
Bakıda 10 nəfərin iştirakı ilə icma görüşü keçirilib. Görüş psixoloqun iştirakı ilə baş tutub və iştirakçılar təhlükəsiz mühitdə şəxsi təcrübələrini bölüşmək imkanı əldə ediblər.
Tədbir zamanı ailə və məişət problemləri, uzunmüddətli sosial izolyasiyanın psixoloji təsirləri və işsizlik kimi mövzular müzakirə olunub. İştirakçılar gündəlik həyatda qarşılaşdıqları çətinliklərdən, ailədaxili anlaşılmazlıqlardan və sosial təcridin yaratdığı təzyiq hissindən danışıblar. Psixoloq isə stress, təşviş və özünüqiymətləndirmə problemləri ilə bağlı ümumi məlumat verib, emosional tənzimləmə və ünsiyyət bacarıqları barədə praktik tövsiyələr səsləndirib.
Görüşün əsas məqsədi iştirakçılar arasında qarşılıqlı dəstək mühitinin formalaşdırılması olub. Qapalı və təhlükəsiz format insanlara öz hekayələrini açıq şəkildə paylaşmağa imkan yaranıb.
İştirakçılar bir-biri ilə əlaqə quraraq yeni münasibətlər formalaşdırıblar, gələcəkdə oxşar görüşlərin davam etdirilməsinə ehtiyac olduğunu qeyd ediblər. İştirakçılar deyir ki, psixoloji dəstək və icma əsaslı təşəbbüslərin davamlı şəkildə təşkil olunmasının sosial izolyasiyanın azaldılmasına və fərdlərin rifahının gücləndirilməsinə töhfə verə bilər.
Təşkilatçılar qeyd edir ki, kiçik qrup formatında keçirilən bu cür görüşlər xüsusilə diskriminasiyaya məruz qalan və ya marginallaşdırılmış mühitdə yaşayan insanlar üçün həm emosional dayaq, həm də sosial şəbəkə qurmaq baxımından vacibdir. Bu tip təşəbbüslər fərdi problemlərin ictimai kontekstdə anlaşılmasına və kollektiv həll yollarının axtarılmasına şərait yaradır.