duymağın, qavramağın, yadda saxlaya bilməyin əsasında yaranıb və inkişaf etdikcə nitqə və hazırda öyündüyümüz intellektuallığa töhfə verir. Yəni bizi heyvanlar aləmindəki digər canlılardan fərqləndirə bilən əsas amil, sağ qalmaqla, gələcək mövcudiyyət üçün indiki anı müşahidə edib, anlamaqdan keçir. 

İlk insanlar mağaradan qurtulmağın yoluna əmək bölgüsünün siyasətini yaratmaqla nail olublar. Ehtiyaclar qiymətləndirib: azuqə tapılmalı, depolanmalı və qorunmalıdır. Bunu edə bilməyin yolu ilk insanın siyasi təfəkkürünün məhz iqtisadi düşüncəylə başladığını izah edir. Həmin iqtisadi siyasət rol bölgüsünün əsasını qoyub. Rol bölgüsünü edə biləcək təfəkkür məhz onun artıq duyub, qavrayıb yadda saxladığı reallıqlar əsasında baş verib. 

İlk insan reallığında insanlar özlərini, bədənlərini və başqasını kəşf edirdilər. Bu kəşf onlara çoxalma proseslərini anlamağa kömək edib. Yəni insanın necə əmələ gəldiyini-öz təbiətlərini-anlamaqları həmin rol bölgüsünün əsasını yaradıb. Bununla da onlar insan hamiləliyi və bunun müddətli mərhələ olduğunu anlayıblar. İnsanlar şüursuzca çoxala-çoxala müddət və qıtlıq əlaqəsini kəşf ediblər. 

Psixologiyada ağıl və intellekti kobud formada ənənəvi bir nümunə üzərindən vermək olar: əgər həll olunabilən X problemini 10 nəfərdən 6-sı həll edə bilirsə, həmin 6 nəfərə ağıllı deyirik. Həmin 6 nəfərin içində nəticəni daha tez və ya az güc sərf edərək tapanlar isə ağıl siyasətində sürətli olduqları üçün intellektual sayılır. Yəni intellektuallıq ağlın nəzərdə tutulan problem üzrə siyasətçiliyinin nəticəsidir. 

Həmin ağıl siyasəti bizi faydalı iş əmsalına, oradan da insanların ilkin rol bölgüsünə gətirib çıxarır. Çoxalmağı, onun üzərindən təqvimi, həmin təqvim üzrə iş qabiliyyətlərini ölçə biləndə, insanlar bədənlərinə dair baş verən dəyişikliyi təbiətin (bilinməyən qüvvənin) onlara göndərdiyi mesaj olaraq da qəbul edirdilər. Bununla da onlar təbiətin verdiklərini qorumağı (odu, qidanı, doğulacaq uşağı, məskunlaşdıqları yeri və s.), təbiətin onları “cəzalandırdığı” dövrlərdə, yəni qıtlıq zamanında çətinliklərlə başa çıxmağı və təbiətin yenidən “bağışlayacağı” vaxta qədər gözləməyi öyrəndilər.Həmin idarəetmənin kompası təbiət olduğu üçün, orada təbiətdən gələn ilkin fərqlər əsasında maksimum yığıcılıq siyasəti faydalı işi formalaşdırdı. Yəni təbiət təqviminə uyğun bədənlərimiz dəyişə bilər və biz əmək qabiliyyətimizi ovçuluq üzrə itirə bilərik. 

Bununla da ağıl siyasəti qidaları və onları bir yerə yığmağın təbiətə uyğun versiyasını yaratdı: sürətlə gətiriləcək qidanı sürəti məhdudlaşmayanlar, yavaş gətirilməsi mümkün olan qidanı sürət məhdudiyyəti olanlar gətirəcəkdi. Beləcə də kollektiv və təbiət əsaslı rol bölgüsü yaranıb.

Bu inancın digər sübutu qocalara, xəstələrə neandertalların və kromanyonların münasibət fərqidir. İnsan anatomiyası deyir ki, insan sümüklərini incələyəndə onların necə öldüklərinin təxmin edilmə metodikası var. Hazırda tarix və təkamül  neandertalları birbaşa əcdadımız yox, insana qohum növ olaraq; Kromanyonları isə müasir insan nəslinin, yəni Homo Sapiensin erkən nümayəndələri olaraq görür.

Neandertalların və Homo Sapiensin icmalarına münasibət fərqi onların adət-ənənə, ələlxüsus dəfn üsullarındakı fərqlərində müşahidə edilir. 

Homo Sapiensin ilk nümayəndələri olan-kromanyonlar,  insanın yaxın qohumu olan- neandertallardan fərqli olaraq, qıtlıq zamanı qocaları, xəstələri yemirdiləri, onlara hörmət ifadə olunurdu. Buradan Homo Sapiensin qıtlığı aradan qaldırmaq siyasətiylə insanı bir-birinin ətinə möhtac vəziyyətdən xilas etdiyi hasil olur.  

Alfa kişinin qaynağı

Ovlamaq, gücü və sürəti olan canlıları ələ keçirmək bacarığı idi. Ona görə də kim nə qədər güclü və sürətli heyvanı ovlaya bilibsə, o da bir o qədər güclü sayılıb. Çünki güc çöldən güc göstərərək ət gətirə bilmək bacarığı kimi dəyərləndirilirdi: “ölmür, əksinə öldürə bilir”; “qorxmur, döyüşür, alır.”  Bu ağlınıza “döyülüb gəlmə, vuranda sən də vur” deyə uşağını öyrədən valideynlərin hərəkətinin nə qədər təkamül əsaslı və sivilizasiya əlehdarı olduğunu xatırlada bilər. Froyd (S.Freud) deyirdi ki, “daş atmaq əvəzinə söyüş söyən ilk insan sivilizasiyanın təməlini qoyub”. 

Çünki güc nümayiş etdiriləndə kollektivə fayda verib və bu fayda imtiyaz yaradıb. Ona görə cəmiyyətdə güclü kişi qoruyucu kişi kimi asossassiya edilir. Bu nöqtə insanların sosial təkamüldə geyliyə, ələlxüsus passiv geyliyə fobiyasını anlamağa başlamaq üçün zəmindir. Çünki ilkin dövrdəki mədəniyyətə görə öldürə bilən kişi güclü kişidir, o həm özünü, həm digərlərini qoruya, qidalandıra bilir. Bununla da o qıtlığa qarşı kişi cinsi çərçivəsində müqavimət simvoluna çevrilir: ona verilən rolu yüksək nəticə ilə tamamlayıb faydalı olduğunu isbat etmiş olur. Yəqin ki, Koroğlu və Dədə-Qorqud dastanlarında advermə üçün oğlanın qəhrəmanlıq etməli olduğunu, ad almağa layiqliyini nümayiş etdirməli olduğunu xatırlayarsınız. Sadəcə ovçuluq yox, eləcə də başqa bir canlıyla mübarizə üçün də güc dominantlıq qazandırıb. 

Yavaşların insanlığı ovçuluq məcburiyyətindən azad edəcək rol və müşahidələri

Rol bölgüsündə təbiətdə bitən bitkiləri qidalanmaq üçün toplamaq isə hərəkət sürəti məhdud olanların, yəni çoxluğu bioloji cinsiyyəti qadın olanlardan təşkil olunmuş yavaşların üstünə düşürdü (bura bəlli yaşa qədər oğlan uşaqlarını, qız uşaqlarını, qocaları, xəstələri və s. aid etmək olar). Bu insanın ovlamadan təbiətdən topladığı qidaları əhatə edirdi. Eyni zamanda odun qorunması və ovun, toplanan bitkilərin bişirilməsi mağarada, evdə qalanların üstünə düşürdü. Zamanla yavaşlar bitkilərin təqvimlərini, bitmə, çoxalma şərtlərini anlayıb əkinçiliyi kəşf etdilər. Beləliklə ovçuluq üzərindən təmin edilən qidadan, yəni ovçuluqdan asılılıq azalmağa başladı. Yavaşlar əkinçiliyi kəşf etməklə, təbiətdən müstəqil bəhrə almağın yolunu tapıb qida üzrə qıtlıq riskini azaltmağa töhfə verdilər. Eyni zamanda qidaların bişirilməsi güc istifadəsininin zərurətini azaltdı və ağız-çənə quruluşunun incəlməsinə, insan estetikasının yaranmağına, dolayı yolla onun bioloji inkişafına gətirib çıxartdı. 

Bunlarla yanaşı, qidaya dair qıtlıq qorxusunun aradan qalxması, insanları müntəzəm qida axtarışdan xilas etdi. Təbiəti, eyni zamanda ondan qorunmağın yollarını düşünüb kəşf edəcək zaman və bunun əsasında da ixtisaslaşmalar yaratdı. Nəticədə yavaşların kəşfi oturaq həyata keçidi və natural təsərrüfatı yaratdı. Bu da alfalara qərar vermək sürətini göstərə biləcəkləri başqa fürsətlər tanıdı: adekvat dəyişmə edəcək qədər intellektual olmalı və ya lazım gəlsə, güc tətbiq edərək mənimsəməlidir. Zamanla ticarətin inkişafı alfalığı sürət və alış-verişə razı salma siyasəti üzərində davam etdirdi. 

Buradakı intellektuallığa diqqət çəkmək istəyirəm və beləliklə kişimərkəzli intellekt davalarının şərtlərdən asılılığını xatırlatmaq istəyirəm. Yuxarıda idrak proseslərinin tərkibində vurğuladığım yaddaş təcrübə əsaslı formalaşan bazadır. İntellektuallıq isə yaddaşdan bəslənən amildir. Bu səbəbdən də intellektuallığı ölçdüyü iddia edilən oyunların çoxu yaddaş və onun siyasəti əsaslıdır. Məhz bu nöqtədə intellektuallığın dolayı yolla təcrübədən asılı olduğu hasil olur. Təcrübə-intellektuallıq göstərə biləcəyin zəmindir. 

Yəni təcrübə insanların intellektuallığına təsir edən əsas amillərdən biridir. Fərqli təcrübələr yaşayan qruplar fərqli sahələrdə intellektuallıq göstərə bilirlər və onların şərtləri eyni olmadığı üçün, təcrübə etmədiyi problemlə sınanan, onu dəfələrlə təcrübə edənlə bərabər nöqtədə dayanmış olmur.

Cinsi Seleksiya-Nəsil və Miras Davamçısı

Doğmaq potensialına görə hərəkəti zəifləyən qadınlar və sürəti, imtiyazı alfa kişi imtiyazından zəif olan kişilər ticarət və səfər üçün sərfəli deyildilər. Bioloji kişi- doğmaq potensialı olmadığı üçün davamlı, güclü hesab edilir. Bu mənzərəni belə ifadə etmək mümkündürsə, təbiət kişi cinsiyyətini qadın olmaqdan-vaginal penitrasiyadan, hamiləlikdən, bədəninin nəsil artırarkən dəyişməsindən qoruyur.  Məhz bu səbəbdən də bioloji funksiya fərqi onların səfər, səyahət təcrübələrinə təsir edən əsas amillərdən idi. Lakin buradakı digər problemli məsələ bu sistemdə alfalığın dominantlıq qazanmağa davam etməsidir. Çünki qıt resurs alfalara etibar edilirdi; alfalar imtiyazını istifadə edərək hansısa kişinin dominasiyasına müqavimət göstərə, hətta təsir altına sala bilərdi.

Patriarxiya tarixi kişi gücünün alfalığa çevrildiyi zaman başlayıb.

Oğlan uşağının alfalıq potensialını anlayan ilk zehin cinsi seleksiyanın əsasını qoymuş ola bilər. Çünki 1) səfər edə, gəzib-görüb-götürüb gətirə biləcək, 2) nəsil artırma zamanı daşıyıcı olmayacaq, 3) 9 ay ərzində bir yox, çox nəsil artırmaq fürsəti var, 4) nəslini artırmaq üçün istifadə edəcəyi qadınların başqasıyla çoxalma potensialına nəzarət etmək daha rahatdır. Beləliklə oğlan uşaqlarının başqasının nəslini davam etdirəcək daşıyıcı olmaq riski olmadığı üçün onları nəsil ağıcına çeviriblər. Nəsil ağacı ailə ənənəsində mirası qorumaq və yaşatmaq funksiyası daşıyır. Yəqin ki, artıq mirasın niyə ailədə ən çox alfa/güclü kişilər arasında bölündüyünü, onlara daha çox haqq tanındığını anlamaq rahatlaşar.

Evdən Çıxa Bilən Qərar Verə Bilənə Çevrilir

Kişilərin toplaşıb siyasət elədiyi, hüquqları, iqtisadiyyatı təyin etdikləri vaxt çöldəki alfalar evdəkilərin yerinə də ailə başçısı olaraq qərar verə biləcəklərini bəyan edirdilər. Çünki kapitalın miras sahibi kim idisə, onun sözü keçirdi. Kapitalın əldə olunmasında rol oynayan alfalar, bir o qədər də söz sahibi və qorumaq potensialında hesab edilir. 

Məhz bu səbəbdən də kapital oyunları alfalıq üzərindən dəyərləndirilir: pul kimdədirsə, güc ondadır. Güc alfalığa, alfalıq daha çox gücə, daha çox güc imtiyaz və mirasa, bu da öz növbəsində kapitala gətirib çıxardır. Bu nöqtədə də artıq daha rahat başa düşmək olur ki, heteronormativ və alternativliyin rəddi alfalığı, dolayı yolla kapitalı əldə saxlamaq üçün ən böyük zəmindir.   

Kuirfobiyanın Ailədə və Siyasətdə Yeri

Kuirfobiya patriarxiyanın əsas narahatlığından biridir. Kuirfobiya avtoritar sistemlərin fobiyasıdır və bu səbəbdən də heteronormativi qorumaq üçün kuirfobiyanı yayır və bəsləyir. Avtoritar sistem buna niyə ehtiyac duysun?

Çünki dövlət öz mövcudluğunun zəruriliyini, insanların problemlərini həll etmək üçün olduğunu bəyan edir. Bu problemlərin başında təkamüldən bəri gəldiyimiz qıtlıqla mübarizə və bununla məşğul olan iqtisadiyyat dayanır. Dövləti idarə edən hakimiyyət isə öz siyasəti ilə problemləri aradan qaldırdığını iddia edir. Amma hakimiyyət cəmiyyətdəki kişi gücü əsasında hegemoniyanı dəstəkləyəndə o patriaxiya əsasında avtoritarlıq qurur və onları təkamül etməyə, sivilləşməyə, yaradıcılıqla məşğul olmağa qoymur. Avtoritar idarəetmənin insanın yaradıcılığına münasibəti kuirfobluğunu göstərən ən böyük amildir:

Avtoritar idarəetmə üçün əhalinin sayı, artımı vacib məsələdir. Həmin ölkələrdə baş verən müharibələr, hərbi konfliktlər və s. (insan itkisinə qarşı) bunun dolayı göstəricilərindəndir. Eyni zamanda birbaşa göstərici iqtisadiyyatdır. Dövlətə sərf edir ki, iki insan ailə qursun, ailə mümkün qədər geniş olsun. Ailə büdcəsi ailə fərdlərinin ayrı yaşamaq üçün ehtiyac duyduqları şəxsi büdcələrdən xeyli azdır. Bu da ailənin az büdcə ilə birlikdə yaşayan bir neçə insandan ibarət olduğu deməkdir.

Əgər şəxs doğmaqdan və ya doğuzdurmaqdan imtina edirsə, dövlətin çoxalma maşını olmaqdan çıxır. Bununla da dövlət 1) onlar üzərində çoxalma üzərindən nəzarət funksiyasını itirir; eyni zamanda 2) onların miras yaratmaq, ötürmək potensiallarını zəif görür, yəni onlarda heteronormativin nəsildən-nəsilə ötürdüyü alfa kapitalı daşımaq istəyi görmür.

Eyni zamanda bir şəxsin ailədən ayrılaraq ailə qurmadan müstəqil yaşaması daha çox kapital tələb edir. Siyasi idaretmədən tələbi olan şəxs onun alətinə çevrilmirsə, bu həmin idarəetmə üçün fobiyaya çevrilir: çoxalmır, hərbiyə getmir, aza qane olmur, məndən haqqını tam istəyir.

Bu səbəbdən də dövlət alfaların gücünə investisiya edərək norma yaradır: güclü olan kapitala sahib olacaq və o yaşaya biləcək. Beləliklə, alfa kişi diskursu patriarxiyanın əsas qəhrəmanı halına gətirilir və cəmiyyət onun vasitəsilə qorxudulur, idarə edilir. 

İqtisadi inkişafı yaxşı getməyən ölkələrdə kuirfobiyanın digər səbəbi alfa olmayan kəslərin gücündən ucuz işçi qüvvəsi kimi istifadə etməkləridir. Ələlxüsus bioloji kişinin “cinsini dəyişdirməsi” alfalıq üçün ciddi təhlükə simvoludur. Çünki o sistem tərəfindən alfalığın qorumaq istədiyi rol və imtiyaz bölgüsündən çıxır və digərlərinə “pis nümunə” olur. Azadlığın alınması və nümayişi avtoritarlığın (alfalığın) reallığının zədələnməsidir.

“Pis Nümunə”-Yaxşı Nümunə

Avtoritar idarəetmələrdə kuirfobiyanı izolyasiya və nifrətlə bəsləyirlər. Kuirlərin alfalıq dəyərləndirməsindən müstəqil olan yaradıcılıq və əmək qabiliyyətləri belə, onlara qarşı “yerlərini” xatırlatmaq üçün sınağa çevrilir və nəticədə kuirlər alfalıq standartlarına uyğun gəlmədikləri üçün heteronormativ nizamda diskriminasiyaya məruz qalırlar. Həmin diskriminasiya nəticəsində alfalıqdan kənar qaldıqda həm iqtisadi qıtlığı idarə etmək üçün işləmək haqqı əllərindən alınır, sosiallaşmaq hüquqları məhdudlaşdırılır, həm də icmalaşmaq, icmadan dəstək almaq çətinləşir. Beləliklə, dövlət kuirin dönüb alfa olması və ya alfalığa biət etməsi üçün onu bütün resurslarından istifadə edərək sistemin divarlarına sıxmağa çalışır.

Burada ən çox göstərilən nümunə kuirlərin seks işçiliyi etmələri olur. Lakin sistem məhz onları “pis nümunə” halında təqdim edə bilmək və istismar yaşatmaq üçün bütün iqtisadi imkanlarını məhdudlaşdırır. Beləliklə, seks işçiliyi öz kimliyini, şəxsiyyətini qorumaq istəyən kuirlər üçün avtoritarlıqda sağ qalma mübarizəsinə çevrilir. Cəmiyyətə o həyatın mübarizə tərəfi yox, “zövq azğınlığı” görüntüsü tirajlanır. 

Velizar adlı TikToker isə canlı yayım vasitəsilə öz kimliyini heteronormativdəki tabulara rəğmən açıq şəkildə ifadə edən və insanlarla sosial şəbəkə vasitəsilə ünsiyyətdə olan kuirdir. Canlı yayımına gələn hədiyyələrdən, pullardan bir neçə ehtiyac sahibinə kömək edib. Bu məsələ ətrafında gedən müzakirələrdə insanlar onun “kuir olsa da, yaxşı insan olduğuna dair” rəylər yazırlar. Onun yaxşı və pis kimi dəyərləndirməsinin meyyarı isə sosial ədalətə münasibəti ilə ölçülür.

Bu məsələ Azərbaycan kimi heteronormativliyin hökm sürdüyü yerdə kişinin alfalıqdan başqa kapital sahibi olmaq potensialının olmadığı düşüncəsindən qaynaqlanır. Çünki bir kuir ailə nizamından çıxırsa, cəmiyyət onun “kişi kimi pul qazanmaq” funksiyasını itirdiyinə, “özünü satmaqdan başqa variantının olmayacağına” inanır. Hansısa kuirin yaxşı yaşadığını və özünü satmadığını görmək avtoritarlığın yaratdığı alfa normativindən kənarda da yaşamağın mövcud olduğuna inandırır. 

Lakin bu dəfə də həmin kuir məhz pulu olduğu üçün və kömək etdiyi üçün yaxşı sayılır. Dolayı yolla pula sahib olan “yaxşı”, pula sahib olmayan isə “pis”dir. “Pis və yaxşının” idarəetmədəki mənası şəxsin və ya sistemin digərləri üçün faydalı və faydasız görünməyindən keçir.

Müəllif: Nərmin Şahmarzadə

Paylaş