
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elman Rüstəmovun sədrliyi ilə kuir gənc Rüzgarın qətli ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə Rüzgarın qatili olan Babək İbadovun vəkili onun anlaqlı durumda olub-olmamasının yoxlanılması üçün vəsatət qaldırıb. Vəkil bu vəsatəti bundan öncəki məhkəmə prosesində də qaldırmış, Babək İbadovun psixiatrik ekspertizadan keçirilməsini istəmişdi.
Məhkəmə bu prosesdə də vəsatəti təmin etməyib.
Babək İbadovun vəkilinin qaldırdığı bir digər vəsatət təkrar kriminalistik ekspertizanın keçirilməsi ilə bağlı olub. Hakim heyəti bu vəsatətin də təmin olunmaması qərarı çıxarıb.
Dövlət ittihamçısı öz çıxışını etməsi üçün məhkəmədən vaxt istəyib.
Növbəti prosesdə dövlət ittihamçısının məhkəmədən Babək İbadova necə bir cəza verilməsini istəyəcəyi gözlənilir.
Bir sonrakı proses 13 aprel saat 10:45-ə təyin edilib.
Qeyd edək ki, Azərbaycan hüquq sistemində təqsirləndirilən şəxslərin cəzadan yayınmaq üçün psixi vəziyyətlərində problem olduğunu əsas gətirməsi və həbsxana yerinə psixiatriya xəstəxanasında müalicəyə göndərilməsi ənənəsi var. Bu halları tez-tez rüşvət iddiaları da müşayiət edir.
19 yaşlı kuir gənc Rüzgar ötən ilin noyabrın 6-da əmisi Babək İbadov tərəfindən “Tarqovı”nın arxa küçələrindən biri olan Bəşir Səfəroğluda qətlə yetirilib. Onun Türkiyədə yaşadığı, sadəcə xarici pasportunu yeniləmək üçün 10 günlük Azərbaycana gəldiyi bildirilirdi.