Trans qadın ailəsi tərəfindən döyülüb, saçı qırxılıb

Trans qadın ailəsi tərəfindən döyülüb, saçı qırxılıb

Rayonların birində yaşayan gənc trans qadın ailəsi tərəfindən zorakılıq gördüyü üçün gizlicə evdən qaçmalı olub.

Qıy Vaar!-a danışan Aygün (ad şərtidir) ona qarşı təzyiqlərin kolleci bitirib rayona geri döndükdən sonra başladığını deyir.

“Bir az saç uzadmağa, bir az makyaj etməyə haradasa 2 il öncə başlamışam. Saç uzatdığım ərəfələrdə kolleci bitirib rayona döndüyümdə evdə bir mübahisə yaşadım və onlar saçımı kəsdirməyimi istədilər. Ailəmin məcburiyyəti ilə, onlara boyun əyib saçımı kəsdirdim, amma makyaj etməyə davam edirdim. Bunun üzərinə evdə çox döyüldüm, təhqir olundum, hədələndim.

“Özünü düzəltməsən belə edəcəyik, elə edəcəyik” formasında təhdid edirdilər davamlı. Bu mərhələdə artıq ailəmin təhdidi ilə öz ixtisasım üzrə bir iş tapmaq yoluna qoyuldum. İş üçün praktikaya gedirdim, amma ora gedəndə də trans qadın kimi bəzənib, kapşon geyinib gedirdim. Ailəm bundan da çox narahat idi. Və mən TikTok-a başlamışdım, canlı yayımlar açırdım”.

TikTok platformasında canlı yayımlar açdıqdan sonra telefonunun əlindən alındığını deyən gənc, hadisələrin bundan sonra şiddətləndiyini bildirir.

“Normal söhbətlər edirdim, artıq-əskik nəsə danışmırdım. Sadəcə yenə də “sən makyajlı, trans qadın kimi görünürsən, adımızı batırırsan” deyib dəfələrlə telefonumu əlimdən alırdılar. Hər dəfə “özümü düzəldəcəm” sözü verib bir şəkildə telefonu geri alırdım. Maddi gücüm olmadığı üçün də evdən ayrıla bilmirdim. Neçə dəfə qaçmağa cəhd etsəm də boşa çıxıb.

Yenə saçımı uzadmağa başlamışdım. Bu zaman qardaşım məni döydü, evdəkilər zorla, döyərək saçımı kəsdilər. Bir müddət keçdikdən sonra yenə telefonumu əlimdən almağa başladılar”.

Sırf qaşımı aldığım üçün stəkanı başıma tullamışdı

O, qeyd edir ki, ailə zorakılığı ilə yanaşı rayon yerində açıq kimliyi ilə yaşaması da həyatını çətinləşdirib.

“Həmin gecə qardaşım məni çox pis döydü. Dedi “əgər dəyişilsən, səni öldürəcəyik, harda olsan tapıb başını kəsəcəyik, atan da bezib, biabır olmuşuq”.

Sırf qaşımı aldığım üçün stəkanı başıma tullamışdı. Bu qədər təhqir, bu qədər alçaldılma, üstəlik də rayonda yaşayıram və rayon yerində görünən trans qadın olmaq mənim üçün ekstraçətin idi. Hər kəsin nəzəri üzərimdə idi. Hər kəs məni lağa qoyaraq, alçaldaraq incitməyə çalışırdı. Mən yenə də bunlar qarşısında güclü qalmağa çalışırdım”.

Bir şəkildə gəlib Bakıya çatdım

Aygün sonuncu dəfə 3 gün öncə döyüldüyünü, telefonunun əlindən alındığını bildirir. Bundan sonra o, gecə ilə evdən qaçaraq Bakıya gəlməyə müvəffəq olub.

“Haradasa 3 gün öncə qardaşımla mübahisə yaşadım. O, mənə telefonumu bir daha görməyəcəyimi dedi. “Sən öləcəksən, heç vaxt qadın ola bilməyəcəksən, heç vaxt istədiyin şey olmayacaq!” deyə təhdid edirdi qardaşım.

Deyirdi ki, “sən burda öləcəksən” və əsas mənim dərsimi səhər verəcək. Mən çarəsiz qaldığımdan gecə ilə evdən qaçdım. Telefonsuz formada, üzərimdə 1-2 manat pulumla uzaqlaşa bildiyim qədər uzaqlaşmaq üçün evdən çıxdım. Bir şəkildə gəlib Bakıya çatdım”.

“Heç bir yerdə iş tapa bilmirəm”

Bakıda iş axtarsa da hələ tapa bilmədiyini deyən gənc kuir, küçədə yaşamaqla üz-üzədir.

“Burada 3 gündür hosteldə qalıram. Ancaq növbəti günlər üçün ödəniş etməyə pulum yoxdur. Sağ olsun ki, hosteldə qalan başqa bir qız mənim vəziyyətimi görüb 1 gün daha çox qalmağım üçün ödəniş etdi. Ancaq sabahdan sonra küçədə qalmış olacam. Özümü çox çarəsiz hiss edirəm.

Bakıya gəldiyim gündən iş axtarıram. Tarqovı, 28 May, Nərimanov – hər yanı gəzmişəm. Bütün iş yerləri deyir ki, xəbər edəcəklər. İstəyirəm evimi qarşılaya biləcəyim, özümə yemək ala biləcəyim formada işləyib pul qazanım, müstəqil şəkildə həyatımı yaşayım.

İcma yoldaşlarımla, digər trans qadınlarla hosteldə qalan şəxslərin telefonları vasitəsilə əlaqə saxlamağa çalışıram. Hosteldə qalan digər adamlar mənim oriyentasiyamı bilmirlər. Sadəcə hostelin personalı şəxsiyyət vəsiqəmi gördüyü üçün trans qadın olduğumu bilir. Onlar mənə çox yaxşı davranırlar”, – Aygün sözlərinə əlavə edir.

Paylaş