BMT məruzəçiləri Ülviyyə Əlinin həbsi ilə bağlı Azərbaycandan izahat tələb edir

BMT məruzəçiləri Ülviyyə Əlinin həbsi ilə bağlı Azərbaycandan izahat tələb edir

BMT-nin üç Xüsusi Məruzəçisi müstəqil jurnalist, “Amerikanın Səsi”nin müxbiri Ülviyyə Əlinin həbsi, saxlanma şəraiti və ona qarşı rəftarla bağlı Azərbaycan hökumətinə rəsmi müraciət ünvanlayıb. Azadlıq Qəzeti-nə istinadən yayılan məlumata görə, hökumətə cavab vermək üçün 60 gün vaxt verilib. Bu müddət bitdikdən sonra müraciət və veriləcək cavab BMT-nin hesabat platformasında ictimaiyyətə açıqlana bilər.

Müstəqil jurnalist, daha əvvəl də QueeRadar platforması tərəfindən Azərbaycanda LGBTQ+ mövzularına tövhələrinə görə mükafata layiq görülmüş Ülviyyə Əli ilə bağlı məhkəmə prosesi 16 yanvar 2025-ci ildə başlayıb. O, “Meydan TV işi” çərçivəsində əvvəlcə şahid kimi dindirilməyə çağırılıb və ölkədən çıxışına qadağa qoyulub. Bu qərardan verdiyi şikayət isə 5 may 2025-ci ildə məhkəmə tərəfindən rədd edilib.

Jurnalist 6 may 2025-ci il gecəsi, məhkəmə prosesini işıqlandırdıqdan qısa müddət sonra saxlanılıb. Onun sözlərinə görə, polis mənzilə daxil olarkən və ev yoldaşını çağırmaq istədikdə, bir əməkdaş onun ağzını və burnunu tutaraq nəfəs almasını məhdudlaşdırıb. Həbs zamanı vəkilə çıxış imkanı verilməyib. Axtarışın aparılması da ciddi pozuntularla müşayiət olunub. Hal şahidlərinin prosesdə iştirak etmədiyi, bəzilərinin protokolu axtarış bitmədən imzaladığı bildirilir. Jurnalistin ev yoldaşının isə axtarışa tam şəkildə qatılmasına icazə verilməyib. Daha sonra Ülviyyənin istifadə etmədiyini bildirdiyi çamadandan nağd pul “tapıldığı” iddia olunub. O, bu pulların ona məxsus olmadığını və polis tərəfindən yerləşdirildiyini deyir. Pulların əlcəksiz sayıldığı da qeyd olunur.

Sənəddə saxlanma vaxtı ilə bağlı uyğunsuzluq da vurğulanır. Belə ki, faktiki saxlanma tarixindən fərqli olaraq, rəsmi sənədlərdə başqa tarix göstərildiyi bildirilir.

Ülviyyə Əli Bakı Şəhər Baş Polis İdarəsində saxlanılarkən ona qarşı zorakılıq tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, polis əməkdaşları telefon və kompüter şifrələrini tələb edib, imtina etdikdə isə baş nahiyəsinə zərbələr endirilib və elektroşok tətbiqi ilə hədələnib. Bundan əlavə, ona qarşı cinsi zorakılıq xarakterli təhdidlər səsləndirilib. Bu barədə şikayət etdikdə isə müstəntiqin reaksiya vermədiyi qeyd olunur.
Növbəti gün jurnalistin telefonu onun razılığı olmadan “Face ID” vasitəsilə açılıb, daha sonra isə “Telegram” şifrəsi tələb edilib. O, bundan imtina etdikdə təzyiq və hədələrlə üzləşdiyini bildirib.

7 may 2025-ci ildə Ülviyyə Əliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb və o, “Meydan TV işi” üzrə həbs edilən jurnalistlərdən biri olub. Həmin vaxtdan bəri o, istintaq təcridxanasında saxlanılır. Ev dustaqlığı ilə əvəzlənmə barədə vəsatətləri dəfələrlə rədd edilib, apellyasiya şikayətləri isə əsaslandırılmadan geri qaytarılıb./

Sənəddə jurnalistin saxlanma şəraitinə də diqqət çəkilir. Ülviyyə Əlinin vəkilləri ilə görüşünə uzun müddət icazə verilmədiyi, müdafiə hüququnun məhdudlaşdırıldığı bildirilir. Eyni zamanda onun sağlamlıq vəziyyətinin pisləşdiyi, lakin lazımi tibbi yardımın göstərilmədiyi qeyd olunur. MRT və digər müayinələr üçün edilən müraciətlər rədd edilib, sonradan isə onda yeni sağlamlıq problemlərinin aşkarlandığı bildirilir.

BMT məruzəçiləri bu işdə bir sıra beynəlxalq hüquq normalarının mümkün pozuntularını qeyd edir. Bunlara Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsi (özbaşına həbs), 14-cü maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) və 19-cu maddəsi (ifadə azadlığı) daxildir. Həmçinin qadınlara qarşı zorakılıqla bağlı öhdəliklər və saxlanılan şəxslərin hüquqları ilə bağlı beynəlxalq standartların pozulduğu bildirilir.

Məruzəçilər Azərbaycan hökumətini Ülviyyə Əlinin fiziki və psixoloji təhlükəsizliyini təmin etməyə, ona adekvat tibbi yardım göstərməyə, vəkillə sərbəst ünsiyyət imkanını bərpa etməyə və zorakılıq iddialarını müstəqil şəkildə araşdırmağa çağırır. Bundan əlavə, jurnalistin həbsinin zəruriliyi və mütənasibliyinin yenidən qiymətləndirilməsi tələb olunur.

Paylaş